“KOÇARYAN MƏNİ QƏBUL ETDİ, XEYLİ SÖHBƏT ETDİK...” – “Paşinyanın əmisi bizim rayonda tanınmış cərrah idi...”

Misir Mərdanov: “Qarabağa qayıtdıq, Qərbi Azərbaycana da qayıdacağıq”
Sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “AzPolitika”-ya müsahibəsində Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, Ermənistandan deportasiya olunmuş soydaşlarımızın qayıdış hüququnun bərpasından, bu kontekstdə siyasi müstəvidə baş verən bəzi məqamlardan danışıb.
Müsahibəni təqdim edirik:
- Misir müəllim, Qərbi Azərbaycan İcması İctimai Birliyinin fəaliyyəti getdikcə genişlənir. Mətbuatda ölkədə və xaricdə çoxsaylı tədbirlərin keçirilməsi barədə məlumatlar yer alır. Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri kimi İcmanın əsas fəaliyyət istiqamətləri haqqında nə deyə bilərsiniz?
– Fəaliyyətimiz son iki il yarım ərzində ondan ibarət olub ki, həftədə bir və ya iki dəfə ümumi iclaslarımız keçirilib. Bu iclaslarda baş vermiş hadisələr və qarşıda duran məsələlər müzakirə olunub. Eyni zamanda, hər bölmənin iş planına baxılmış, nəzərdə tutulan məsələlərin həlli ilə bağlı konkret addımlar atılmışdır.
– İcma yaranandan bu günə qədər hansı işlər görülüb?
– Ümumilikdə, gözlədiyimizdən də çox işlər görülüb. Bunun əsas səbəbi odur ki, bu məsələ - icmanın fəaliyyəti cənab Prezidentin birbaşa diqqətindədir. Onun 2022-ci ilin dekabrında İctimai Birliyin yeni binasının açılış mərasimində iştirakı, orada geniş və dərin məzmunlu çıxışı, strateji məqsədlərin müəyyənləşməsi ilə bağlı xüsusi tapşırıqlar verməsi, “Qayıdış Konsepsiyası”nın hazırlanaraq təsdiqlənməsi olduqca əhəmiyyətli hadisələr oldu. Ötən müddətdə Bakıda, həmçinin ölkənin digər regionlarında xarici ölkələrdən yüzlərlə tanınmış alimin də iştirak etdiyi beynəlxalq elmi konfranslar keçirilib. Bir dəfə də Ankarada böyük konfrans təşkil olunub. Çoxsaylı kitab və məqalələr nəşr olunub. Şəxsən mən özüm bizim yaşadığımız ərazilərlə bağlı böyük bir kitab yazmışam. Kitabın adı belədir: “Qərbi Azərbaycan həqiqətləri: Qaraqoyunlu dərəsinin Göyərçin və Salah kəndləri”. Bu, bölgə ilə bağlı geniş məlumat verən bir əsərdir. “Qərbi Azərbaycan İrsi – Tarixi Sənədlər Toplusu”nun birinci cildi çap edilib. Bu kitabda çox zəngin və real məlumatlar toplanıb. Əsasən Qərbi Azərbaycandakı qəbiristanlıqlara həsr olunan və mühüm tarixi həqiqətləri özündə əks etdirən kitab Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri professor Ədalət Vəliyevin elmi məsləhətçiliyi ilə hazırlanıb.
