Mütləq bir gün sonu olacaq...

Baxış sayı:
750

Tofiq Yaqublunun dəmir iradəli bir şəxs olduğu Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Onun səhhətində problemlər olmasına baxmayaraq, bu mövzuda danışmağı da sevmir. Hər zaman gumrah görünməyə, özünün qürurlu duruşu ilə əqidə yoldaşlarını ruhlandırmağa çalışır. Lakin, yaxınları, əzizləri və əqidə dostları bilir ki, Tofiq Yaqublu heç də üzdə göründüyü kimi sağlam deyil. Tofiq bəy ötən illərdə qısa müddətdə iki cərrahi əməliyyat keçirib. Başqa ciddi sağlıq problemləri də var. Başqa cür ola da bilməzdi. Artıq 4-cü dəfədir ki, siyasi məhbus həyatını yaşayan, dəfələrlə ağır işgəncələrə məruz qalmış, uzunmüddətli aclıq aksiyaları keçirməyə məcbur edilmiş, sinəsi dağlı ata olan Tofiq Yaqublunun yaşadığı məhrumiyyətlər onun səhhətini korlayıb.
Azərbaycan hakimiyyəti Tofiq Yaqublunun, ağır xəstə olan Qubad İbadoğlunun və digər siyasi məhbusların həyatı ilə oyun oynamamalıdır. Azərbaycan hakimiyyəti Navalnının həyatına son qoymuş Rusiya hakimiyyətinə qarşı dünya birliyinin münasibətindən dərs çıxarmalıdır. Bənzər bir faciəni Azərbaycanda da yaşatmamalıdır. Tofiq bəy başda olmaqla, bütün siyasi məhbuslar dərhal azad edilməlidir. Hakimiyyət bilməlidir ki, Tofiq bəyin, Qubad bəyin və bütün siyasi məhbusların həyatına görə məsuliyyət daşıyır.
Nə qədər ki, Azərbaycan həbsxanalarında da daha böyük faciə baş verməyib, hakimiyyət Qubad İbadoğlu, Tofiq Yaqublu başda olmaqla siyasi məhbusları azad etməlidir. Qubad bəyin çox ciddi xəstə olduğunu, həbsxana şəraitində həyatına təhlükənin çox real olduğunu hamı, o cümlədən, hakimiyyət özü də bilir.
Yuxarıda qeyd etdiyim kimi 63 yaşlı Tofiq bəy isə 4-cü siyasi məhbus həyatını yaşayır, hakimiyyət orqanları tərəfindən ən qəddar işgəncələrinə məruz qalıb. Hakimiyyətin Tofiq bəyə nifrət etdiyini, ona düşməncəsinə yanaşdığını da hamı bilir.
Hakimiyyətin siyasi girovluğunda olan siyasi məhbusların hər birinin həyatına ciddi təhlükə var. Qubad bəyin və Tofiq bəyin həyatına isə daha böyük təhlükə var. Hakimiyyət məsuliyyət hissini itirməməli, ölkəni çıxılmaz vəziyyətə salmamalıdır. Qubad İbadoğlu və Tofiq Yaqublu başda olmaqla siyasi məhbuslar dərhal azad edilməlidir.
Öz hakimiyyətini qorumaq üçün siyasi rəqiblərini həbsə məhkum etməyi belə gözə alan hər bir qəddar hakimiyyət təklükəlidir və hamı tərəfindən lənətlənməlidir. Yatmış vicdanlar ayılmalıdır. Bütün dünya başa düşməlidir ki, hər bir avtoritar hakimiyyət mahiyyətcə anti-bəşərdir. Dünya liderləri başa düşməlidir ki, avtoritar rejimlərə tolerant, səbrli, dişsiz, tərəddüdlü münasibət həmin rejimlərin əzdiyi milyonlarla insana qarşı haqsızlıq və ədalətsizlikdir.
İnanıram ki, nə Azərbaycan xalqı, nə də beynəlxalq birlik bu cəsur, fədakar siyasətçilərin həbsinə laqeyd qalmayacaq. Ola bilsin ki, Azərbaycan hakimiyyəti «islanmışın yağışdan qorxusu olmaz» prinspi ilə hərəkət edir. Düşünürlər ki, onsuz da xalqı zorakılıqla idarə edirlər, onsuz da beynəlxalq təzyiqlər altındadırlar. Amma, hakimiyyət mənsubları unutmamalıdırlar ki, mütləq bir gün hakimiyyətlərinin sonu olacaq və bu gün günahsız olaraq həbsxanalarda girov saxlanılan Tofiq Yaqublu, Qubad İbadoğlu və başqa siyasi məhbuslara görə məsuliyyət daşıyacaqlar.
Pərvin Mədətzadə