ADP xalqımızı 20 Yanvar tarixini gen yaddaşına daşımağa ÇAĞIRDI

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər müzakirə olunub.
Muxalifet.az xəbər verir ki, toplantıda İranda baş verən hadisələr ətrafında aparılan müzakirələr zamanı İranda dinc əhaliyə qarşı həyata keçirilən kütləvi zorakılıqlar, qətllər insanlığa qarşı cinayət kimi qiymətləndirilib və İran hakimiyyəti tərəfindən zorakılıq siyasətinin davam etdirilməsi ölkənin gələcəyi üçün təhlükəli perspektivlər vəd etdiyi qeyd edilib. Beynəlxalq ictimaiyyətin, xüsusilə ABŞ-ın İranda insanların kütləvi şəkildə qətlə yetirilməsi naminə öz maraqlarını təmin etməsi cəhdi də sərt tənqid olunub. Qeyd edilib ki, geosiyasi maraqlar naminə minlərlə insanın ölümünə göz yummaq demokratiya və beynəlxalq hüquq anlayışı ilə uzlaşmır.
İdarə Heyəti ötən həftə Azərbaycanın dörd erməni məhbusu Ermənistan tərəfinə verməsinə də münasibət bildirib. Baş verən hadisəni iki dövlət arasında siyasi sövdələşmənin nəticəsi kimi dəyərləndirən müzakirə iştirakçıları belə bir sövdələşmənin qeyri-şəffaf şəkildə həyata keçirilməsini yolverilməz hesab edib. Qeyd edilib ki, Azərbaycan hökuməti bu hadisənin qarşılılığında Ermənistan tərəfindən üzərinə götürdüyü öhdəlikləri, xüsusilə Qarabağda basdırılan mina xəritələrinin verilməsini tələb etməlidir.
İdarə Heyəti son zamanlar Rusiyanın siyasi dairələri tərəfindən davamlı olaraq keçmiş SSRİ-nin dağılmasını və post-sovet ölkələrinin müstəqilliyini şübhə altına alan açıqlamaları ətrafında müzakirə aparıb. Müzakirələr zamanı bu tipli bəyanatlar Rusiya tərəfindən beynəlxalq hüquqa hörmətsizlik və neo-imperialist siyasətinin təzahürü kimi dəyərləndirilib. Hesab edilib ki, Rusiya hökuməti regionda sabitliyi sarsıtmağa, müstəqil dövlətlər üçün birbaşa təhlükə yaratmağa xidmət edən bu tipli məsuliyyətsiz ritorikaya son qoymalıdır.
İdarə Heyəti ABŞ prezidenti D.Trampın Qrelandiyanı ələ keçirmək cəhdləri ətrafında da fikir mübadiləsi aparıb. Müzakirələrdə beynəlxalq təhlükəsizliyin zamini kimi tanınan ABŞ kimi qlobal güc tərəfindən başqa bir dövlətin ərazisinə belə iddiaların səsləndirilməsi beynəlxalq sistem üçün ciddi təhlükə və pis presedent kimi qiymətləndirilib. Bu yanaşmanın Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətinə ideoloji əsas yaratdığını qeyd edən müzakirə iştirakçıları Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dönəmdə belə iddiaların gündəmə gətirilməsini sərt tənqid edib. Bu iddiaları Qərbin öz dəyərlərinə zidd addım kimi dəyərləndirən müzakirə iştirakçıları bu hadisənin Avropa-ABŞ münasibətlərində dərin siyasi çatlara yol aça biləcəyini də qeyd edib.
İdarə Heyəti ötən həftə sosial şəbəkələrdə və rəqəmsal platformalarda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən davranışların qarşısını almağa yönələk normativ-hüquqi aktın qəbul edilməsinə də münasibət bildirib. Qeyd edilib ki, qəbul edilən normativ-hüquqi akt internet və sosial şəbəkələrdə açıq əxlaqsızlığın və ictimai hörmətsizliyin qarşısının alınması baxımından müsbət qiymətləndirilməlidir. Eyni zamanda qeyd edilib ki, bu dəyişikliklərdən gələcəkdə söz və fikir azadlığının boğulması üçün alət kimi istifadə edilməsinə və sui-istifadə hallarına yol verilməməlidir.
İdarə Heyəti son illər gənclərin kütləvi şəkildə ölkəni tərk etməsinə də diqqət ayırıb. Müzakirələrdə savadlı və bacarıqlı gənclərin Azərbaycanda öz gələcəyini görməməsi acı reallıq kimi qiymətləndirilib. Gənclərin ölkədən getməsinə səbəbi kimi işsizliyi, sosial ədalətsizliyi və siyasi iştirakçılıq imkanlarının məhdudluğunu göstərən toplantı iştirakçıları bu prosesin davam etməsini Azərbaycanın demoqrafik və iqtisadi gələcəyini ciddi təhlükə altına sala biləcəyini qeyd edərək hökuməti real islahatlar aparmağa və gənclərin taleyinə biganə yanaşmamağa çağırıb.
İdarə Heyəti 36 il bundan öncə yanvarın 19-dan 20-nə keçən gecə baş verən, xalqımızın həm faciəsini, həm də misilsiz qəhrəmanlığını özündə birləşdirən, keçmiş sovetlər imperiyasının bütün mənəvi və sosial dayaqlarının itirilməsinə, nəticə etibarı ilə daha tez dağılmasına və xalqımızın sonrakı taleyinə əhəmiyyətli dərəcədə təsir göstərən tarixi bir hadisəni - 20 Yanvar 1990-cı il hadisələrini də yad edib.
İdarə Heyəti Azərbaycan xalqının azadlıq uğrunda başlatdığı mübarizəyə yönəlmiş bu qəsdi lənətləyərək, 20 Yanvar hadisələrindən 36 il ötməsinə baxmayaraq bu cinayətə hələ də dünya ictimaiyyəti və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən əsl siyasi və hüquqi qiymət verilmədiyindən, bu bəşəri cinayəti törədənlərin təşkilatçılarının və iştirakçılarının bu günə kimi cəzasız qalmasından təəssüfləndiyini və dərin narahatlıq keçirdiyini bildirib.
İdarə Heyəti xalqımızı 20 Yanvar hadisələrini heç vaxt unutmamağa, gələcək nəsillərimizin bu tipli faciələrlə üzləşməməsi üçün 20 Yanvar tarixini xalqımızın gen yaddaşına daşımağa, Rusiyanın hal-hazırda da ərazi bütövlüyümüzə və suverenliyimiə təhdid yaratdığı bir zamanda daim ayıq-sayıq olmağa, milli həmrəyliyimizi qoruyub saxlamağa, bu hadisələrin mahiyyətini dünya xalqlarına çatdırılmasında xalqımızın bütün imkanlarını birləşdirməyə çağırıb.
İdarə Heyəti 20 Yanvar hadisələri zamanı həlak olmuş soydaşlarımızın əziz xatirəsi qarşısında bir daha baş əydiyini, onların yaxınlarına və əzizlərinə Allahdan səbr dilədiyini bildirib.
Muxalifet.az




















