​Naxçıvanlıların pulu ilə Cocuqmərcanlıda ev tikilir – BƏS DÖVLƏTİN AYIRDIĞI VƏSAİT HARA XƏRCLƏNİR?

Son aylar Naxçıvan Muxtar Respublikası (MR) sakinlərinin hər birinin maaş və pensiyasından 10 manat tutulur.
Qeyd edək ki, bu haqda informasiya hələ bir neçə ay öncə redaksiyamıza daxil olsa da, məlumatı verən mənbə adını anonim saxladığından, mövzuya o qədər də əhəmiyyət verməmişdik. Ancaq bu gün redaksiyamıza zəng açan və verdiyi informsiyanın etibarlılığına şübhə etmədiyimiz mənbə də rəsmilərin bu qanunsuz əməlindən şikayətləndi. Odur ki, mövzunu saytımızda işıqlandırmaq qərarına gəldik.
Hurriyyet.org-a məlumat verən mənbənin sözlərinə görə, rəsmi qurumlar həqiqətən də dövlət müəssisələrində çalışan vətəndaşların maaşından hər ay 10 manat tutur və onlara bu pulun Cocuqmərcanlıda qaçqınlar üçün tikilən evlərə sərf olunduğu bildirir.
Lakin dövlət tərəfindən qaçqınlar üçün tikilən evlərə yetərincə vəsait ayrıldığından, sakinlər onların maaş və pensiyasından tutulan pulların məmurların cibinə getdiyini deyirlər. Bu baxımdan da son vaxtlar əhali arasında ciddi narazılıq yarandığı vurğulanır.
Naxçıvan sakinləri “dövlətin qaçqınlara ayırdığı vəsait hara xərclənir ki, bizim pulumuzla onlara ev tikirlər?!” – deyərək, rəsmilərin onları aldatdığını qeyd edirlər.
Hətta bəzi sakinlərin fikincə, bu məsələ bir qrup məmurun fırıldağıdır və bundan Muxatar Respublika rəhbərliyinin xəbəri olsaydı, baş verən qanunsuzluğun qarşısı alınardı... 


Redaksiydan: Mövzu ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışacağıq.