PUTİNİN ƏTRAFININ MİLYARDLARI AŞKARLANDI - Banklarda kimin nə qədər pulu var?

Seçin, Patruşev və digərlərinin pulunun az hissəsi Rusiya banklarındadır
Vladimir Putinin yaxın ətrafına aid bir neçə hökumət məmurunun, parlament üzvlərinin və dövlət şirkətləri rəhbərlərinin Rusiya banklarında 82,5 milyard rubldan çox rəsmi depoziti var.
“AzPolitika” xəbər verir ki, bu barədə "Vajnıye istorii” nəşrinin məqaləsində deyilir.
Bu şəxslərin çoxu Vladimir Putinin yaxın çevrəsinin üzvləridir. Məsələn, "Rosneft"in baş direktoru İqor Seçinin şirkət tərəfindən idarə olunan Ümumrusiya Regional İnkişaf Bankında (VBRR) 10,9 milyard rubl depoziti var.

2021-ci ildən 2024-cü ilə qədər o, bu vəsaitlərdən təxminən 5 milyard rubl faiz qazanıb. Seçin 1990-cı illərdə Sankt-Peterburq meriyasında işlədiyi vaxtdan bəri Putinin nəzarəti altındadır. "Rosneft"in baş direktoru gündə təxminən 13 milyon rubl qazanır.
"Qazprom"un baş direktoru Aleksey Miller ikinci ən böyük depozitə (10,5 milyard rubl) sahibdir. O, şəxsi pullarını "Qazprombank"da saxlayır. Dörd il ərzində bu depozitlər üzrə faizlər təxminən 5 milyard rubl təşkil edib.

Miller də Putinlə Sankt-Peterburq meriyasında işləyib. Putin onu 2001-ci ildə, Prezident olduqdan dərhal sonra, "Qazprom"a rəhbər təyin edib. Millerin dövründə şirkətin verdiyi müqavilələr sayəsində Rusiyada yeni oliqarxlar, o cümlədən Putinin dostları Arkadi və Boris Rotenberq qardaşları peyda olub.
Ukrayna müharibəsi üçün əsas silah və avadanlıq tədarükçüsü olan "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezovun da əhəmiyyətli bank əmanətləri var. Bununla belə, onun aktivlərinin əksəriyyəti qohumlarının adına qeydiyyatdan keçirilib.

Çemezovun özünün banklarda təxminən 1,8 milyard rublu, həyat yoldaşının, ögey qızının və qayınanasının isə 6,3 milyard, 3,8 milyard və 1,3 milyard rublu var. Onlar pullarını (ümumilikdə 13 milyard rubldan çox) VTB və "Rostex"in "Novikombank"ında saxlayırlar. Çemezov Putinlə birlikdə Şərqi Almaniyada KQB rezidenturasında xidmət edib. O, 17 ildir ki, "Rostex"ə rəhbərlik edir.

Putinin digər keçmiş KQB həmkarı "Transneft" rəhbəri Nikolay Tokarevdir. Ona və qohumlarına (həyat yoldaşı, qızı və nəvəsi) məxsus hesablarda təxminən 5,7 milyard rubl var.

Baş nazirin müavini və prezidentin yaxın çevrəsindəki ən nüfuzlu siyasi klanlardan birinin üzvü olan Dmitri Patruşevin əmanətləri 900 milyon rublu keçib. O, uzun müddət Putinin yanında olan keçmiş FSB direktoru və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin böyük oğludur.
Baş nazirin birinci müavini Denis Manturovun banklarda təxminən 1,5 milyard rublu, anasının isə 881 milyon rublu var.

Baş nazir Mixail Mişustin isə əmanətlərini tamamilə qohumları arasında bölüşdürməyi seçib. Təxminən 2 milyard rubl onun 83 yaşlı anasının adına qeydə alınıb. Dörd il ərzində o, 864,5 milyon rubl faiz alıb. Daha 729 milyon rubl həyat yoldaşının hesablarında, hər biri 600 milyon rubl olmaqla daha iki əmanət isə iki oğlunun hesablarındadır.

Dövlət Dumasının sədri Vyaçeslav Volodinin ailəsində əsas əmanətlər (863 milyon rubl) ibtidai sinif müəllimi olan anası, 89 yaşlı Lidiya Barabanovanın adına saxlanılır. Dörd il ərzində o, faizlərdən 377 milyon rubldan çox qazanc əldə edib.
Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko da oxşar yolla gedərək oğlu Sergeyin adına təxminən 1,8 milyard rubl məbləğində əmanət saxlayır. Dörd il ərzində bu əmanətlər üzrə faiz gəliri 780 milyon rublu keçib. Matviyenko pullarını VTB və Sankt-Peterburq Bankında saxlayır.

Məsələ ondadır ki, bütün bunlar sözügedən şəxslərin və ailələrin yalnız Rusiyada rəsmi mənbələrdə olan vəsaitləridir və əlbəttə ki, ümuimi varidatlarının çox kiçik bir hissəsidir. Bundan əlavə onların Rusiyada və ölkə xaricində saysız-hesabsız mülkləri, bank hesabları, biznesləri və sair var. Yəni, bütün korrupsiyalaşmış keçmiş SSRİ respublikalarında olduğu kimi…
C.Məmmədli




















