Milli Şuranın piketində qarşıdurma yaratmaq cəhdləri... – SOSİAL ŞƏBƏKƏLƏRDƏKİ TƏXRİBAT XARAKTERLİ ÇAĞIRIŞLARIN QARŞISI ALINMALIDIR

Baxış sayı:
7387

Xəbər verildiyi kimi, Milli Şura 8 oktyabr, saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qarşısında piket keçirəcək. Bir saata yaxın davam edəcək aksiyada Milli Şuranın 19 yanvar 2019-cu ildə keçirdiyi mitinqdən sonra ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz olunması nəzərdə tutulur. Qeyd edək ki, təşkilatçılar Meriyanın piketə razılıq verməsini müsbət addım kimi qiymətləndirsələr də, sosial şəbəkələrdə bu aksiya ilə bağlı bəzi qanunsuz çağırışlar da səslənir. Belə ki, qanunla piketdə ən çoxu 50 nəfər iştirak etməli olduğu halda, Milli Şuranın bəzi üzvləri tərəfindən “müşahidəçi statusunda” aksiyada minlərlə insanın iştirak edəcəyi haqda fikirlər bildirilir. Üstəlik, sosial şəbəkələr üzərindən insanları kütləvi halda BŞİH-in qarşısına dəvət edənlər də var. Nəzərə alsaq ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) aksiyaya icazə verildikdən dərhal sonra, piket zamanı hər hansı qanunsuzluğa yol veriləcəyi halda müvafiq tədbir görüləcəyi ilə bağlı təşkilatçıları xəbərdar edib, o halda bu kimi çağırışlar anlaşılan deyil. Ən azı ona görə ki, Milli Şuranın elektorat baxımından 50 nəfərlik piket keçirmək kimi bir probleminin olmadığı bəllidir. Belə olduğu halda, hansı satatusda iştirak etmələrindən asılı olmayaraq, insanların kütləvi şəkildə piketə dəvət olunması aşkar təxribat və qarşıdurma yaratmaq cəhdindən başqa bir şey deyil. Yeri gəlmişkən, AXCP sədri Əli Kərimlinin özü də bəyan edib ki, bu piketin məqsədi daha kütləvi, dinc etirazlara şərait yaratmaqdan ibarətdir: “Hökumətə də, xalqımıza da mesajımız aydın və birmənalıdır. Ölkədə xalqımızın konstitusiya ilə müəyyən olunmuş sərbəst toplaşmaq azadlığna nail olmaq üçün istənilən fədakarlığı edəcəyik, mitinq keçirmək hüququmuzdan vaz keçməyəcəyik”. Əgər həqiqətən də, bu piketin keçirilməsində məqsəd gələcəkdə daha kütləvi aksiyaların keçirilməsi hüququ əldə etməkdirsə, o zaman təxribat xarakterli çağırışlara nə ad vermək olar? Şübhə yoxdur ki, bu piket zamanı hər hansı xoşagəlməz hadisə yaşanarsa, bundan sonra Meriya nəinki kütləvi aksiyalara, heç piketlərin keçirlməsinə də icazə verməyəcək. Bunu kim bilməsə də, Milli Şura rəhbərliyi daha yaxşı bilir. Belə olduğu halda, insanları kütləvi şəkildə BŞİH-in qarşısına toplayıb, burada qarşıdurma yaratmaq cəhdi qətiyyətlə pislənilməlidir. Əlbəttə, insanların bu kimi çağırışlara nə cür reaksiya verəcəyi də başqa bir mövzudur... Bəlli olduğu kimi, son vaxtlar Milli Şura rəhbərliyi 19 yanvar mitinqinin kütləviliyindən tez-tez danışır. Belə fikirlər ortaya atılır ki, hakimiyyət bu aksiyanın kütləviliyindən ehtiyat etdiyi üçün, sonradan vətəndaşların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmağa