Paşinyana ad günü "sürprizi" - İSTEFASI TƏLƏB OLUNDU: "Yalanın doğumu!"

Baxış sayı:
7877

Ermənistan polisi ölkənin müxtəlif şəhərlərində şənbə günü 14 nəfərin saxlanıldığı haqqında sosial şəbəkələr və KİV-lərdə yayılan məlumatı təsdiq edib. Daha əvvəl sosial şəbəkələrdə və yerli informasiya vasitələrində Ermənistan paytaxtı və başqa şəhərlərində "#SutNikol" və "#StiTsnund" ("yalançı Nikol" və "yalanın doğumu" kimi tərcümə olunan) həştəqlər altında vətəndaş aksiyaları keçirən "Adekvad" hərəkatının 29 üzvünün həbs olunduğu haqqında məlumat yayılmışdı. Hərəkatın Facebook səhifəsində dərc edilmiş məlumata görə, aksiyada 80-dən çox fəal iştirak edib. Aksiyalar Ermənistan baş naziri Nikol Paşinyanın anadan olması gününə aid edilib. Polisin rəsmi məlumatına görə, iyunun 1-də paytaxt Yerevanda tutulub saxlanılan 14 nəfərin ikisi üzrə "Ermənistan Respublikası inzibati qanun pozuntuları haqqında" məcəlləsinin 182-ci maddəsinə (vəzifə borcunu yerinə yetirən hüquq-mühafizə orqanı işçisinin qanuni tələbinə tabe olmamaq) əsasən protokol tərtib edilib, dördü - 140-cı maddəyə əsasən (yollar, dəmiryolları və yolların digər mühəndis-texniki qurğularına zərər vurmaq) ittiham olunur, qalan aksiya iştirakçılarının üstündə şəxsiyyəti təsdiq edən sənəd olmayıb. Son məlumatlara görə, tutulub saxlanılanların hamısı artıq buraxılıb. Rayonlarda saxlanılanların sayı barədə hələ məlumat yoxdur. Aksiya iştirakçıları yol boyunca quraşdırılmış sürət ölçən cihazların üzərinə öz həştəqləri ilə ifadə edilən çağırışlarını həkk edirdi. Bununla onlar Nikol Paşinyanın ötən ilki "məxməri inqilab" ərəfəsində keçirilən aksiyalar zamanı bütün yollardan sürət ölçən cihazların çıxarılması tələbləri və hakimiyyətə gəldikdən sonra isə həmin tələblərin unudulduğunu xatırladırlar. Aksiya iştirakçıları vilayət rəhbərləri tərəfindən onların hərəkətlərinə polisin köməyi ilə "yol verməmək cəhdləri siyasi təqib, onların səsini və ölkədə hər hansı fikir arılığını boğmaq, söz azadlığı, özünü azad ifadə etmək və sərbəst hərəkət etmək haqlarının pozulması" adlandırıblar. Daha əvvəl mövcud hakimiyyəti və şəxsən baş nazir Paşinyanı sərt tənqid etməsi ilə tanınan "Adekvat" hərəkatı Facebook-da eyni adlı müxalif siyasi partiya yaratmaq niyyətində olduğunu bildirib. Hərəkatın liderləri sabiq hakimiyyətlə əməkdaşlıq edən və sabiq hakimiyyət tərəfindən təşviq edilən blogerlər olduğu bildirilir. Yerli media bu qrupun son vaxtlar milli dəyərlərin müdafiəsinə və cinsi azlıqların hüquqlarının bərabərliyinə qarşı, eləcə də Ermənistanın Açıq Cəmiyyət Fondu ofisi önündə etiraz aksiyaları keçirdiyini xatırladır.