Kreml Qarabağ üzrə kuratorunu dəyişir, Bakı və İrəvan isə...

Baxış sayı:
7473

Rusiyanın Ermənistandakı keçmiş səfiri yeni vəzifəyə gətirilir, Paşinyan təhlükəsizlik konsepsiyasını dəyişir, Fransa isə Azərbaycanla hərbi əməkdaşlığı gücləndirir - mühüm gəlişmələr... “Paris Bakı ilə energetika və müdafiə sənayesi sahəsində əməkdaşlıqda maraqlıdır”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Bakıda Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşü zamanı deyib. “Azərbaycan Fransa üçün həmişə mühüm iqtisadi tərəfdar olub və biz buna daim böyük önəm vermişik. Biz iqtisadi və maliyyə sahələri üzrə əməkdaşlığın yeni mərhələsinə keçmək istəyirik. Biz həmçinin energetik sferada, bərpa olunan enerji qaynaqları və müdafiə sənayesi sahələri üzrə ikitərəfli əməkdaşlıqda maraqlıyıq”, – deyə fransalı nazir söyləyib. ***** Avropa Birliyinin aparıcı dövləti və ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan, ərazisində ən böyük erməni lobbisinin mövcud olduğu Fransa ilə Azərbaycan arasında əlaqələrin son illər yüksəlişə üz tutması diqqət çəkməyə bilməz. Rusiyanın satelliti olan və onun təsir zonasından uzaqlaşa bilməyən, ölkəmizdən fərqli olaraq, Fransa üçün heç bir iqtisadi cəlbediciliyi olmayan Ermənistanda Bakı-Paris münasibətlərindəki bu istiləşmənin təlaş doğurması da gözləniləndir. Azərbaycanı, təbii ki, Fransa ilə hərbi sahədə əməkdaşlıq məxsusi maraqlandırır - Qarabağa görə. Bu yerdə “Yeni Müsavat” xatırladır ki, ötən ilin sentyabrında Bakıda keçirilmiş “ADEX-2018" beynəlxalq Müdafiə Sərgisində ilk dəfə Fransa iki şirkətlə təmsil olunmuşdu: hərbi-dəniz müdafiəsi sahəsində Avropa lideri olan ”Naval Group" (əsasən sualtı qayıqlar və gəmilər inşa edir) və “Thales” şirkəti. Sərginin keçirildiyi günlərdə məlum olmuşdu ki, Azərbaycanla Fransa hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. Söhbət iki ölkənin müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməklə bağlı anlaşmasından gedirdi.