məcbur oldu. Görünür, bu gün sosial şəbəkələr üzərindən insanların piketə dəvət olunması, bu aksiyada “müşahidəçi” qismində minlərlə insanın iştirak edəcəyi haqda bəyanatlar da 19 yanvar mitinqinin yaratdığı eyforiyadan qaynaqlanır. Əslində isə Milli Şura rəhbərliyi bu məsələdə hesabı qarışdırıblar... Qeyd edək ki, Milli Şuranın təşkil etdiyi 19 yanvar mitinqində rəsmi olaraq 8 min nəfərin iştirak etdiyi bildirilir. Aksiyanın təşkilatçıları bu rəqəmi bir qədər yüksək göstərə bilərlər. Amma rəsmi statistika əsasında aparılan təhlillər onu göstərir ki, bu mitinqin kütləvi alınması Milli Şuranın cəmiyyətdəki reytinqi ilə bağlı olmayıb. Xatırladaq ki, həmin ərəfədə islah əmək müəssisəsində cəza çəkən bloger Mehman Hüseynovun cəzası qanunsuz olaraq artırılmış və bu məsələ sosial şəbəkələrdə böyük etiraza səbəb olmuşdu. Milli Şuranın sözügedən mitinqinin şüarlarından biri də Mehman Hüseynova azadlıq tələb etmək olduğundan, blogerin cəzasının artırılmasına etiraz edən gənclər kütləvi şəkildə aksiyaya axın etmişdilər. Hətta belə fikirlər var ki, mitinqdə iştirak edən 8 min (rəsmi) nəfərdən 6 min nəfərə yaxını məhz Mehman Hüseynova qarşı ədalətsizliyə etiraz edən gənclər idi. Belə olduğu halda, Milli Şura rəhbərliyinin 19 yanvar mitinqinin eyforiyasından çıxması məsləhətdir... Əlbəttə, biz Muxalifet.az olaraq Bakı Şəhər İcra Hakimiyyəti qarşısında Milli Şuranın piket keçirməsinə icazə verilməsini təqdir edirik. Həmçinin, gələcəkdə daha kütləvi aksiyaların təşkilinin və insanların sərbəst toplaşmaq azadlığına şərait yaradılmasının tərəfdarıyıq. Onu da düşünürk ki, bu aksiyaların paytaxtın ətrafında deyil, mərkəzi meydanlarda keçirilməsinə razılıq verilməlidir. Amma, bütün bunlarla yanaşı, təxribat xarakterli çağırışlarla hakimiyyətdəki müəyyən qüvvələrin “dəyirmanına su tökərək”, gələcəkdə aksiyalara icazə verilməməsinə “səbəb” yaratmağın da əleyhinəyik. Odur ki, Milli Şuranın hansısa qarşıdurmaya rəvac vermədən, 50 nəfərlik piketini dinc şəraitdə başa çatdırması daha arzuolunandır. İstisna deyil ki, ölkədə baş verən hər bir xoşagəlməz hadisə, süni gərginlik, iğtişaş yaratmaq cəhdləri, eləcə də iqtidar və müxalifət arasındakı qarşıdurma Azərbaycanın beynəlxalq imicinə böyük zərbə vurur. Məsələn, biz yaxın tarixdə baş verən iki olaya diqqət çəkək: Gəncə hadisələrinin süni surətdə şişirdilməsi və SOCAR-ın mühafizə xidməti əməkdaşlarının Qarabağ qazilərinə divan tutması. Hansı ki, bu hadisələr Azərbaycanda görülən müsbət işlərin üzərinə kölgə salmaqla yanaşı, ölkəmizin beynəlxalq imicinə də böyük zərbə oldu. Bu səbəbdən, Milli Şuranın 8 oktyabr mitinqinin də bu cür qarşıdurmaya səbəb olmaması, yuxarıda qeyd etdiyimiz kimi, dinc şəkildə başa çatması bizim üçün arzuolunandır. Əks halda, bu, nə dövlətimizə, nə də millətimizə başucalığı gətirməyəcək. Günay ƏSƏDOVA, Muxalifet.az