Nazirliyin 682 min manatlıq tenderini udan şirkət kimindir?

Baxış sayı:
14852

Energetika Nazirliyi 2023-cü ilin dekabr ayının 29-da "Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydalarının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Muxalifet.az xəbər verir ki, bu satınalmanın məbləği 682.000 manat, qalibi isə "ENERGAZER” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1604472151) olub.

"ENERGAZER” MMC 2021-ci ilin avqust ayının 23-də dövlət qeydiyyatına alınıb.

10 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ev 15/21, mənzil 25 ünvanı, qanuni təmsilçisi isə Süleymanov Hüseyn Cabar oğlu olub.

Energetika Nazirliyinin tenderində qalib elan edilməmişdən 2 ay əvvəl Süleymanov Hüseyn Cabar oğlu "ENERGAZER” MMC-nin qanuni təmsilçisi vəzifəsindən uzaqlaşdırılaraq yerinə Məcidli Mikayıl Süleyman oğlu təyin edilib.
 

Məcidli Mikayıl Süleyman oğlu bu şirkətdə qanuni təmsilçisi təyin edildikdən sonra təsis olduğu 2 il müddətində dövlət büdcəsindən maliyyələşən heç bir qurumun satınalmasında qalib ola bilməyən "ENERGAZER” MMC 2 ay sonra Energetika nazirliyinin 682 min manatlıq tenderində qalib elan edilib.

Məcidli Mikayıl Süleyman oğlu "ENERGAZER” MMC-nin qanuni təmsilçisi vəzifəsinə təyin edilməmişdən 7 ay öncə - 2023-cü ilin yanvar ayında "Caspian Energy Club"un Türkiyədəki nümayəndəliyinə - "Caspian Energy Turkiye"in sədri vəzifəsinə gətirilib.

"Caspian Energy Club"un baş icraçı direktoru Telman Əliyevdir.

Hazırda Məcidli Mikayıl Süleyman oğlu "ENERGAZER” MMC-nin qanuni təmsilçisi olmaqla yanaşı, eyni zamanda Telman Əliyevin baş icraçı direktoru olduğu "Caspian Energy Club"un Türkiyədəki nümayəndəliyinə rəhbərlik edir.

Telman Əliyevin baş icraçı direktoru olduğu "Caspian Energy Club"la Energetika Nazirliyi sıx əməkdaşlıq edir.

Eyni zamanda, şirkətlə Energetika Nazirliyinin birgə daimi işçi qrupu da var.

İddialara görə, "ENERGAZER” MMC-nin Energetika Nazirliyinin 682 min manatlıq tenderində qalib seçilməsində "Caspian Energy Club"un baş icraçı direktoru Telman Əliyevlə nazirliyin rəhbər şəxslərinin şəxsi münasibətlərinin olmasıdır.

Qlobal.az məsələ ilə bağlı Energetika Nazirliyindən mövqe öyrənib.

Nazirliyin açıqlamasında deyilir: "Energetika Nazirliyi tərəfindən elan edilmiş "Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydalarının hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" təkliflər sorğusunda dörd iddiaçı tərəfindən təklif təqdim edilmiş və formal tələblərə uyğun olan və ən aşağı qiymət təklifi təqdim etmiş iddiaçı "ENERGAZER” MMC qalib elan edilmişdir".

Qlobal.az