“Azərbaycanda qadınlarda pensiya yaşı 55-ə, kişilərdə isə 60-a salınmalıdır” – MÜXALİF PARTİYADAN AÇIQLAMA

Baxış sayı:
8013

Bu gün ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə İran və İsrail arasında son zamanlar yaşanan siyasi və hərbi gərginliklər ətrafında müzakirə aparıb. Müzakirələrdə İran-İsrail arasında yaşanan problemlərin bölgənin ümumi təhlükəsizliyi naminə danışıqlar masasında və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyi bildirilib.
İdarə Heyəti ötən həftə Ermənistan ordusu tərəfindən Azərbaycanla şərti dövlət səhədində törədilən hərbi təxribat və bu təxribat nəticəsində Azərbaycan ordusunun bir zabitinin yaralanmasını qətiyyətlə pisləyib. İdarə Heyəti hesab edib ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması naminə Azərbaycanla Ermənistan arasında sülh danışıqları sürətlənməli və tez bir zamanda iki dövlət arasında beynəlxalq hüquq normaları çərçivəsində ədalətli sülh müqaviləsi imzalanmalıdır. Əks halda sülh müqaviləsinin ləngidilməsi bölgədə təhlükəli proseslərə rəvac verə bilər.
İdarə Heyəti Qazaxstan Prezidenti Tokayevin Ermənistana səfərinə də diqqət çəkib. İdarə Heyəti hesab edib ki, Ermənistanın türk dilli dövlətlərlə çoxtərəfli əməkdaşlığı bölgədə sülhün və əmin-amanlığın təmin olunmasına töhvə verəcək. İdarə Heyəti eyni zamanda Qazaxstan Prezidentinin Ermənistana səfərinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dəstək olacağına ümidvar olduğunu bildirib.
İdarə Heyəti Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində “Qarabağdan ermənilərin zorla köçürülməsi” iddiasına da münasibət bildirib. İdarə Heyəti bir daha qeyd edib ki, Qarabağda yaşayan ermənilər könüllü şəkildə oranı tərk etdiyindən bu iddianın heç bir hüquqi əsası yoxdur. Lakin Azərbaycan tərəfinin 1988-ci illərdə azərbaycanlıların Ermənistandan vəhşiliklə və zorakılıqla deportasiya edilməsi ilə bağlı qaldırdığı iddia tarixi faktlarla sübut olunduğuna görə tam qanuni və əsaslıdır.
İdarə Heyəti ötən həftə ABŞ-ın Ermənistandakı səfirinin Qarabağ ermənilərinin geri qayıtmasının vacibliyi ilə bağlı mövqeyinə ABŞ-ın Azərbaycandakı səfirinin “biz dünyadakı anoloji problemlərin eyni qaydada həll olunmasının tərəfdarıyıq” kimi fikir bildirməsini, lakin Qərbi azərbaycanlıların da öz dədə-baba yurdlarına qaytarılmasının vacibliyini qeyd etməməsini anlaşılmaz bir mövqe kimi dəyərləndirib.
İdarə Heyəti son zamanlar ölkədə yaranan antiqərb ritorikasından narahatçılığını ifadə edib, bu ritorikanın Azərbaycanın maraqlarına zidd olduğunu, bölgədə Rusiyanın güclənməsinə xidmət etdiyini və Azərbaycanın da qoşulmaq istədiyi transmilli layihələrin həyata keçirilməsinə mane olduğunu bildirib.
İdarə Heyəti “Freedom House” insan haqları təşkilatının son hesabatında Azərbaycanda demokratiya göstəricilərini aşağı göstərməsini reallıqları əks etdirdiyini, lakin Qarabağda yaşamış ermənilərin oradan məcburi qaydada çıxarılması ilə bağlı qeydlərini həqiqətdən uzaq, ikili standart və qərəzli yanaşma kimi dəyərləndirib. Eyni zamanda qeyd edilib ki, beynəlxalq səviyyəli bir təşkilatın hesabatında bu tipli qərəzli yanaşma və təhrif olunmuş məlumatların verilməsi ümumilikdə həmin təşkilatın yaydığı hesabatın obyektivliyini şübhə altına salır.
İdarə Heyəti son zamanlar ölkədə məişət zəminində baş verən ölüm hadisələrinin, intiharların çoxalmasından, eyni zamanda son 1 il ərzində dünyasını dəyişən kişilərin az qala yarısının 65 yaşa çatmadığı faktından narahatçılığını ifadə edib. İdarə Heyəti ölkədəki mövcud demoqrafik nəticələri nəzərə alaraq müvafiq dövlət orqanlarını pensiya yaşını qadınlarda 55, kişilərdə isə 60 yaşa salınmasına çağırıb.
Muxalifet.az