“Zəfərə gedən yol xəritəsi məhz oradan başlayır...” - Qulamhüseyn Əlibəyli

Baxış sayı:
266

"20 Yanvar faciəsinə 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı kontekstindən baxdıqda, Azərbaycanın tarixi Zəfərinin heç də təsadüfi olmadığı aydın görünür". 

BDU Hüquq fakültəsinin müəllimi, keçmiş deputat Qulamhüseyn Əlibəyli belə hesab edir. 

O, bildirir ki, 1990-cı il 20 Yanvardan 2020-ci il Zəfərinə gedən yol məhz milli iradənin formalaşması ilə başlayıb: “20 Yanvara 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı kontekstindən baxsaq, tarixi Zəfərimizin təsadüfi olmadığı qənaətinə gələ bilərik. 1990-cı il 20 yanvardan 2020-ci il Zəfərinə gedən yol xəritəsi məhz oradan başlayır".

Qulamhüseyn Əlibəylinin sözlərinə görə, 20 Yanvar Azərbaycan xalqının milli kimliyini, milli iradəsini açıq şəkildə ortaya qoyduğu tarixi bir mərhələdir: “20 Yanvar Azərbaycan xalqının milli kimliyini təsdiq edən, milli iradəsini ortaya qoyan bir qəhrəmanlıq tarixi idi. Bu, SSRİ kimi qaniçən bir imperiya qarşısında sınmamaq, geri çəkilməmək idi".

Onun fikrincə, sovet ordusunun Bakıda və digər şəhərlərdə törətdiyi qırğınlar xalqın azadlıq istəyini boğmaq məqsədi daşısa da, nəticə tam əksinə oldu: “Dinc etirazçıların gülləbaran edilməsi xalqın azadlıq istəyini boğmalı idi, amma əksinə, Azərbaycan xalqı 20 Yanvardan milli kimliyini dərk etmiş, bütövləşmiş şəkildə çıxdı".

Q.Əlibəyli vurğulayır ki, 20 Yanvar hadisələri təkcə Azərbaycan üçün deyil, bütövlükdə sovet məkanı üçün dönüş nöqtəsi oldu: “20 Yanvar göstərdi ki, Azərbaycan xalqı başıpozuq kütlə deyil, öz taleyinin sahibi olmaq istəyən bir toplumdur. Bu tarix imperiya qorxusunu sındırdı və SSRİ-nin dağılmasının başlanğıcı oldu”.

O qeyd edir ki, həmin dövrdə dünyada gedən qlobal geosiyasi proseslər – ikiqütüblü dünya nizamının dağılması və sosialist sisteminin çökməsi 20 Yanvarla sıx bağlı idi: “20 Yanvar ikiqütüblü dünya nizamının çökməsi ilə müşayiət olunan qlobal proseslərin bir hissəsi idi”.

Keçmiş deputat Qərbin 20 Yanvar hadisələrinə münasibətinə də toxunaraq bunu ikili standartların bariz nümunəsi kimi qiymətləndirir: "Qərb sovet rəhbərliyinin bu qəddar cinayətinə susqunluqla yanaşdı, bunu SSRİ-nin daxili işi kimi təqdim etdi. Bu isə beynəlxalq hüquqa ikili standartlarla yanaşmanın növbəti sübutu idi".

Qulamhüseyn Əlibəyli hesab edir ki, 20 Yanvar Azərbaycan xalqının milli şüurunda silinməz iz buraxdı və müstəqillik iradəsini qəti şəkildə formalaşdırdı: “20 Yanvar xalqın milli şüurunda azadlıq və müstəqillik ideyalarını möhkəmləndirdi və geri dönməz etdi. Azadlıq elə-belə verilmir, bəzən qan bahasına əldə edilir".

Onun sözlərinə görə, bu hadisə xalqın gücünün milli birlik və həmrəylikdə olduğunu bir daha sübut etdi: “20 Yanvar xalqın özünə inamını qaytardı, milli birliyin və həmrəyliyin aparıcı rolunu göstərdi. Xalqın iradəsini hərbi yolla sındırmağın mümkünsüz olduğunu nümayiş etdirdi".

Sonda Q.Əlibəyli vurğulayır ki, 20 Yanvar həm də Vətən sevgisinin, şəhidlik və qazilik anlayışının müqəddəsliyini xalqın yaddaşına həkk etdi: “20 Yanvar insanlara Vətən sevgisinin nə olduğunu, Vətən uğrunda can verməyin nə qədər müqəddəs olduğunu bir daha göstərdi. Məhz bu mənəvi irs 30 ildən sonra möhtəşəm Zəfərin təməlini qoydu".