“Manat sabitləşməyib, cəmiyyətə səhv məlumat verilir” - Natiq CƏFƏRLİ

 “Elman müəllimin manatın məzənnəsi haqqında danışması heç yaxşı hal deyil. Amma nə deməsi də önəmlidir, manat sabitləşməyib, cəmiyyətə səhv məlumat verilir”.
 
 Hurriyyet.org xəbər verir ki, bu barədə REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli bildirib.
“Bu sabitləşmə iqtisadi amillərə və bazar qanunlarına görə baş verməyib”
“Azərbaycanda biznes də, əhali də, hökumət də, Mərkəzi Bank da “valyuta” deyəndə nədənsə ancaq ABŞ dollarını nəzərdə tuturlar. Dollar-manat məzənnəsi uzun aylardır ki, dəyişmir, səbəbi də çox sadədir: Mərkəzi Bank məzənnəni inzibati qaydada tənzimləyir, hərraclar formal xarakter daşıyır və Neft Fondundan Mərkəzi Banka bu il 7,5 milyard manatlıq əlavə vəsait ayrılıb. Yəni bu sabitləşmə iqtisadi amillərə və bazar qanunlarına görə baş verməyib”.
“Manat avroya qarşı 15%, funta qarşı 11% dəyər itirib”
“Digər tərəfdən manat aparıcı dünya valyutaları qarşısında ciddi dəyər itirib – avroya qarşı 15%, funta qarşı 11%, deməli, manat sabit deyil, ucuzlaşma davam edir”, - deyib iqtisadçı.
“Divar qurtaranda nə edəcəklər?!”
Cəfərli onu da qeyd edib ki, bu il manat-dollar münasibətlərində ciddi dəyişikliklər olmaya bilər: “Amma FED faiz artırsa, il sonuna dollara qarşı manat az da olsa ucuzlaşacaq, yəni, manat dollar qarşısında 1,70-dən baha olmayacaq – bu dəqiqdir. Mərkəzi Bank hələ də inzibati qaydada, Neft Fondundan alınan vəsaitin hesabına manatı dollar qarşısında sabit tuta bilər, amma nə vaxta qədər?! Divar qurtaranda nə edəcəklər?!”, - deyə ekspert sual edir.