Tehran–Vaşinqton gizli xətti açıqlandı: Əraqçi ilə Tramp administrasiyası arasında birbaşa əlaqə var

Baxış sayı:
322

İranla ABŞ arasında pərdəarxası diplomatik təmasların mövcudluğu rəsmən təsdiqlənib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bağai Tehranın aparıcı diplomatlarından Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi arasında aktiv əlaqə kanalının açıq olduğunu bəyan edib.

Bağainin sözlərinə görə, bu kanal vasitəsilə zərurət yarandıqda tərəflər arasında vacib mesajlar ötürülür. O, açıqlamasında bildirib:

“Cənab Araqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi arasında əlaqə kanalı açıqdır və ehtiyac olduqda bu xəttlə lazımi mesajlar çatdırılır".

İran XİN rəsmisi vurğulayıb ki, Tehran bütün gərginliklərə baxmayaraq diplomatiya və danışıqlar prinsipinə sadiq qalır. Onun fikrincə, dialoq kanallarının açıq saxlanılması regional və beynəlxalq böhranların idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Hesab olunur ki, bu açıqlama ABŞ–İran münasibətlərində tam qopmanın olmadığını və tərəflərin ən azı texniki-diplomatik səviyyədə təmasları qoruduğunu göstərir. Xüsusilə Tramp administrasiyası dövründə sərt ritorika fonunda belə bir kanalın mövcudluğunun etiraf edilməsi diqqətçəkən məqam sayılır.

Ekspertlərin fikrincə, Əraqçi ilə Vaşinqton arasında əlaqə xətti İranda etirazlar, regional gərginliklər və mümkün eskalasiya riskləri fonunda böhranların nəzarətdən çıxmasının qarşısını almağa yönəlmiş mexanizm kimi dəyərləndirilə bilər.

Beləliklə, rəsmi Tehranın açıqlaması göstərir ki, açıq qarşıdurma ritorikasına baxmayaraq, ABŞ–İran arasında gizli diplomatik dialoq hələ də davam edir və bu xətt gələcək proseslərdə həlledici rol oynaya bilər./musavat.com