​ONU ÖLÜMƏ MƏHKUM ETMƏYƏK...

Baxış sayı:
1579

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayev (yaxınları onu Əlzamin kimi adlandırır) 80 gündən artıqdır ki, saxta ittihamla və siyasi sifariş əsasında həbs olunduğuna görə saxlanıldığı həbsxanada aclıq aksiyasını davam etdirir. Aclıq aksiyası onun səhhətində ciddi problemlərin yaratdığı bildirilir. Hətta onun çəliklə hərəkət etdiyi deyilir.
Sonuncu həbsindən əvvəl də o, bir neçə dəfə siyasi sifarişlə həbsdə olub. 2020-ci ildə isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilmiş, 2022-ci ildə inzibati qaydada 30 günlük həbs olunmuş, həbsdə saxlanılarkən işgəncəyə məruz qalmış, nəticədə səhhətində ciddi problemlər yaranmışdır. Həbsdən çıxandan sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu. Sonuncu dəfə Əlzamin bəy bu il fevralın 7-də siyasi sifarişlə Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunaraq həbs olunub.

Əlzamin bəy həbs olunduqdan sonra aclıq aksiyasına başlayıb. Yaxınlarının və partiyadaşlarının təkidlərinə baxmayaraq o, bu aclığı hələ də əzmlə davam etdirir. Əlzamin Salayev bu ölkədə kimsənin etmədiyini edir. İnsan iradəsinin, azadlıq eşqinin nələrə qadir olduğunu nümayiş etdirir. Əlzamin bəy həm də ona bu zülmü edənlərin iç üzünü xalqa göstərir. Onu şərlədib həbs edənlərin, hər gün bir addım da ölümə yaxınlaşmasını keyflə izləyənlərin nə qədər qəddar, acımasız, anti - insani olduqlarını xalqımıza bir daha nümayiş etdirir. Hələ də imkan var ki, xalqımız birgə səyləri ilə Əlzamin bəyin azadlığına nail olsun.
Bu gün bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Əlzamin Salayevin işini "diqqətlə" izləyir. Əlzamin Salayev fevralda "xuliqanlığa" görə həbs edilib. O, bu iddianı qətiyyətlə təkzib edir və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.
Hesab edirəm ki, Əlzamin Salayevin davam edən uzun müddətli aclığı bizləri yormamalıdır. Bu müddətdə bəlkə də 10-larla, 100-lərlə yazı yazılıb Əlzamin bəyə azadlıq tələbilə. Bəlkə 10 minlərlə yazı oxumusuz Əlizamin bəyə azadlıq tələbilə. Cəbhəçi silahdaşları, o cümlədən onun həbsinə biganə qalmayan ictimai fəallar Ədliyyə Nazirliyi qarşısında "Əlizamin Salayevə azadlıq" tələbilə aksiya da keçirib. Nəticədə həmin aksiyada aktiv iştirak edən neçə nəfər də inzibati həbs yaşamalı olub.
Bunların hamısı doğrudur. Ancaq o da var ki, indi görün Əlizamin bəy hansı əzabları çəkir. 80 gündə artıq davam edən aclığın fiziki ağrıları, hökumətin şərçi və qəddar olmasının ağrıları. Üstəlik toplumun biganəliyinin də ağrısını çəksin Əlizamin bəy?
Bir çoxunuz onun bu qədər uzun müddət aclıq - faktiki olaraq özünə qəsd etməsini yanlış bilirsiz. Belə düşünənləri haqsız saymıram. Dəfələrlə və təkidlə aclığı dayandırması ona deyilib. Hətta ailəsi də ona təkid edir ki, aclığı dayandırsın. Ancaq adam israr edir. Deyir, haqsız tutublar məni. Ya azad edəcəklər, ya da burada öləcəm. Zatən ölümə də çox yaxındır. Hətta nəzəri cəhətdən günü bu gün azad etsələr Əlizamin bəyi, yenə də o tam sağalmayacaq. Təəssüf ki, uzun müddətli aclıq onun səhhətini tam korlayıb.
Belə bir vəziyyətdə onun əqidə dostları olaraq, toplum olaraq biz nə edək? Biz Əlizamin bəyi zorla əlindən alınmış azadlığı uğrunda kompromissiz mübarizəsinə görə qınaya, onun özünü haqsız çıxara bilmərik. Əslində qınasaq, haqsız çıxarsaq da bir şey dəyişməz. Rejimin qəddarlığının tam əldən saldığı xəstə orqanizmi toplumun onu başa düşməməsini, onu dəstəksiz qoymasını heç qaldıra bilməz. Əlizamin bəyi birdəfəlik itirə bilərik.
Ona görə də belə bir vəziyyətdə tək bir çarə var. Daha kütləvi şəkildə, daha israrla hakimiyyətdən Əlizamin bəyə azadlıq tələb etmək. Yorulmayaq, bezməyək, əlimizi yelləyib keçməyək, hər gün daha çox insan Əlizamin bəyə azadlıq tələb etsin.
Pərvin MƏDƏTZADƏ