GÜRCÜSTANDAN RUSİYAYA "BÖYÜK ERMƏNİ KÖÇÜ" - Yeni “qədim erməni torpaqları” artıq hazırdır

Erməni separatçılarının Azərbaycan torpaqlarına iddialarını “əsaslandıran” tarixi uydurmalarından biri kimi, əsas rolu “Böyük sürgün” mifi oynayır. Guya, ermənilər tarixən İrəvanın, Naxçıvanın və Qarabağın ərazilərində əhalinin əksəriyyətini təşkil ediblər və onları sonradan Şah Abbas İranın dərinliklərinə sürgün edib. “Kavkazplus” yazır ki, amma adıçəkilən ərazilərdə ermənilərin ümumiyyətlə mövcud olmadığı və Səfəvilər dövlətinin erməniləri hər şeydən əvvəl türk əhalinin yaşadığı ölkənin iç ərazilərinə köçürmələri barədə saxtakar “tarixçilər” danışmır.
Saytın məlumatına görə, ikinci Qarabağ müharibəsində erməni təcavüzkarlarının məğlubiyyətindən sonra, Ermənistandan “Böyük sürgün”ün bu dəfə könüllü baş tutması planlaşdırılır. Erməni sosial şəbəkələrindəki əhval-ruhiyyəyə görə mühakimə etsək – elə bir erməni ailəsi yoxdur ki, “Hayastan”ı biryolluq tərk etmək arzusunda olmasın.
Yeri gəlmişkən, bir çox erməni ailələrində artıq belə “planlaşdırılır” ki, məsələn, Rusiyaya kim getsə, orada “yerbəyer olsun”, sonra isə ailənin qalan üzvlərini də “yanına çəksin”. “Ermənistanda perspektiv yoxdur”, “getmək lazımdır”– belə əhval-ruhiyyə artıq vətəndaşlar arasında çox yayğındır. Sosial psixoz yalnız millətçilik zəminində deyil, həm də onun açı nəticələri, peşmançılıq, xəyal qırıqlığı zəminində də ola bilər. Sonda “nə olur-olsun, Ermənistandan qaçıb canını qurtarmaq” istəyi ermənilərin düşüncəsini zəbt edib və “Ermənistanın onsuz da türklərə satılması” barədə şayiələr buna yalnız təkan verir.
2021-ci il fevralın 1-dən sərhədlərin açılması elanından sonra erməni aviakompaniyalarının telefonları susmur. Minlərlə erməni Rusiyaya getmək üçün tez zamanda bilet almağa çalışır. Biletlərin qiyməti isə kəllə-çarxa qalxıb.
Erməni qəzeti “Past” yazır: “Məlum olduğu kimi, pandemiya üzündən sərhədlər bağlanmışdı, gediş-gəlişə məhdudiyyət qoyulmuşdu. Dövlətlər yalnız bəzi şəsxlər istisna olmaqla qapılarını səfərlərə bağlamışdılar. 1 fevraldan 1 marta qədər pilot layihə kimi başladılan “Covid-19-suz səyahət” proqramı başlayır. Bu ərəfədə məlum oldu ki, Ermənistan və Rusiya hökumətləri razılığa gəliblər ki, koronavirus testinin nəticəsi neqativ çıxan Ermənistan vətəndaşları Rusiya hökuməti tərəfindən təyin edilmiş xüsusi hava limanlarına uça biləcəklər”.
