Maşına əlavə avadanlıq quraşdırılması iddiası ilə saxladılar, etiraz etdikdə döydülər… - GƏNCƏ SAKİNİ DYP ƏMƏKDAŞLARINDAN ŞİKAYƏTÇİDİR

Baxış sayı:
9202

Gəncə şəhəri, Sevinc qəsəbəsi 31-ci küçənin sakini Həsənov Təbriz Fəxrəddin oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbəri Ramiz Zeynalova müraciət edir:
“Cənab Ramiz Zeynalov!
Mən, Həsənov Təbriz Fəxrəddin oğlu, ildirirəm ki, 24.02.2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyim 10-KE-544 dövlət qeydiyyat nişanlı “Qaz 31105” markalı minik avtomobili ilə Samux rayonundan Gəncə şəhərinə qayıdarkən, saat 19:30 radələrində Samux rayon Polis Şöbəsinin yanında Samux RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Rüstəmli Çingiz Kərim oğlu mənim avtomobilimi saxladı və avtomobilə əlavə avadanlıq quraşdırıldığını bildirdi. Avtomobilimə əlavə işıqlar qurraşdırılmadığını, bu markalı bütün avtomobillərdə həmin işıqların olduğunu dedim. Lakin polis serjantı Rüstəmli Çingiz Kərim oğlu mənimlə razılaşmayaraq, avtomobilin Samux RPŞ-nin duracağına getməli olduğunu dedi və avtomobili idarə edərək Samux RPŞ-na apardım.
Daha sonra dayım Mehman Qasımovla əlaqə saxlayaraq, həmin işıqların qadağan olub-olunmamasını soruşdum və o, qadağan olunmadığını bildirdi. Bu vaxt telefonu polis serjantı Rüstəmli Çingiz Kərim oğluna uzadaraq dayımla danışmasını istədim. Lakin Çingiz telefonu yerə ataraq danışmaqdan imtina etdi və avtomobilin açarını zorla əlimdən aldı. Qeyd edim ki, həmin vaxt Samux RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Elnur Əliyev də bizim yanımızda idi. Çingiz Rüstəmli avtomobili Samux RPŞ nin həyətinə salan zaman Samux RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Abbasov Zaur Rəhim oğlu mənə yaxınlaşaraq "niyə polisə müqavimət göstərirsən" deyib baş və göz nahiyəmə yumruqla zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Yerdə uzanıqlı vəziyyətdə olanda Zaur ayaqqabısının dabanı ilə əlimin üstünə çıxdı, məni ayağa qalxmağa qoymadı və digər polis əməkdaşlarına “nəyə baxırsınız, gəlin tutun qoyun içəri” sözlərini dedi.
Polis əməkdaşları məni şöbənin içərisinə apardılar və gözümün altı göyərdiyi üçün iki gün məni Samux rayon polis şöbəsinin müvəqqəti saxlama kamerasında saxladıqdan sonra, barəmdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edib məhkəməyə göndərdilər. Məhkəmədə hadisə yerində olmayan polis əməkdaşı üzümə duraraq, guya polisə müqavimət göstərdiyimi bildirdi. Beləliklə, məhkəmə qərarı ilə 150 manat məbləğində cərimə olundum.
Məhkəmədə mənə bildirdilər ki, döyülməyimlə bağlı məsələnin araşdırılması üçün Samux rayon Prokurorluğuna məktub ünvanlayacaqlar.
Məhkəmədən sonra maşını götürmək üçün cərimə meydançasına getdim və işıqların sökülmədiyini gördüm. Əgər həmin cərimə İXM-nin tələblərinə uyğun tərtib edilmişdirsə, həmin işıqlar söküldükdən sonra avtomobil mənə təhvil verilməli idi. Qeyd edirəm ki, 24.02.2024-cü il tarixdə saat 19:20-da Samux RPŞ- nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Abbasov Zaur Rəhim oğlu məni döymüşdür və polis şöbəsinin müvəqqəti saxlama yerində olduğum müddət ərzində aldığım xəsarət və ağrılarla bağlı həkim müayinəsindən keçirilməmişəm. Yalnız 26.02.2024-ci il tarixdə məhkəmədən sonra həkimə müraciət etmişəm və Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanadan mənə xəsarətlərimlə bağlı arayış təqdim edilmişdir”.
Cənab Ramiz Zeynalov!
Özüm müharibə iştirakçısı olmuşam, əmim Həsənov Natiq  Nəsrəddin oğlu I Qarabağ döyüşlərində şəhid olub. 2 azyaşlı övladım var.
Sizdən xahiş edirəm ki, 24.02.2024-cü il tarixdə saat 19:40 radələrində mənə yumruqla zərbə vuran Samux rayon Yol Polisinin əməkdaşı Abbasov Zaur Rahim oğlunu məsuliyyətə cəlb edəsiniz. Dediklərimin təsdiqi üçün Şöbənin kamerasının görüntülərini açdırmaq yetərli olacaq”.
Qeyd edək ki, Həsənov Təbriz Fəxrəddin oğlu məsələ ilə bağlı Samux Rayon Prokurorluğunda da izahat verib.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.