Deyim ki, insanlarımızın Qərbi Azərbaycan məsələsinə marağı və diqqəti böyükdür. Bu gün Qərbi Azərbaycan əsilli insanların, xüsusilə də onların övladlarının bu məsələyə böyük marağı var. Onlar gəlirlər və soruşurlar: “Biz nə edə bilərik, necə kömək ola bilərik?” İcmanın binasına getsəniz, orada çoxlu sayda xəritələr, arxiv sənədləri, Qərbi Azərbaycan regionları, oranın tanınmış şəxsiyyətləri ilə bağlı son illərdə çap edilmiş kitablar görərsiniz. Bunlar iki il yarım ərzində görülən böyük işlərin yalnız bir qismidir. Qarabağ problemi həll edildikdən sonra bu məsələ dövlət başçısının siyasətində prioritet istiqamətlərdən biri olmuşdur. Cənab Prezidentin dəstəyi ilə icmanın yenidən formalaşması və məsələnin dövlət səviyyəsinə qaldırılması bu vacib sahəni beynəlxalq səviyyədə diqqət mərkəzinə gətirib. Prezidentin də dediyi kimi, bizim heç kimin torpağında gözümüz yoxdur. Amma bu insanların da haqqı var ki, gedib dədə-baba yurdlarında yaşasınlar. O torpaqların çoxu boşdur, insanlar ora qayıtmalıdırlar. Ermənistanın borcudur ki, bu məsələdə bizə şərait yaratsın.
Bizim İctimai Birlikdə nəzərdə tutulan əsas işlərdən biri də ondan ibarətdir ki, hazırda Azərbaycanda nə qədər Qərbi Azərbaycan əsilli insanın yaşadığını dəqiqləşdirək. Sürətlə getsə də, hələlik bu hesablamalar tam başa çatmayıb. Azərbaycanda yaşayanlarla yanaşı, xarici ölkələrdəki Qərbi azərbaycanlıların da sayı, ad-soyadı, harada doğulduqları kimi məlumatları toplayırıq.
Qeyd edim ki, İcmanın işi beynəlxalq səviyyədə o qədər rezonans doğurub ki, hər yığıncaqdan sonra Ermənistan tərəfindən reaksiya gəlir. Onlar qıcıqlanır, qorxuya düşürlər. Çünki biz faktlarla, rəqəmlərlə çıxış edirik. Biz haqlıyıq, yüz illərlə yaşadığımız torpaqlardan zorla deportasiya edilmişik, ermənilər haqsız durumda olduqlarını yaxşı bilirlər, ona görə daha çox təşvişə düşürlər.
- İcmanın əsas fəaliyyət istiqamətlərindən biri də Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıları bir araya gətirmək, gənc nəsli öz yurdları barədə məlumatlandırmaqdır. Maraqlıdır, aldığınız reaksiyalar necədir, insanların geri dönməyə marağı varmı?
– Elələri var ki, 90 yaşı olsa da, deyir: “Arzum budur ki, kəndimə qayıdım”. Gənc nəslin əksəriyyəti də belə düşünür. Ötən müddət ərzində Qərbi Azərbaycan İcmasının verəcəyi şəxsiyyət vəsiqəsinin forması, eləcə də icmanın loqosu hazırlanıb. Həmin vəsiqələr insanlara təqdim olunur. Bu istiqamətdə işlər görülür. Rayon mərkəzlərində və kəndlərdə Qərbi Azərbaycan İcmasının nümayəndələri fəaliyyət göstərir. Müntəzəm olaraq görüşlər keçirilir. Elə gün olur ki, 10-a yaxın tədbir baş tutur. Məsələn, qəbul imtahanlarının nəticələrindən sonra Qərbi Azərbaycandan olan yüksək bal toplamış gənclərlə görüşürük. Bu uşaqlar oraları görməyib, hətta, bəzilərinin babaları deportasiya edilib, heç ataları da Qərbi Azərbaycanı görməyib, amma böyük maraq göstərirlər, sevindirici haldır ki, təsəvvürləri var, təəssübkeşlikləri var. Bir neçə dəfə Sumqayıtda belə tədbirdə iştirak etmişəm. Dünən Neftçalada olmuşam. Naxçıvanda iki dəfə tədbir keçirilib. Bu çoxşaxəli və geniş fəaliyyətin nəticələrinin uğurlu olacağına inanırıq.
