ARAZ AĞALAROV DA BAKIYA GƏLDİ - Rusiyada anti-Azərbaycan isterikası davam edir / VİDEO

Baxış sayı:
301

Rusiyada Azərbaycana və azərbaycanlılara qarşı başladılan düşmənçilik və təqib kampaniyası fonunda tanınmış azərbaycanlı iş adamlarının Azərbaycana qayıdışı müşahidə olunmaqdadır. Artıq xəbər verildiyi kimi, bir neçə gün əvvəl İsgəndər Xəlilov ailəsi ilə birgə Bakıya qayıdıb.

İndi isə Rusiyada yaşayan digər azərbaycanlı iş adamı və milyarder Araz Ağalarov Bakıya gəlib.

Bu barədə “instaqram”da onun oğlu, Azərbaycanın xalq artisti Emin Ağalarov məlumat paylaşıb.

Emin Ağalarov qeyd edib ki, ilk dəfə atasına “Sea Breeze”i gəzdirib və ona şəhərciklə bağlı detallı məlumat verib. E.Ağalarovun sözlərinə görə, atası buraya 7 il əvvəl gəlib, lakin o zaman indiki geniş infrastruktur olmayıb.

Sənətçi görüntüləri özünün “Ata” mahnısını ilə paylaşıb və xatirə fotolarını da əlavə edib.

Anti-Azərbaycan kampaniyası başlanandan və diaspor rəhbərlərinin həbsindən sonra bir sıra Rusiya KİV-ləri Araz Ağalarovun da cinayət təqibi təhlükəsi ilə Rusiyanı tərk etdiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, 22 mart 2024-cü ildə Crocus City Hallda Piknik qrupunun konserti zamanı terror aktı baş verib. Hücum nəticəsində 145 nəfər həlak olub, 500-dən çox insan yaralanıb, konsert zalı dağıdılıb. Həmin vaxt Emin Ağalarov jurnalistlərə açıqlamasında bildirib ki, terror aktı nəticəsində Araz Ağalarovun “Crocus Group” şirkətinə dəymiş ziyan 150-200 milyon dollar təşkil edib. Elə o vaxt da Kremlə yaxın təbliğat orqanları və blogerlər həmin hadisədən Azərbaycana və azərbaycanlılara qarşı istifadə etməyə çalışmışdılar./azpolitika