İRAN: ABŞ ilə bazarlıq etməyəcəyik

Baxış sayı:
4069

Muxalifet.az xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın İranla bağlanmış nüvə müqaviləsindən - Əhatəli Birgə Fəaliyyət Planından (ƏBFP) imtina etməklə, qlobal problemləri diplomatik yolla həll eləmək istiqamətindəki səylərə zərbə vurduğunu bəyan edib.
İran XİN idarəsinin rəhbəri Zərif İran mətbuatında dərc etdirdiyi, “ABŞ-ın xarici siyasəti böhran içərisində” başlıqlı məqaləsində ABŞ prezidenti Donald Tramp hakimiyyətinin beynəlxalq razılaşmalara hörmət bəsləmədiyini bildirib.
Zərif yazıb: “Trans-Sakit Okean Əməkdaşlığı və Paris İqlim Müqaviləsindən sonra ƏBFP mövcud ABŞ hökumətinin imtina elədiyi üçüncü çoxtərəfli beynəlxalq razılaşma kimi tarixə düşüb”.
Pompeonun İranla müzakirələrə qayıtmaq üçün ilkin şərtlər qoyduğunu xatırladan Zərif deyib: “İran öz sözünə dönük çıxan və ardıcıl şəkildə çoxtərəfli razılaşmaları sabotaj edən bir ölkə ilə bazarlıq eləməyəcək”.
ABŞ ilə müzakirələrə qayıtmaq üçün Tramp hökumətinin qarşısına bölgədəki hərbi qüvvələrini çıxarmaq şərti də qoyan zərif məqaləsini belə tamamlayıb: “ABŞ hökuməti bəhs elədiyim siyasi tərzindən həm sözdə, həm də əməldə vaz keçəcəyi, qlobal izolyasiyanı bitirəcəyi təqdirdə İran dövləti ilə dünyada yeni bir imicə malik Amerika təhlükəsizlik, sabitlik və inkişaf istiqamətində ortaq səylər göstərə bilərlər”.
Xatırladaq ki, ABŞ xarici işlər naziri Mayk Pompeo mayın 21-də ABŞ-ın İrana qarşı 12 maddəlik tələblər siyahısını bəyan eləmiş və İrana qarşı indiyə qədər görünməmiş maliyyə təzyiqi və tarixdəki ən güclü sanksiyaların tətbiq ediləcəyini bildirmişdi.