Bu yaxınlarda işğal edilən Azərbaycan ərazilərini tərk edərkən evləri yandıran, təbiəti viran qoyan, özləri ilə hər şeyi, hətta unitazları belə aparan erməni köçkünlərin əksəriyyəti də Ermənistanı tərk etməyə hazırlaşır. Amma Kəlbəcərdən “yüklənən” unitazları hava yolu ilə daşımaq mümkün olmaz, çünki onların çəkisi icazə verilən baqaj normasından çox ola bilər. Buna görə də əcdadları hazırkı dövrümüzdən yalnız 190-100-70 il əvvəl Ermənistanda peyda olan erməni vətəndaşlarının içində, “tarixi vətənlərini” quru yolu ilə tərk etmək istəyənlər daha çoxdur. O cümlədən öz maşınlarına “göz bəbəkləri olan əmlaklarını – unitazlarını yükləməklə”. Yəni nəinki onlarla, hətta yüz minlərlə Ermənistan sakini Gürcüstan ərazisindən quru yolu ilə Rusiyaya qaçmaq üçün Ermənistan-Gürcüstan və Gürcüstan-Rusiya sərhədlərinin açılmasını gözləyirlər.
Yaxın gələcəkdə Qafqaz sakinləri dövrümüzün tarixi hadisəsinin “bir tarixi vətəndən”– Ermənistandan yeni “tarixi vətənə” – “qədim xalqın böyük köçü”nə və ya “ermənilərin böyük köçü”nə şahid ola bilərlər. Yeni “Ermənistan” – yeni “tarixi vətən”in “qədim erməni torpağı” olmasına dair erməni tarixçiləri artıq hekayələr uydurmağa başlayıblar. Nəticədə Qafqazın, daha çox isə Gürcüstanın demoqrafiyası kəskin dəyişikliklərə məruz qala bilər.
Birincisi, onu deyək ki, sayı maksimum 2 milyon nəfər olan (Rəsmi statistikaya görə 2,9 milyon nəfər) Ermənistanın hazırkı real əhalisi “yarıya enə bilər”. Belə ki, Ermənistan, Azərbaycanla əldə olunmuş razılaşmalara əsasən, sərhədləri açmağa tələsməsə və Naxçıvanla Azərbaycanın arasında nəqliyyat koridorunu açmasa – proqnozlara görə bu, Ermənistana iqtisadiyyatın dirçəlməsinə ümid verəcək – səhraya çevrilmək perspektivi ilə üzləşəcək. Xüsusilə, kütləvi köçdən sonra qalan sakinlərin böyük əksəriyyətinin “İrəvana toplanacağını” nəzərə alsaq. Ermənistan ərazisinin qalan hissəsi və bəzi istehsal müəssisələrinə sahib olan bir neçə iri şəhər istisna olmaqla, boş qalacaq.
İkincisi, Rusiyanın Şimali Qafqaz bölgəsində onsuz da az olmayan erməni əhalisi kəskin şəkildə artacaq. Krasnodar bölgəsi ermənilər üçün xüsusilə cazibədardır. Təbii ki, erməni miqrant axınının bir hissəsi işğal altında olan Gürcüstanın Abxaziya bölgəsinə köç edəcək. Bəzi məlumatlara görə, burada artıq yaşayan 120 mindən çox ermənidən əlavə, Azərbaycan ordusunun azad etdiyi Qarabağdan köç edən 20 mindən çox erməni separatçı da artıq sakitcə oraya köçüb. Bütün bunlar abxaz etnosunun onsuz da fəlakətli perspektivlərini sadəcə yerlə-yeksan edir – abxazlar yeni tətil mövsümündə əhəmiyyətsiz azlıq kimi qəbul etdikləri “yeni dənizkənarı Ermənistan”ı qarşılarında “qəfildən peyda olmuş” görə bilərlər.
Üçüncüsü, quru yolla Gürcüstandan keçən erməni millətçiləri qonşu ölkəyə qarşı “öz repertuarlarına” uyğun təxribat təşkil edə bilərlər. “Metsamor” atom stansiyasını, onun nəhəng radioaktiv tullantılarını və radioaktiv maddələri, o cümlədn Samtsxe-Cavaxetiyadakı erməni separatçılarını və onların Ermənistanı silah – sursatla təmin etmək təhlükəsini yaddan çıxarmayaq.
Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.org