Tanınmış şirkətin 1,7 milyon borcu var - “İndart Holding” də borclanıb

Sumqayıtda fəaliyyət göstərən tanınmış şirkətlərdən biri olan “Az-Lead” MMC-nin vergiyə yaranmış külli miqdarda borcu il keçdikcə artır.
Muxalifet.az xəbər verir ki, istifadəyə yararsız akkumulyator və qurğuşun tərkibli xammalın toplanılmasını, saflaşdırılmış qurğuşun külçələrin istehsalını və ixracı prosesini həyata keçirən şirkətin hazırda vergiyə yaranmış borcu 1 milyon 700 min manatdan çoxdur.
Nizamnamə kapitalı 3 milyon manatdan çox olan şirkətin qanuni təmsilçisi Sadıqov Elxan Asif oğludur.
Şirkətin ötən il vergiyə olan borcu 1 milyon 300 min manat idi. Bu il isə vergi borcu artaraq 1 milyon 700 min manatı keçib.
“Az-Lead” MMC ötən illəri mənfəətlə başa vura bilib. Şirkətin son rəsmi məlumatında 2023-cü ilin 1-ci yarımilliyini 571 min dollar həcmində xalis mənfəət əldə etdiyi qeyd edilib.
Qeyd edək ki, “Az-Lead” MMC-nin nizamnamə kapitalı 100 % “İndart Holding” MMC-yə məxsusdur.
“İndart Holding” MMC-nin özünün də vergiyə 365 min manat borcu var. Bu MMC-nin qanuni təmsilçisi isə Aqşin Qurbanovdur.