QADAĞA, YOXSA SİFARİŞ? - Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin dekabrın 16-da keçirilən birgə iclasında “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklik qəbul edilərsə, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan ediləcək.
Sahibkarlığı təşviq etməli, sahibkarların maraqlarını qorumalı olan Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin “Tütün və tütün məmulatı haqqında” Qanuna belə bir dəyişiklik təklif etməsi çoxsaylı suallar doğurur. Çünki Milli Məclisin üzvləri arasında siqaret və tütün biznesi ilə məşğul olan şəxslərin yaxın qohumları var. Məsələn, Milli Məclisin deputatı Cavanşir Feyziyevin qardaşı oğlu Elman Bəşir oğlu Cavanşirin sahibi olduğu “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti tütün biznesində önəmli paya sahibdir.
Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərindən biri olan deputat Cavanşir Paşazadənin oğlu Şahin Paşazadə biznes fəaliyyəti ilə məşğuldur və əsasən BƏƏ, Qətər, İtaliya, Böyük Britaniya, Bəhreyn, Səudiyyə Ərəbistanı kimi ölkələrdə qəhvə satışı ilə məşğul olan məşhur kofeşop şəbəkəsinin Azərbaycandakı fəaliyyətini təmin edən "Espressolab Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Maraqlıdır ki, Cavanşir Paşazadə oğlunun Azərbaycana gətirdiyi “Espressolab” brendi ilə bağlı bir müddət öncə Türkiyədə aparılan boykotla həmrəydirmi, yoxsa bu boykota qarşıdır?
Elektron siqaret və vape məhsullarının dövriyyəsinin qadağan edilməsi bu malların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə səbəb ola bilər. Bu halda uduzan təkcə dövlət deyil, eyni zamanda cəmiyyət olacaq. Belə ki, hazırda elektron siqaret və vape məhsullarının idxalı və satışı ilə məşğul olan şirkətlər fəaliyyətlərini qanunlar çərçivəsində, dövlət qurumlarının nəzarəti altında həyata keçirirlər. Bu məhsullar qadağan olunarsa, ölkəyə qaçaqmalçılıq yolu ilə gətiriləcək və onların keyfiyyətinə heç kim zəmanət verməyəcək. Paralel olaraq dövlət hər il bu sahədən əldə etdiyi milyonlarla manat vergi gəlirindən və bir neçə min iş yerindən məhrum olacaq.
Araşdırmamıza görə, hazırda bu sahədə fəaliyyət göstərən şirkətlərdə iki mindən çox işçi çalışır və elektron siqaret, vape məhsullarının qadağan edilməsi onların işsiz qalmasına səbəb olacaq.
Araşdırmalarımız zamanı məlum olub ki, qanun təklif olunan şəkildə qəbul edilərsə, bu sahədə çalışan sahibkarların mağazalara yatırdığı sərmayə batacaq, satışa hazırlıq məqsədilə bağlanmış müqavilələr, banklar qarşısında götürülmüş kredit öhdəlikləri ciddi şəkildə yerinə yetirilə bilməyəcək və nəticədə bu sahədə fəaliyyət göstərən sahibkarlar müflis olacaqlar.
Adında sahibkarlıq ifadəsi olan komitə bu məqamları nəzərə almayıb. Halbuki mal qalığının sıfırlanması və müəyyən planlamaların aparılması üçün bu hallar mütləq nəzərə alınmalıdır. Çünki yolda olan mallar mövcuddur. Eyni zamanda bu sahədə fəaliyyət göstərən şəxslərin digər sahibkarlıq sahələrinə keçidi üçün şəraitin yaradılması da zəruridir.
Digər maraqlı məqam isə ondan ibarətdir ki, elektron siqaretlərin qadağan edilməsi təklif olunduğu halda, tütün qızdırıcıları fərqləndirilərək onların istifadəsinə icazə verilməsi nəzərdə tutulur. Bu isə açıq-aşkar ayrı-seçkilik olmaqla yanaşı, qanuna düzəlişin kimlərin maraqlarına xidmət etdiyinə işıq salır.
Bütün bu mənfi halların qarşısını almaq üçün sahibkarlara bu günədək qüvvədə olan qanunvericiliyə uyğun olaraq idxal etdikləri, gömrük rüsumları, aksiz vergiləri və digər məcburi ödənişləri tam şəkildə ödədikləri malların satışını tamamlamaq imkanı verilməlidir.
İstənilən keçid prosesi mərhələli olduğu kimi, bu halda da mərhələli keçidə üstünlük verilməlidir. Avropa ölkələrində və qonşu dövlətlərdə tətbiq olunan keçid mexanizmlərinə üstünlük verilməsi dövlətin və cəmiyyətin maraqlarına daha uyğun olar.
Eyni zamanda sahibkarların vergi və gömrük öhdəliklərini nəzərə alan kompensasiya və ya yumşaldıcı mexanizmlər tətbiq edilə bilər. Ən əsası isə bütün bu proseslər dövlət qurumları ilə sahibkarlar arasında dialoq mühitində həyata keçirilməlidir.
Əks halda, bu qadağalar müəyyən bir qrupun — daha dəqiq desək, siqaret mafiyasının maraqlarına xidmət edəcək.
Arzuman LOĞMANOĞLU




