– Perspektivə necə baxırsınız? Axı bu gün kəndlərdən şəhərə axın, urbanizasiya güclüdür, gənclər kəndlərdə yaşamaq istəmirlər...
– Əlbəttə, deyə bilmərik ki, biz tezliklə o yerlərə qayıdacağıq. Amma Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, Qarabağa, Göyçəyə, Zəngəzura qayıdacağıq, bəziləri inanmırdı. İllər keçirdi, bu arzu gerçəkləşmədikcə insanlarda müəyyən inamsızlıq yaranırdı. Lakin bu gün Qarabağ azad olunubsa, üç ilə yaxındır ki, Böyük qayıdış davam edirsə, insanlar inamla deyir ki, “niyə də dədə-baba yurdumuza, Qərbi Azərbaycana qayıtmayaq?”. Artıq bu, real perspektivdir.
- Qayıdışa rəvac verəcək siyasi proseslərə də nəzər salaq. Yəqin ki, Azərbaycan-Ermənistan sülh danışıqlarını izləyirsiniz. Bu gedişatdan nə gözləyirsiniz?
– Hadisələrin axarı bizim ürəyimizcədir. Cənab Prezident bu işi elə ustalıqla aparır ki, kənardan baxanda heyran olmaya bilmirsən. Bu gün Azərbaycan əsas siyasi mərkəzlərdən birinə çevrilib. Məsələn, Suriya rəhbərinin ölkəmizə gəlməsi və burada görüşlər keçirməsi, Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı, ölkə başçısının Paşinyanla bu yaxınlarda baş tutan təkbətək görüşü, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının VII zirvə görüşü və digər beynəlxalq hadisələr bizə böyük ümidlər verir. Cənab Prezidentin “Bizim vasitəçiyə ehtiyacımız yoxdur” deməsi özünəinamın və prinsipial mövqeyin nümunəsidir.
Bir hadisəni də xatırlayıram: mən nazir işlədiyim dövrdə Avropa Şurasının baş katibi Valter Şvimmer Azərbaycana gəlmişdi. Onun BDU kollektivi ilə görüşündə bizim alimlər çox emosional şəkildə ona sual verirdilər ki, “Niyə haqsızlığa göz yumursunuz? Niyə Ermənistana qarşı sanksiyalar tətbiq etmirsiniz?”. Valter Şvimmer dedi: “Görürəm, çox əsəbləşirsiniz və haqlısınız. Amma tarixə baxın - İkinci Dünya müharibəsi zamanı Strasburq şəhəri Almaniya ilə Fransa arasında ən gərgin nöqtə idi. Bu gün isə Avropa Şurasının binası məhz orada yerləşir, Almaniya və Fransa razılaşıb ki, Strasburq bizim siyasi məsləhətləşmə mərkəzimiz olsun”. Şvimmer dedi ki, vaxt gələcək, sərhədlər açılacaq və insanlar harada istəsələr, orada da yaşayacaqlar. Demək istəyirəm ki, hadisələr onu göstərir ki, sülh müqaviləsi imzalanacaq, yollar və sərhədlər açılacaq. Şübhəsiz ki, ermənilər arasında da sülhü, qarşılıqlı anlaşmanı istəyənlər var, lazım olan vaxtda onlar ortaya çıxacaq.
– Amma Rusiya buna imkan vermək istəmir...
