RAUF VƏLİYEV VƏZİFƏSİNDƏN AZAD EİLDİ - Yerinə Cəlilov təyin olundu / DOSYE, Yenilənib

Baxış sayı:
181

Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyevi vəzifəsindən azad edib.

Muxalifet.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov ASCO-nun sədr təyin edilib.

O, indiyə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin (İH) sədr müavini, bundan əvvəl isə nazirliyə məxsus "Azərpoçt" MMC-nin İH sədri vəzifəsində işləyib.


Qeyd edək ki, Əfqan Cəlilov 29 iyul 1978-ci ildə Bakı şəhərində anadan olub.

1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

2002 – 2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb.

2005 – 2013-cü illərdə “AGBank” ASC-nin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə baş direktor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016 – 2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.

2021 – 2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

Son təyinatına qədər Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edirdi.

2013-cü ildə Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən Beynəlxalq Maliyyə Hesabatı üzrə diplomla təltif olunub.

Əfqan Cəlilov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.

Vəzifədən azad olunan Rauf Vəliyev isə 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1990–1997-ci illərdə "Xəzər Dəniz Neft Donanması" İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisi üzrə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, İdarənin xarici əlaqələr şöbəsinin rəisi, 1997-ci ildən isə İdarə rəisinin xarici əlaqələr üzrə müavini vəzifələrində işləyib. 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007–2013-cü illərdə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Rauf Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

Ailəlidir, iki övladı var.