“Asılılıq 10 yaşda da ola bilər” - PSİXOLOQ

Baxış sayı:
163

Hüseyn Həsənov: “Bədənin yeyib-içməkdən aldğı zövqləri bitir, yeni zövqlər axtarır...”

“Hər şeyin dadına baxıb, artıq daha fərqli adrenalin istəyən insanlarda da buna rast gəlinir”

Adətən narkotik istifadəçiləri deyirlər ki, onları bu bəlaya düçar edən asılılıqdır. Bu fikir həm də psixoloqlar tərəfindən səsləndirilir. Cəmiyyət arasında isə belə bir rəy hökm sürür ki, hər şey insanın özündən asılıdır, yəni asılılıq deyilən faktorun insan üzərində təsirindən söhbət getmir.
Bir sözlə, hər insan bu məsələyə öz prizmasından baxır. Amma asılılığın kökündə nə durduğu, onun qarşısının profilaktik üsullarla alınmasının mümkün olub-olmadığı da önəmli məsələdir. Çünki, göründüyü kimi, onun təzahürlərindən biri olan narkomaniya problemi cəmiyyətdə hər kəsi dərindən narahat edir. Xüsusilə də ona görə ki, narkomaniyanın qarşısını almaqda yetərli uğura nail ola bilmirik. Bu və digər problemlərə nəzər salmaq üçün psixoloq Hüseyn Həsənovla söhbətləşdik. 

 
- Hüseyn bəy, narkotik istifadə etmiş insanlar bildirirlər ki, onları buna vadar edən asılılıqdır. Necə düşünürsünüz, asılılıq psixoloji pozuntudur, yoxsa “seçim”dir?
 
- Asılılıq seçim deyil. Psixoloji pozuntu da deyil. Əsində, asılılıq tamamilə anatomik-bioloji məsələdir. Bir yerdən sonra bədən onu tələb edir. Sadəcə, psixoloqla həll olunacaq məsələ olmadığı üçün psixoloji məsələ də deyil. Bu, psixoterapevtin işidir.
 
Mən psixoloqam. Buna görə bilirəm ki, asılı insanlar həkimlərlə işləməlidir. Burada dərmanla müalicə lazımdır. Müəyyən qədər də psixoloqun köməyi lazımdır. Psixoloji səbəb məsələnin daha başlanğıc tərəfindədir. Biraz da narkotki atmamaq üçün bəhanədir ki, məsələn, mən bunu edəndə rahatlaşıram. Buraxmamaq üçün dirənişdir. Burada psixoloji dəstək lazımdır ki, onun beynini ikna etməyə kömək etsin - yəni “sən narkotiki buraxa, bu olmasa da həyatını davam etdirə bilərsən”. Bundan sonra onu razı salıb, müalicəyə başlamaq olur. Amma müalicə hissəsi psixoloqluq deyil.
 
- Bildirdiniz ki, asılılıq anatomik-bioloji məsələdir. Burada qaynaq nədir?
 
- Anatomik məsələ onun bədəninin tələb etməsidir. Bu, bioloji məsələdir. Yəni bu sadəcə psixoloji bir şey deyil. Bir yerdən sonra - necə ki, bədən ac olanda yemək, susuz olanda su tələb edir, - o şəkildə də həmin maddəni tələb edir. O maddə bədənin təlabatına dönüşür. Amma, dediyim kimi, asılılığı sadəcə psixoloji dəstək almaqla yox, dərman müalicəsi, psixoterapevtin dəstəyi ilə tərgidə bilirlər.
 
Asılılığın fərqli yaşı və səbəbi ola bilər. Məsələn, ola bilər, deyilsin ki, yoxla görək bu necə şeydir. Şəxs də bunu yoxlaya və asılılığa düşə bilər. Çox vaxt da bu belə başlayır - problemlərdən qurtulmaq üçün kimsə təklif etmişdi, o da narkotikə qurşanmışdı. Bu, hər yaşda ola bilər. 10 yaşda da, 13-15 yaşda da. Bu, ən çox kimlərdə baş verir: boşluqda olan, nəzarət olunmayan, tək olan, ətrafında çoxluq olsa da özünü tək hiss edən, narkotiki bir çıxış yolu kimi görən insanlarda. Əlavə bir şey də var. Bu da çox sıx hallarda görülür. Hər şeyin dadına baxıb, artıq daha fərqli adrenalin istəyən insanlarda da bu rast gəlinir. Onlarda dopamin çatmır, çünki bədənin yeməkdən, içməkdən aldığı zövqləri bitir. Yeni zövqlər axtarır. Onda da narkotikə qurşana bilir. Kiçik dozalarla başlayır, ard-arda davam edir, çünki bədən istəyir, daha çox tələb edir.
 
- Bəs asılıları asılı olmayanlardan fərqləndirən nədir? Nİyə bəziləri asılı olur, bəziləri yox?
 
