Amerika BMT-nin İnsan Haqları Şurasını niyə tərk etdi - SƏRT REAKSİYALAR

Baxış sayı:
3988

Bu qərar Amerikanın bütün dünyada insan haqlarının müdafiəçisi rolunu tərk etməsi kimi qiymətləndirilir

Amerikanın BMT-nin İnsan Haqları Şurasından çıxması bütün dünya boyunca müzakirə mövzularından biridir. İnsan haqları şəbəkələri ABŞ-ın bu qərarını sərt şəkildə tənqid edirlər.

Bir çox insan haqları müdafiəçiləri iyunun 19-da ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli tərəfindən elan edilmiş qərarı Amerikanın bütün dünyada insan haqlarının müdafiəçisi rolunu tərk etməsi kimi qiymətləndiriblər.

"Freedom House", CARE və "Human Rights Watch" də daxil, 12 insan haqları təşkilatının birgə bəyanatında deyilir ki, ABŞ-ın BMT-dəki İnsan Haqları Şurasında öz kürsüsünü tərk etməsi yalnız Çin və Rusiya kimi beynəlxalq oyunçuların mövqelərini möhkəmləndirəcək.

Bəyanatda deyilir ki, Vaşinqton Pekin və Moskvanı vaxtaşırı insan haqlarının pozulmasına, dissidentlərin həbsinə və işgəncələrə görə tənqid edir.

12 təşkilatın imzaladığı sənəddə qeyd olunur ki, ABŞ-ın bu şuradakı yerini tutacaq hər hansı bir ölkə onun diplomatik və siyasi qüdrətinə malik olmayacaq. Lakin ABŞ-ın BMT-dəki səfiri İnsan Haqları Şurasını “riyakar və özünə xidmət edən” qurum adlandırıb.

Səfir habelə Cenevrədə mənzillənmiş BMT təsisatını “İsrailə qarşı xroniki qərəzkarlıqda” ittiham edib.

Məlumat üçün bildirək ki, Vaşinqton bu şuraya ilk dəfə 2006-cı ildə Corc Buşun prezidentliyi dövründə yaradılanda təsisata üzv olmaqdan imtina etmişdi. Lakin növbəti prezident Barak Obamanın prezidentliyi dövründə ABŞ şuraya üzv olub. Hazırda Avropa Şurasında Xarici Əlaqələr komitəsinə həmsədrlik edən veteran diplomat Karl Bildt şuranın “kamil olmadığını” etiraf etsə də deyib ki, şuranı tərk etmək qərarı insan haqlarının müdafiəsi sahəsində hətta təşəbbüsdən də əl çəkilməsi deməkdir.

“Amnesty International” təşkilatının baş katibi Salil Şetti bildirib ki, bu qərar przeident Donald Trampın təməl insan haqlarına hörmətsizliyini nümayiş etdirib.

Baş katib onu da vurğulayıb ki, ABŞ tarixin yanlış tərəfində qalmaq istəmirsə, bu qərarını mütləq dəyişməlidir.

“Human Rights Watch” insan haqları təşkilatı isə bildirib ki, sözügedən şurada Çin, Səudiyyə Ərəbistanı və Venesuela kimi insan haqları pozucularının iştirakına baxmayaraq, bu qurum bütün dünya boyunca hələ də ciddi insan haqları pozuntularına qarşı mübarizə aparır.

İlgili resim

HRW-nin baş direktoru Kennet Rot deyib: “Prezident Tramp qərara gəlib ki, ”Əvvəlcə Amerika" şüarı Suriyada dinc insanların və Birmadakı etnik azlıqların iztirablarına biganəlik deməkdir".

ABŞ qərarına ən kəskin tənqid Rusiyanın BMT missiyasından gəlib. Təmsilçilik bildirib ki, ABŞ bu qurumu özünün maraqlarını yürütmək üçün müti alətə çevirə bilmədiyinə görə tərk edir.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən və Ukraynanın şərqində separatçı münaqişə yaratdıqdan sonra 2016-cı ildə BMT İnsan Haqları Şurasındakı kürsüsündən məhrum edilib. ABŞ-ın bu qərarının ertəsi günü  Kreml iyunun 20-də elan edib ki, bu quruma üzv olmaq üçün namizədliyini irəli sürəcək.

