Xalqdan oğurlanan milyonların səsi Avropadan gəlir...

Artıq Azərbaycan məmurlarının xalqdan oğurlanan milyonlarının Avropa ölkələrində üzə çıxması tendensiyası adi hal almaqdadır. Bundan əvvəl nazirlərin və yüksək rütbəli dövlət məmurlarının sərvətləri üzə çıxırdısa, son illər heç bir dövlət postu tutmayan, yalnız deputat mandatı olan şəxslərin Avropada xalqdan oğurladığı milyonlar üzə çıxıb.
Yəqin ki, Britaniya mətbuatının ölkənin Milli Cinayət Agentliyinin nüfuzlu Azərbaycanlı siyasətçi Cavanşir Feyziyevin həyat yoldaşına, oğluna və qardaşı oğluna məxsus bank hesablarındakı 15 milyon funt sterlinqi (20.5 milyon dollar) müsadirə etməyi planlaşdırması ilə bağlı informasiyadan məlumatınız var.
Belə çıxır ki, ölkənin seçkili dövlət orqanlarında təmsil olunanlar Azərbaycan qanunlarına zidd olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onların əksəriyyəti deputat və ya məmur olmaqla bərabər həm də əksəriyyəti şirkət rəhbərləridir. Qanuna görə onlar şirkət rəhbərləri olmamalıdır. Amma təəssüf ki, bu gün Azərbaycan parlamentində fərqli bir mənzərə var. İndi bəzi dövlət şirkətlərinin prezidentləri, ali təhsil müəssisələrinin rektorları Milli Məclisin üzvüdür. Eyni zamanda biznes fəaliyyəti ilə məşğul olan bir çox deputat da var.
Ortaya çıxan faktlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu araşdırma aparmağa borcludur. Araşdırma zamanı təsdiq olunsa ki, Avropada biznesə, mülkərə və ya şirkətlərə sahib olan Cavanşir Feyziyev kimilər əldə etdiklərini qanunsuz yollarla qazanıb, onda onların mandatına xitam verilə və korrupsiya cinayətlərinə görə həbs olunmalıdır. Görəsən bu baş verəcəkmi?
Bu günə qədər yaşadıqlarımızı və gördüklərimizi nəzərə alsaq, Baş Prokurorluqdan belə bir addımın atılmasını gözləmək sadəlövhlük olardı. Hamıya gün kimi aydındır ki, parlamentdə təmsil olunan deputatların böyük əksəriyyəti bizneslə məşğuldur və onlara bu fəaliyyətlərinə görə gözün üstə qaşın var deyən də yoxdur. İndiyə qədər xaricdə hesabı ortaya çıxan bir kimsənin barəsində hər hansı hüquqi tədbir görülməyib.
Baş verənlərə sevinəsən, yoxsa məyus olasan? Bir tərəfdən xalqımızdan oğurlanmış milyonların sona qədər oğrulara qalmaması əlbəttə, yaxşı haldır. Sərvətləri talan edilən xalqımıza azacıq təsəllidir ki, oğrular da sona qədər xalq malını yeyə bilməyəcəklər. Ancaq o biri tərəfdən məyus edici haldır ki, xalqdan oğurlanmış sərvətlər hər halda xalqımıza qaytarılmır, başqa dövlətlərin büdcəsinə köçürülür.
Acı reallıqdır ki, biz millət olaraq hələ ki, haqqımızı korrupsionerlərdən ala bilmirik. Rejimin nəhəng korrupsiyasını, milyonlarla insanı soyub daha da yoxsullaşdırmasını səbrlə yola veririk. Hər il qiymətlərin durmadan artması da bizi hiddətləndirmir. Bəli, acıdır, ancaq həqiqətdir, biz bir millət olaraq hələ ki, haqqımızı tələb edə bilmirik. Ona görə də bizdən oğurlanan pullara indi Böyük Britaniya dövlət orqanları, məhkəmələri əl qoyur.
Bu misilsiz, tayı-bərabəri olmayan, dövlət səviyyəsində həyata keçirilən talanı, oğurluğu durdurmaq, oğurlanmış milyardları bu xalqa qaytarmaq üçün laqeyd, yaltaq, ümidsiz, qorxaq olmaqdan hamılıqla imtina etməliyik. Milyardların oğrulara və başqa dövlətlərə qalmaması üçün özümüz xalq hakimiyyəti və normal dövlət qurmağı bacarmalıyıq.
Pərvin Mədətzadə