– Bəli, bu da danılmaz faktdır. Rusiya bölgədə geosiyasi təsirini saxlamağa çalışır. Tək Rusiya yox, İran da imkan vermir. Hərəsi istəyir ki, bu bölgədən öz maraqlarına uyğun nəsə qazansın. Çünki iki yüz ildən artıqdır ki, həmin dövlətlər bu bölgəni xalqları bir-birinə toqquşdurmaqla idarə ediblər, bundan özlərinə qənimət götürərək yaşayıblar. İndi də bu sistemin dağılmasını istəmirlər. Ancaq vəziyyət dəyişib. İndi Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Mən son 50 il ərzində çox şeylər görmüşəm, bir çox hadisələrin canlı şahidiyəm. Məsələn, “Əsrin müqaviləsi”ndə çox ciddi məqamlar var idi və o zaman Ulu Öndər Heydər Əliyev açıq şəkildə dedi ki, bu xətt Rusiyadan keçməyəcək. Bununla da, Azərbaycan müstəqilliyinin bir növ təməli atıldı. Neft kontkraktlarının imzalanması məsələsi çox ciddi hadisə idi və həyati əhəmiyyətə malik idi, bunu 90-cı illərin əvvəllərində hamı yaxşı bilirdi, hakimiyyətdə olan hər kəs də bu müqavilələri imzalamağa çalışırdı. Ancaq əhəmiyyəti qədər də mürəkkəbliyi olan bu hadisə ilə bağlı ölkədə 3-4 dəfə hakimiyyət dəyişikliyi oldu. Mən xatırlayıram, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan “Əsrin müqaviləsi” ərəfəsində Rusiya birdən-birə bunun əleyhinə çıxdı və sərt bəyanatlar verdi. Doğrusu, heç kəs inanmırdı ki, müqavilə imzalana bilər. Yaddan çıxarmamalıyıq ki, “Əsrin müqaviləsi” məhz Heydər Əliyevin şəxsi nüfuzu, böyük diplomatik ustalığı, siyasi səriştəsi hesabına baş tutdu. Yaxşı yadımdadır ki, o müqavilə imzalananda biz sevincdən kövrəlmişdik.
– Zəngəzur dəhlizinin açılmasına ümidiniz varmı?
– Əlbəttə! Açılacaq!
– Necə olacaq bu proses?
– Söhbət orada 43 kilometrlik bir ərazidən gedir. İndi deyirlər ki, ABŞ bu dəhlizi 100 illik icarəyə götürmək istəyir. Amma tərəflər hələlik buna razı deyillər. Məncə, növbəti görüşlərdə Prezident İlham Əliyev bu məsələni Paşinyanla həll edəcək. Bilirsiniz, indi müxtəlif fərziyyələr səsləndirilir, insanları çaş-baş salırlar. Kim nə deyir desin, mənə elə gəlir ki, ən düzünü ölkə başçısı bilir. Özü demişkən, “nəyi, nə vaxt və necə etməli olduğunu” yaxşı bilir. Elə bir anda görəcəyik ki, sənəd imzalanıb.
- Eşitmişik ki, 2000-ci ildə Siz Ermənistanda olmusunuz. Bu doğrudurmu?
- 2000-ci ildə Azərbaycanın təhsil naziri kimi Avropa Şurasının Ermənistanda keçirdiyi tədbirə qatılmışdım. Tədbirdən sonra İrəvanda onların təhsil naziri, parlament sədri və prezidenti ilə görüşdük. O zaman prezident Koçaryan idi. Dəyirmi stol arxasında söhbət edərkən məndən nə arzuladığımı soruşdular. Mən də bildirdim ki, anadan olduğum kəndi görmək istəyirəm. Mənim üçün sürücü, eyni zamanda mühafizəçi ayırdılar və öz kəndimizə getdim, evimizdə oldum. 1954-cü ildə tikilib başa çatmış evimiz 46 il müddətində öz dayanıqlığını saxlamışdı...
– Evinizdə kim yaşayırdı?
– Yaşlı bir qadın və bir kişi yaşayırdı. Həyətimizə baxdım, çox dəyişmişdi. Bəzi meyvə ağacları qurumuşdu. Həyətdən bir qədər torpaq və bulaqdan su götürdüm. Qəbiristanlığa da baş çəkdim, uçmuş qəbir görmədim.
– Sonra bunu Heydər Əliyevə məruzə etdinizmi?