- İki səbəb var. Biri qeyd etdiyim bioloji məsələdir. Digəri də istifadədən alınan hissdir. Bu hiss unutma hissi ola bilər, sakitləşmə hissi ola bilər. Yəni istifadəçi aldığı hissi təkrar dadmaq istəyir. Asılılıq pornoqrafiya üçün də ola bilər, masturbasiya üçün də ola bilər. Yəni asılının bundan aldığı zövq nədir? Bunda nəyi tapa bilir? Şəxs asılı olduğu şeyi dadanda hansı hissi alırsa, həmin hissi təkrarlamaq istəyir. Sualın cavabı bundadır. Həmin an onun xoşuna gəlir, asılılıq burada yaranır. Həmin an, eyni zamanda, ona zərər verdiyi üçün zərərli asılılıq adlanır. Yeri gələndə, hər gün su içmək də bir asılılıqdır. Amma zərərli asılılıq deyil. Bu asılılıq onların həyatlarına mənfi təsir etdiyi üçün tərgidilməsi gərəkən asılılıqdır.
 
- Yəni asılılığı tətikləyən faktor həzzdir?
 
- Eyni həzz hissini təkrar yaşamaq. Məsələn, uşağın ağlamasını götürək. Uşaq görür ki, ağlayanda valideynlər onun ətrafında pərvanə kimi fırlanır. Başlayır ağlamağı asılılıq halına gətirməyə. Nə istəsə ağlayaraq istəyir. Çünki ağlayanda istədiyi hər şey olur. O duyğunu, o qayğını yaşamaq istəyir. Məsələn, yaşlı adamlarda da belə hiss olur - xəstəliyi şişirtmək. Diqqəti cəlb etsin deyə. Bu da qayğı asılılığıdır. Adam baxır ki, şişirdəndə daha çox qayğı olur, o hissi yaşamaq istəyir.
 
- Bəs asılılıqdan sığortalanmış adamlar varmı, yoxsa bu, hər kəsin başına gələ bilər?
 

- Mənəvi, psixoloji boşluğa düşən insan hər an fərqli-fərqli asılılıqlara qurşana bilər. Məsələn, deyə bilərəm ki, mən heç vaxt narkotikdən istifadə etməyəcəyəm. Gerçəkdən də elə ola bilər. Amma mənim də başqa asılılığım ola bilər. Telefon asılılıqları var. Adam bir post paylaşır, baxır ki, “layk” oldumu, neçə “layk” oldu... Bu da bir asılılıqdır. Çünki “layk”ın artdığını görüncə, adamın eqosu tətmin olur, natamamlıq tərəfi tamamlanır. Bu da onun asılılığıdır. Əlbəttə, heç bir asılılığı olmayan insan da ola bilər. Amma üzərində çox işləmiş, özünü inkişaf etdirmiş, özünü dinləyən, özüylə üzləşən, nəsə problem olanda "mən dəli deyiləm ki, psixoloqa gedəm" deməyən, professional dəstək alan insanlar ola bilər. Asılı olmamaq dost-tanışın "yekə kişisən, ailən var, uşağın var"la olası bir şey deyil. Ya da "böyük qızsan", "sən beləsən, eləsən"lə də əmələ gələn bir şey deyil. Bunlar sadəcə qınamalardır. Heç bir işə yaramır. Bu, insanı müvəqqəti saxlaya bilər. Məsələn, kimsə dini yolla “özünü boğa”, haramdır deyə özünü sıxıb saxlaya bilər. Amma həqiqətən həll olunmursa, bir yerdən vurub çıxacaq. Gerçəkdən də çox dini bütün insanlar olur ki, Allah qorxusu, Allah rizası, cənnət-cəhənnəm onları saxlaya bilir. Amma bu da istənilən yanaşma deyil. İnsan namaz qılırsa, ya da dindardırsa, bu o demək deyil ki, insan heç bir günaha girməyəcək. Axı nəfs ölmür. İnsan nəfsi tərbiyə olunur, amma ölmür. Psixoloji travmaları həll etməsə, nə vaxtsa etdiklərini təkrar yaşaya bilər.
 
- Bəs asılılığın qarşısı hansı profilaktik tədbirlərlə alına bilər və neçə yaşda bunu etmək yaxşı olar?
 
- Asılılığı varsa, birbaşa müdaxilə olunmalıdır. Maarifləndirmə olmalıdır. Məsələn, narkotikin nəticələrini insanların beyninə həkk etmək lazımdır ki, zarafatla da  bunun dadına baxmaq olmaz. Hər hansı bir dərman yoxdur ki, deyəsən, asılılıqdan əvvəl bunu içəndə bədən tələb etməyəcək. Başlayandan sonra təlabat formalaşır. Amma bunu da maarifçiliklə həll etmək lazımdır.
Stopnarkotik.az