Milli Məclis “özünü buraxır”, bəs Prokurorluq?.. – MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
5724

İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının keçiriləcəyi bildirilir. Deyilənə görə, başlıca məsələ yenə də “özünü buraxma” olacaq. Deputatlar artıq bu “özünü buraxma”dan geninə-boluna yararlanır, vətəndaş seçicilərini qəbul etməkdən belə imtina edirlər. Amma pozitivlər daim qalır. MM-in Aparatı müraciətləri yüksək peşəkarlıqla qəbul edib cavablandırmaqdadır.

Gerçəkdə, Milli Məclisin “özünü buraxma” prinsipi, qaydası seçkili orqan olmasından qaynaqlanır. Deputatların üçdən birinin (42 nəfər) imzası ilə prosedur gerçəkləşir. Di gəl, ölkə reallığı elə görüntü yaradır ki, sanki heç bir qurum yerində deyil, elə bil bütün məmurlar “özünü buraxıb”. Özəlliklə, ən çox üzdə olan insan hüquqları, sosial müdafiə sahəsində boşluqlar “özünü buraxma” yetkisi  bağışlayır.

Təsəvvür edin, 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasını qərəzlə mənimsəyirlər, hətta 7 il qabaqkı məhkəmə qərarı ilə ayrılan əlavəni də kəsirlər, bütün dövlət, hüquq orqanları qanunun, Konstitusiyanın  yox, dılğır bir sosial, pensiya məmurunun rüşvətinin “ALİLİYİNİ” bildirməkdən doymurlar. Belə “rüşvət aliliyi”nin sonucudur ki, 1-ci dərəcəli əlilə qulluq edən həyat yoldaşının pensiyasını da “şanlı-şöhrətli”, yüksək rüşvətli məmurlar azaldıblar. Ombudsman Aparatının rəhbəri isə bu sosial özbaşınalığı, qərəzi “konfidiensial hüquq xidməti” sayır. (?) Heç demə, “şanlı rüşvət sosialistlərimiz” qazinin həyat yoldaşının pensiyasını 7 il qabaq düz hesablamayıbmış, artıqlamasilə veribmiş, indi 7 ildən sonra pensiyaçı müəllimin DSMF büdcəsinə 1082, 7 manat borcu yaranıb. Qazinin özünün borcu isə isə faizi ilə birlikdə 4 mini keçib. Əcəb sosial xidmətdir, qazi, əlil ailəsi pensiyasının düz hesablanmamasından, hətta 7 il qabaqkı məhkəmə qərarı ilə ayrılan əlavənin mənimsənilməsindən şikayət edir, düz hesablamaq yerinə , 7 il qabaq (həyat yoldaşına) artıq hesablanma müəyyən edirlər. (?)

Gələk başlığa çıxardığımız qonuya. Baş prokurorluğun adı Konstitusiyada özəl vurğulanıb, 133-cü maddə ilə qanunların icrasına və tətbiqinə nəzarət prokurorluq orqanlarının üzərinə qoyulub. Di gəl, prokurorluq Konstitusiya ilə üzərinə qoyulan görəvi icra etməkdən imtina edir. Yoxsa prokurorluq da “özünü buraxıb”? Əvvəllər şikayətlərin qeydə alınmasına qadağa qoyulurdu, indi şikayətlər qeydə alınır, amma baxılmır. Təsəvvür edin, 15 aydır pensiyası kəsilən qazi 14 aydır baş prokurorluğun 161, 961 bağlantı xəttlərinə zəng edir, ortalıq 50 şikayəti qeydə alınıb, di gəl, bir dəfə də olsun izahatı belə alınmayıb. Hələ yazılı, onlayn şikayətləri demirik. Qəbula yazılmağa isə qazinin baş prokurorluqda işləyən “bacoğluları”, “qardaşoğluları”  əmi- dayı “qayğısı” ilə qadağa qoyub. Heç demə, pensiya saxtakarlığı, məhkəmə-ədliyyə dələduzluğu, korrupsiyası ... prokurorluğun səlahiyyətlərinə aid deyil!(?) Bəs nəzarət necə olsun, axı pensiyanın düz hesablanmaması ilə bağlı pozuntuları prokurorluq araşdırır, ədliyyə orqanlarında qanunların icrasına, ibtidai istintaqa nəzarəti prokurorluq həyata keçirir? “Qardaşoğlu” bu nəzarətsizliyi istintaqın aparılmadığı ilə izah etdi. Bəs niyə istintaqın aparılmamasına nəzarət qaydasında qiymət verilmir?

Axırı, belə bəlli olur ki, Baş Prokurorluq da “özünü buraxıb”. Özü də indi yox, lap 2000-ci ildən. “Əmi canı!”

Məğrur BƏDƏLSOY