TRAMP ZELENSKİ İLƏ GÖRÜŞDƏN RAZI AYRILDI – “Putinə mesajım odur ki...”

Baxış sayı:
154

İsveçrənin Davos şəhərində ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında görüş keçirilib. Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi məlumat verib. Bildirilib ki, danışıqlar təxminən bir saat davam edib.

Görüşdən sonra Donald Tramp jurnalistlərə qısa açıqlama verərək danışıqların “çox yaxşı” keçdiyini bildirib. Trampın sözlərinə görə, onun Rusiya Prezidenti Vladimir Putinə mesajı ondan ibarətdir ki, Ukraynada müharibə dayandırılmalıdır. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Zelenski Davosa bu gün gəlib və səfər barədə əvvəlcədən məlumat verilməyib. Donald Tramp isə bir gün əvvəl Dünya İqtisadi Forumunda çıxışı zamanı Zelenski ilə Davosda görüşmək niyyətində olduğunu açıqlamışdı.

Qeyd olunur ki, görüş qapalı formatda keçirilib və jurnalistlər danışıqlarda iştirak etməyiblər.

Görüşdə Ukraynada müharibə ilə bağlı son vəziyyət və ABŞ-nin irəli sürdüyü sülh təşəbbüslərinin müzakirə olunduğu gözlənilirdi. Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bu gün bildirib ki, danışıqlarda mahiyyət etibarilə yalnız bir açıq sual qalır ki, bu da böyük ehtimalla ərazilərlə bağlıdır.

Uitkoff və Trampın digər nümayəndəsi Cared Kuşner bu gün Moskvaya yollanaraq Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklər.

Xatırladaq ki, daha əvvəl Ukraynanın energetika sisteminə Rusiyanın zərbələrindən sonra yaranmış mürəkkəb vəziyyət səbəbindən Zelenskinin Davos forumunda iştirak etməyəcəyi ehtimal edilirdi.