“Ermənistan Ukraynaya canlı qüvvə baxımından köməklik göstərə bilər” - ŞOK İDDİA

Baxış sayı:
157

Rusiya-Ukrayna müharibəsi artıq klassik hərbi qarşıdurma mərhələsini geridə qoyaraq daha mürəkkəb və çoxşaxəli geosiyasi fazaya qədəm qoyub. Cəbhə xəttində nisbi durğunluq yaransa da, münaqişənin təsir dairəsi genişlənir və bu təsirlər birbaşa postsovet məkanına, xüsusilə də strateji baxımdan həssas olan Cənubi Qafqaza sirayət edir.

Moskvanın resurslarını Ukrayna cəbhəsinə cəmləməsi regionda formalaşmış güc balansını dəyişir, yeni risklər və fürsətlər yaradır. Bu yeni mərhələdə Rusiya əvvəlki kimi Cənubi Qafqazda dominant siyasi-hərbi aktor rolunu tam həcmdə icra edə bilmir. Nəticədə regionda “nəzarət boşluqları” yaranır ki, bu da həm Qərbin fəallaşmasına, həm də regional oyunçuların - Türkiyə və İranın manevr imkanlarının artmasına səbəb olur. Xüsusilə, Ermənistanın təhlükəsizlik arxitekturasında yaşanan çaşqınlıq, Rusiyaya inamın azalması və Qərbə yönələn ziddiyyətli addımlar bu prosesin açıq göstəricisidir.

Azərbaycan üçün isə yaranmış vəziyyət ikili xarakter daşıyır. Bir tərəfdən Rusiya amilinin nisbi zəifləməsi Bakının post-münaqişə dövründə suveren qərarvermə imkanlarını genişləndirir, digər tərəfdən isə regionda artan geosiyasi rəqabət yeni təzyiq mexanizmlərini gündəmə gətirir. Zəngəzur dəhlizi, sülh sazişi və regional kommunikasiyalar məsələsi məhz bu yeni geosiyasi reallıqlar fonunda daha mürəkkəb və həssas müstəviyə keçir.

sona1.jpg (35 KB)

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında regionda durmadan proseslərin təhlükəli istiqamətlərə doğru cərəyan etdiyini söyləyib:

“Rusiya-Ukrayna savaşının getdikcə daha dərin proseslərə qədəm qoyması Cənubi Qafqazın milli təhlükəsizlik məsələlərinə çox ciddi təhdiddir. Eyni zamanda region üçün geostrateji təhdid “imkanlarını” artırır. Rusiya hər nə qədər Zəngəzur dəhlizinin açılmasına “hə” desə də, onun TRIPP yolu adlandırılmasına, dolayısı ilə ABŞ-nin nəzarətinə keçməsinə qarşıdır. Ola bilər ki, Kreml bunun heyfini Ermənistandan çıxsın. Yəni Moskva sülh sazişinə qədər İrəvanda hakimiyyət dəyişikliyinə cəhd göstərəcək.

Digər tərəfdən, ABŞ ilə Ermənistan arasında təhlükəsizlik xartiyası mövcuddur. Bu da o deməkdir ki, Vaşinqton İrəvandakı istənilən konfiqurasiya dəyişikliyinə səssiz qalmayacaq. Eyni zamanda Rusiyanın sərt addımlarına qarşılıq olacaq. Ermənistan ABŞ-nin təhriki ilə Ukraynaya canlı qüvvə baxımından da köməklik göstərə bilər. Gürcüstan kökənli şəxslər isə artıq muzd müqabilində Rusiya və Ukrayna tərəfindən döyüşlərə qatılıblar.

Azərbaycan və Ermənistan əsilli şəxslər də həm Rusiya, həm də Ukrayna savaşında iştirak edirlər. Hətta onların arasında xeyli sayda ölən var. Bu da o deməkdir ki, artıq Cənubi Qafqaz Qara dəniz hövzəsində gedən savaşın bu və ya digər formada iştirakçısıdır”.