Ekspertlər Amerikanın bu qərarının onun imicinə ciddi zərbə vuracağını bildirirlər.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli ABŞ-ın məlum qərarını bu cür şərh etdi: “ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli ölkəsinin İnsan Haqları Şurasından çıxmasını Vaşinqtonun şurada islahatların həyata keçirilməsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsinin Rusiya, Çin və bir sıra digər ölkələrin, eləcə də ”Human Rights Watch" da daxil olmaqla, bəzi hüquq-müdafiə təşkilatlarının davranışları ilə əlaqələndirib. Nikki Heylinin sözlərinə görə, ABŞ qətnamə layihəsini bəzi ölkələrin - çox güman ki, BMT TŞ üzvü olan dövlətlərin - nümayəndələrinə təqdim edib. Bu dövlətlər də ABŞ-ın islahat təklifini boykot ediblər. Bu səbəbdən də Vaşinqton şuradan getmək qərarına gəlib. Başqa bir açıqlamasında isə Nikki Heyli İnsan Haqları şurasını İsrailə qarşı sonu olmayan düşmənçilikdə ittiham edib. ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bəyan edib ki, İnsan Haqları Şurasının fəaliyyəti ABŞ-ın milli maraqlarını təhdid edir. Və o qeyd edib ki, ABŞ onun milli maraqlarını təhlükə altına alan, həmçinin müttəfiqlərinin maraqlarına zərbə vuran təşkilatın iştirakçısı olmaq istəmir. ABŞ-ın Şuranın fəaliyyəti ilə bağlı təkliflərinin yer aldığı sənəd mətbuata tam şəkildə açıqlanmasa da problemin əsasən İsraillə bağlı olduğu şübhə doğurmur. ABŞ-ın təqdim etdiyi sənəddə yer alan digər məqamlar isə insan haqlarını kobud şəkildə pozan üzvlərin şuradan kənarlaşdırılması üçün gərəkli olan səs həddinin aşağı salınması, eləcə də çıxış və qətnamələrin sayının azaldılmasıdır. Bu isə sübuta yetirir ki, ABŞ-ın təqdim etdiyi layihənin hədəfi İnsan Haqları Şurasının Vaşinqtonun təzyiq alətinə çevirməkdən ibarətdir. Üzvlərin kənarlaşdırılması üçün gərəkli olan səs həddinin aşağı salınması məqsədilə irəli sürülən təşəbbüsdə məqsəd Vaşinqton və müttəfiqlərinin İnsan Haqları Şurasında söz sahibinə çevrilməsi, Birləşmiş Ştatların bu və ya digər addımları ilə razılaşmayan ölkələrə qarşı “insan haqlarını pozur” iddiası ilə təzyiq göstərilməsi, onların üzvlükdən kənarlaşdırılması və onlara qarşı qətnamələrin asanlıqla qəbul edilməsidir.

BMT İnsan Haqları Şurası ile ilgili görsel sonucu

Yəni ABŞ BMT İnsan Haqları Şurasını səhmlərinin əhəmiyyətli hissəsinə sahib olduğu səhmdar cəmiyyətə çevirmək istəyir. Məhz bu müstəvidə dəyərləndirmələr aparmaqla qətnamə layihəsinin əleyhinə çıxış edən dövlətlərin mövqeyini başa düşmək olar. Axı kim öz xoşu ilə boyunduruğa girmək istəyər ki?

Çin, Rusiya və bu kimi digər ölkələrin, eləcə də hüquq-müdafiə təşkilatlarının etirazı da buradan qaynaqlanır. Burada söhbət adıçəkilən ölkələrin beynəlxalq hüququn prinsiplərindən çıxış etməsindən getmir. Bu dövlətlər öz maraqlarını müdafiə edirlər. Eynilə “Human Rights Watch” və digər hüquq-müdafiə təşkilatları. Çünki ABŞ insan haqları ilə bağlı ən üst qurumda şəksiz söz sahibinə çevrilərsə o zaman nə “Human Rights Watch”ın, nə də digərlərinin xidmətlərinə, onların külli miqdarda qrant vəsaitləri qarşılığında hazırladıqları hesabatlara ehtiyac qalmayacaq.

ABŞ prosesin İnsan Haqları Şurasına qədər olan hissəsini kəsib atacaq, külli miqdarda vəsaitə qənaət edəcək və yeganə “hüquq-müdafiə” jandarmına çevriləcək. Vaşinqtonun şuranı tərk etməkdə məqsədi isə bu qurumdan kənar fəaliyyətin stimullaşdırılması, ABŞ-ın olmadığı İnsan Haqları Şurasının qəbul etdiyi qərarların icrasının boykot olunmasıdır. Heç kimə sirr deyil ki, ABŞ dünyanın ən güclü dövlətidir və onun qarşı çıxdığı hər hansı prosesin uğur qazanması çox çətindir. Çünki o, bu prosesə mane olmaq üçün kifayət qədər təsir imkanlarına malikdir. Bütövlükdə isə baş verənlər maraqların toqquşmasıdır. Nə ABŞ-ı, nə Rusiyanı və Çini, nə də digərlərini insan haqlarının qorunması fundamental olaraq maraqlandırmır".

Əhəd Məmmədli ile ilgili görsel sonucu

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, ABŞ özünü artıq dünyada sülh, əmin-amanlıq, demokratiya, insan hüquqları cavabdehi kimi göstərmək istəmir: “Bu addımı ilə Amerika heç nəyə cavabdeh olmaması mesajını verir. Tramp üçün onsuz da demokratiya, insan hüquqları əsas deyil. Tramp demokrat deyil, biznesmendir. Amerikanın prezidentlərinin birinin dediyi kimi, Amerikanın işi də həmişə biznes olub, sadəcə, indi Tramp bunu açıq göstərir. O mövqe onsuz da strateji mövqe deyil. Orada ABŞ oldu, ya olmadı, heç nə dəyişən deyil. ABŞ yenə ABŞ-dır. Rusiyaya gəldikdə isə Rusiya həmin yerə gələ bilər, amma bu çox şeyi dəyişməyəcək. Hüquqi olaraq strateji olmayan postdur”.