Qrenlandiya Ukrayna razılaşmasının “girovu”na çevrilir – Avropa İttifaqı ABŞ ilə sövdələşməyə gedir?

Baxış sayı:
163

Avropa ölkələrinin ABŞ-nin Qrenlandiyada rolunun genişlənməsini dəstəkləməsi Ukrayna ilə bağlı mümkün razılaşmalar paketinin bir hissəsinə çevrilə bilər.

Bu barədə “Politico” nəşri Avropa diplomatik mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Avropa İttifaqı Vaşinqtonun Ukraynaya dəstəyinə dair konkret təminatlar verməsi qarşılığında ABŞ-nin Danimarka Krallığının muxtar ərazisi olan Qrenlandiyada hərbi-siyasi mövcudluğunu gücləndirməsinə razılıq verə bilər. Diplomat bu variantı “acı həb” adlandırsa da, ABŞ-nin Ukrayna üzrə danışıqlardan tam çıxmasından daha məqbul seçim kimi qiymətləndirib.

“Politico”nun mənbələri qeyd edir ki, Vaşinqtonun Qrenlandiya ilə bağlı bir neçə mümkün ssenarisi mövcuddur və bu ssenarilər arasında güc tətbiqi də istisna edilmir. Danimarkalı siyasətçilərdən biri bildirib ki, ABŞ-yə ciddi müqavimət göstərmək mümkün olmayacaq və adaya nəzarəti ələ keçirmək üçün cəmi beş helikopterlə desant endirilməsi kifayət edə bilər.

Bu arada “Bloomberg” agentliyinin mənbələri Almaniyanın Arktika regionunda təhlükəsizlik maraqlarının monitorinqi və qorunması üçün NATO-nun birgə missiyasının yaradılmasını təklif edəcəyini yazır. Məlumata görə, missiya “Arktik Mühafizəçi” adlandırıla və potensial olaraq Qrenlandiyanı da əhatə edə bilər. Bildirilir ki, bu təşəbbüs bir il əvvəl Baltik dənizində kritik infrastrukturun qorunması məqsədilə yaradılmış “Baltik Mühafizəçi” missiyasının modeli əsasında formalaşdırıla bilər.

Xatırladaq ki, Donald Tramp 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan sonra Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi niyyətini dəfələrlə açıq şəkildə ifadə edib. Yanvarın 10-da Tramp Vaşinqtonun adanın sakinlərinin razılığı olmasa belə, Qrenlandiya ilə bağlı “müəyyən addımlar atmağa” hazır olduğunu bildirib. Ağ Ev Qrenlandiya üzərində nəzarətin qurulması üçün mümkün variantlar sırasında ABŞ silahlı qüvvələrinin istifadəsini, adanın satın alınmasını və digər üsulları da istisna etməyib.

Ağ Evin mətbuat katibi Karolayn Levitt daha əvvəl bəyan etmişdi ki, “Prezident Tramp Qrenlandiyanın əldə edilməsinin ABŞ-nin milli təhlükəsizliyi üçün prioritet olduğunu və Arktika regionunda rəqiblərin cilovlanması baxımından həyati əhəmiyyət daşıdığını açıq şəkildə ortaya qoyub”.

“Financial Times” isə yazır ki, NATO rəhbərliyinin Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına faktiki olaraq reaksiya verməməsi Avropada ciddi narahatlıq doğurur və alyansın Danimarkanın maraqlarını qorumaq qabiliyyəti ilə bağlı şübhələri gücləndirir. Avropa rəsmilərinin fikrincə, NATO-nun passivliyi Trampda “cəzasızlıq hissini” artıra, Aİ-nin təhlükəsizlik məsələlərində ABŞ-dan asılılığı isə Vaşinqtona əlavə təzyiq rıçaqları verə bilər.

Nəşr qeyd edir ki, ABŞ-nin bu mövqeyi NATO üçün və şəxsən alyansın baş katibi Mark Rütte üçün ciddi problem yaradıb. ABŞ-nin Qrenlandiyaya mümkün müdaxiləsi və ya adanın anneksiyası alyans daxilində birbaşa münaqişə demək olar və NATO-nun beşinci maddəsinin – kollektiv müdafiə prinsipinin faktiki olaraq sual altına düşməsinə səbəb ola bilər.

Avropalı məmurlardan biri “Financial Times”a bildirib ki, NATO rəhbərliyi “nümayişkaranə şəkildə susur” və Mark Rütte Tramp ilə dialoqda Avropanın güvənə biləcəyi fiqur olmalı olduğu halda, gözləniləndən xeyli passiv davranır.

2025-ci il ərzində Danimarka rəsmi olaraq təmkinli mövqe sərgiləsə də, artıq bu xəttdən geri çəkilib. Danimarkanın Baş naziri Mette Frederiksen bəyan edib ki, Donald Tramp Qrenlandiyanı ələ keçirmək niyyətində “son dərəcə ciddidir” və əgər ABŞ NATO üzvü olan başqa bir ölkəyə hücum edərsə, bu, “hər şeyin məhv olması” demək olacaq – o cümlədən alyansın özünün. “Financial Times” mənbələri bildirir ki, bu açıqlama Kopenhagenin NATO-nun susqunluğundan artan narazılığını və müttəfiqlərə mümkün nəticələri açıq şəkildə çatdırmaq istəyini əks etdirir.

Rasim Əliyev