"OĞLUMUN PSİXOLOJİ PROBLEMLƏRİ VARDI" - Mərhum icra başçısının xanımı gəlininin bıçaqlanmasından danışdı

Baxış sayı:
4468

Ötən şənbə günü keçmiş ərinin bıçaqladığı Dilarə Zeynalova hələ də reanimasiyadadır. Onun vəziyyəti ağır olaraq qalır.

Hadisə Bakının Hüseyn Cavid parkı yaxınlığında baş verib.

Keçmiş arvadına çoxsaylı bıçaq zərbəsi vurmuş Ceyhun Bəhmənovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dilarə Zeynalovanın anası Elmira Zeynalova deyir ki, 3 uşaq anası olan qızı iki il öncə Ceyhun Bəhmənovdan boşansa da, keçmiş əri onu ölümlə təhdid etməyə davam edib.

"Qızım öz qızı ilə birgə poliklinikadan çıxanda Ceyhun ona arxadan hücum edib və bıçaqlayıb. Deyib ki, istədiyimə nail oldum", - Elmira Zeynalova BBC News Azərbaycancaya bildirib.
Ceyhun Bəhmənovun anası Zemfira Bəhmənova BBC News Azərbaycancaya oğlunun keçmiş gəlinini bıçaqladığını təsdiqləyib. Ancaq o hadisənin səbəbinin nə olduğunu bilmədiyini deyib.

O oğlunun əslində gözəl xarakterə malik insan olduğunu desə də, eyni zamanda Ceyhun Bəhmənovun psixoloji problemlərinin olduğunu da bildirib.

Boşanma

Elmira Zeynalova deyir ki, Dilarə Zeynalova 2018-ci ildə həyat yoldaşı evi təmir etdirdiyi üçün uşaqlarını da götürüb müvəqqəti valideynlərinin evinə köçüb. Evin təmiri bir il sürdüyü üçün onlar uzun müddət Dilarənin valideynlərinin evində qalmalı olublar.

Onun sözlərinə görə, qızı təmir bitdikdən sonra ərinin evinə qayıtmaq istəməyib və ondan boşanıb.

"Dilarə evə qayıtmadı, daha sonra Ceyhun ona zəng vurub hədələməyə başladı ki, səni də, ata-ananı da, uşaqları da öldürəcəm".

"Boşanma prosesi zamanı qızımın vəkili Ceyhunun ailəyə hədə-qorxu gəldiyi barədə hara müraciət etsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları heç nə edə bilməyəcəklərini deyiblər. Sözlə təhdid edilirsə, polis hərəkət etmir," - Elmira Zeynalova iddia edir.

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, polisin səhlənkarlığı iddiaları araşdırılacaq.

"Ceyhun qızımı 11-də oxuyanda da bıçaqlamışdı"

Ceyhun Bəhmənov Şuşa İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Bəhmənovun oğludur.

Elmira Zeynalova danışır ki, qızı 1998-ci ildə, hələ 11-ci sinifdə oxuyarkən sinif yoldaşları onlara qonaq gəldiyi üçün Ceyhun Bəhmənov ona çoxlu bıçaq zərbəsi vurub.
Amma Ceyhun Bəhmənov həbs cəzası almayıb, daha doğrusu, onun psixoloji problemlərinin olması ilə bağlı arayışa görə, məhkəmə iki illik şərti cəza ilə kifayətlənib, Elmira Zeynalova deyir və onu da iddia edir ki, Bəhmənovlar ailəsi həkim arayışını "pulla alıblar".

Ceyhun Bəhmənovun anası Zemfira Bəhmənova da oğlunun 11-ci sinifdə oxuyarkən, keçmiş gəlini Dilarə Zeynalovanı bıçaqlaması barədə ona xəbər verildiyini xatırlayır.

"11-ci sinifdə oxuyanda olub belə bir şey. Dedilər ki, 11 bıçaq zərbəsi vurub. Həmin gün getdim xəstəxanaya. Dedilər ki, qorxulu hal yoxdu. Qolunu və üzünü cızmışdı. ... Ancaq evdə incitmək söhbəti olmayıb. Evdə o qədər mehriban idilər ki...".

Zemfra Bəhmənova Zeynalovlar ailəsinin Ceyhun Bəhmənova verilən arayışa görə pul ödənməsi iddiasını rədd edərək oğlunun xəstə olduğunu və müalicələr aldığını deyib: "Onun başında kistalar vardı. Əməliyyat olunub. Sinirləri pozulmuşdu. Tutmaları olurdu".

Vəkil: "Polis sözügedən şəxsi nəzarətə götürməli idi"

Dilarənin ailəsinin vəkili Faiq Həbibov deyir ki, Ceyhun Bəhmənovun Dilarə Zeynalova və ailəsini təhdid etməsi ilə bağlı bütün aidiyyatı qurumlara şikayət yazıb göndəriblər, amma heç bir cavab almayıblar.

Faiq Həbibov hesab edir ki, ailənin polisə şikayətindən sonra sözügedən şəxs qanunla nəzarətə götürməli idi.

Vəkil BBC News Azərbaycancaya deyib ki, hazırda istintaq gedir və Ceyhun Bəhmənovun psixoloji vəziyyəti ilə bağlı ekspertiza təyin olunacaq.

"Əgər 1998-ci ildə sənədi aldığı vaxtdan indiyədək, o xəstəxanaya müraciət edərək müalicə almayıbsa, demək, bu şəxsin aldığı sənəd formaldır. Xəstəliyi yoxdur. Hazırda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Barəsində ilkin olaraq açılmış qəsdlə sağlamlığa ağır xəsarət yetirmək maddəsi ölümə sui-qəsd maddəsi ilə əvəzlənib".

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya polisin Ceyhun Bəhmənovun təhdidlərinə laqeyd yanaşması iddialarının araşdırılacağı bildirilib.