– Bəli, məruzə etdim. Mən tarixdən məlumatlı biri kimi deyirəm: istənilən müharibənin sonu sülhlə bitir. Bu müharibə də bitdi və sülh olacaq.
– Siz erməni cəmiyyətini yaxşı tanıyırsınız. Sizcə, onlar yenidən keçmişə qayıda bilərmi? Təhlükə varmı ki, revanşist ideyalar baş qaldırsın?
– Bəli, hələ də revanşist düşüncəli qüvvələr, partiyalar var. Məsələn, Daşnaksütyun partiyası çox avantürist bəyanatlar verir. Amma Nikol Paşinyan da var. Onun əsli bizim İcevan rayonundandır. Yaxşı xatırlayıram, 70-80-ci illərdə onun əmisinin rayonun tanınmış cərrahı kimi kəndimizin üzdə olan insanları ilə yaxın münasibətləri var idi. Paşinyanla üz-üzə gəlsəm, bu məsələləri mütləq ona xatırladaram. Hesab edirəm ki, Paşinyan baş verənlərdən düzgün nəticələr çıxarmağa çalışır. Nəhayət, anlayır ki, danışıqlardan başqa yol yoxdur. Fransa və Rusiya onu yenidən qızışdırmağa çalışsa da, hiss olunur ki, Paşinyan bu prosesdən qurtulmaq istəyir.
– Paşinyan elə dünən dedi ki, “kaş çoxdan deyərdim ki, Qarabağ Azərbaycanın bir hissəsidir”...
– Bəli, bu onun tərəddüdlərini arxada qoyduğunu göstərir. Bu etirafın özü artıq dönüş nöqtəsidir. İndi reallıqları qəbul etməyin vaxtıdır. Bəlkə də diplomatiyadır, yaxud xislətinə yaxşı bələd olduğumuz ermənilərin növbəti fitnəkarlığıdır, ancaq istəyirəm ki, səmimiyyətə inanam və regionumuzda sülh, əmin-amanlıq olsun! Mənim bu məsələyə böyük ümidim var. Bu ümidin də əsasında cənab Prezidentin apardığı prinsipial və milli maraqlara əsaslanan siyasət dayanır.
– Ermənilər iddia edirlər ki, Qərbi Azərbaycan İcmasını yaratmaq, dövlət səviyyəsində dəstəkləmək Ermənistana qarşı ərazi iddiasıdır. Azərbaycanda da bəzi ekspertlər təklif edirlər ki, İcmanın “Ermənistandan deportasiya olunmuş azərbaycanlıların ictimai birliyi” kimi adlanması beynəlxalq arenada əl-qolumuzu açar. Bu təklifə münasibətiniz necədir?
– Bu məsələdə mövqeyim qətidir: ad artıq qoyulub və bu ad dəyişdirilməməlidir. Bu insanlar sadəcə olaraq gedib doğulduqları, yaşadıqları yerdə yaşamaq haqqını istəyirlər. Burada ərazi iddiası yoxdur, hüquqi və mənəvi haqqın bərpası var. Əlbəttə, Daşnaksütyun kimi ekstremist qüvvələr bu prosesə mane olmağa çalışır. Onlar bu cür təşəbbüslərə aqressiv şəkildə reaksiya verirlər. Amma bu bizim yolumuzu dəyişdirməməlidir. İndi mən inanıram ki, necə ki, biz Qarabağa qayıtdıq, eləcə də Qərbi Azərbaycana qayıdacağıq. Hətta təkcə qayıtmaqla kifayətlənmədik – Qarabağı yenidən qurduq. Böyük işlər görülür. Biz yalnız torpaqları azad etmədik. Eyni zamanda, min illərdir bölgədə sülh və sabitliyə mane olan, türk xalqları arasında parçalanma yaratmağa çalışan erməni ideologiyasını da ifşa etdik.
E.Rüstəmli
E.Bəyməmmədli