Natiq Hacıyev də polisə aparılıb...

Dünən ölkədə keçirilən növbədənkənar Prezident seçkilərində müşahidəçi kimi iştirak edən ADP üzvü Natiq Hacıyev zorla seçki məntəqəsindən uzaqlaşdırılaraq polis idarəsinə aparılıb və orada fiziki təzyiqlərə məruz qalıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ADP-çi fəal Natiq Hacıyevin özü məlumat verib: “Mən Sabunçu rayonu ərazisində bir neçə seçki məntəqəsində oldum. Axşam saat təxminən 6 radələrində Bakıxanov qəsəbəsində 94 saylı orta məktəbdə yerləşən 7 saylı seçki məntəqəsində müşahidə aparırdım. Axşam saatlarında bir qadının topa bülletenləri qutuya atarkən onu saxladım və əlindəki bülletenləri alıb protokollaşdırmaq istədim. Bu vaxt məntəqə komissiyasının sədri kiməsə zəng etdi. 5 dəqiqə keçməmiş içəri 3-4 nəfər polis əməkdaşı daxil oldular. Onlar mənə qarşı hücuma keçib əlimdəki bülletenləri almaq istəyərkən mən onlardan seçkilərə müdaxilə etməməyi tələb etdim. Onlar məni zorla məntəqədən çıxarıb Sabunçu Rayon Polis İdarəsinə gətirdilər və orada məni fiziki təzyiqlərə məruz qoydular. Məni səsverməyə müdaxilədə günahlandırırdılar. Bu qanunsuzluğa etiraz edərək özümə xəsarət yetirdim. Səsvermə bitəndən sonra məni sərbəst buraxdılar.”
Xatırladaq ki, dünən keçirilən seçkilərdə baş verən qanun pozuntularının qarşısını aldığına görə fiziki zorakılığa məruz qalan və zorla məntəqələrdən uzaqlaşdırılanlar barədə xeyli məlumatlar var.
Parodoksal haldır ki, Azərbaycandakı demokratiya və insan haqları sahəsində mövcud olan acınacaqlı vəziyyət və seçki prosesinə hakimiyyət orqanlarının kobud müdaxilələri bir sıra nüfuzlu beynəlxalq təşkilatlarının hesabatlarında sərt tənqid edilsə də, Azərbaycan hakimiyyəti nöqsanları aradan qaldırmaq əvəzinə özünün opponentlərinə və tənqidçilərinə qarşı qanuna zidd əməllərindən əl çəkmək istəmir.
Rauf,
Muxalifet.az