Hacı Seyfəlin daş karxanasında müəmmalı şəkildə ölən fəhlənin videosu yayılıb

Xəzər rayonunun Türkan qəsəbəsində Hacı Seyfələ məxsus daş karxanasında meyiti aşkarlanan Kamal Vahid oğlu Atakişiyevin ölümündən öncə çəkilmiş videosu yayılıb. Həmin videoda Kamal Atakişiyev karxanada yük maşınına daş yükləyir.
Musavat.com-a daxil olan məlumata görə, Kamal Atakişiyev maşına daş yüklədiyi ərazi də elə sahibkar Hacı Seyfələ məxsus daş karxanasıdır. Xatırladaq ki, Kamal Atakişiyevin meyiti yanvarın 9-da karxanadakı torpaq qalaqlarının arasında aşkar olunub. Buna qədər 3 gün ərzində Kamal Atakişiyevin öldü-qaldısından xəbər olmayıb. Yaxınları onu ən müxtəlif ünvanlarda axtarıblar. Hadisə ilə bağlı yayılan məlumatlar ziddiyyətlidir.
Bildirilir ki, mərhumun ayaqqabılarından biri meyitinin aşkar olunduğu ərazidə tapılmayıb. Bu detal ətrafda müxtəlif şübhə və ehtimalların yayılmasına səbəb olub. Yerli sakinlər arasında Kamal Atakişiyevin meyitinin əraziyə sonradan atılması iddiaları da dolaşır. Hələlik bu iddiaları təsdiq və ya təkzib edən rəsmi açıqlama yoxdur. Mərhum Kamal Atakişiyevi tanıyanlar bildirir ki, o, Hacı Seyfələ məxsus daş karxanasında fəhlə kimi çalışıb, "KamAZ" maşınlarına daş yükləməklə məşğul olub. Onun qohumları ilə birlikdə gecə saatlarında 7–8 yük maşınına daş yüklədiyi, bundan da hər fəhləyə 40–50 manat qazanc düşdüyü deyilir. Kamal Atakişiyev gündəlik spirtli içki qəbul etsə də, işləyən, zəhməti ilə qazanan biri kimi tanınıb. Hadisə fonunda Hacı Seyfələ məxsus daş karxanası və onun fəaliyyəti ilə bağlı daha ağır iddialar da səsləndirilir.
Bildirilir ki, Hacı Seyfəl babası rəhmətə getdikdən sonra karxananın işlərini faktiki olaraq özü idarə edir. Kamal Atakişiyevin meyiti ekspertizadan keçirilməsi üçün Xəzər rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.




















