“UKRAYNA DONBASI VERMƏKDƏN İMTİNA EDİB” - “Rusiya “Koreya varinatı”nı müzakirə etmir”

Ukraynanın amerikalılara təqdim etdiyi 20 maddəlik əks-sülh planında Kiyev Donbasa nəzarəti Rusiyaya verməkdən imtina edib.
“AzPolitika” xəbər verir ki, bunu “The New York Times” nəşri iki yüksək vəzifəli Avropa rəsmisinə istinadla yazıb.
Onların sözlərinə görə, Kiyev həmçinin Alyansın "açıq qapı siyasətini" qorumaq zərurətini əsas gətirərək NATO-ya qoşulmaq hüququndan imtina etməyi də rədd edib. Bundan əlavə, əks təklif ABŞ və Avropanın Rusiyanın yeni hücumunun qarşısını almaq üçün hüquqi zəmanətlər tələb edir.
Nəşrin mənbələri qeyd edib ki, Ukrayna ABŞ planındakı "qırmızı xətləri keçən" bəndləri çıxarıb. Razılaşma ilə bağlı müzakirələr 15 dekabrda Berlində Prezident Volodimir Zelenski və Avropa liderləri ilə Stiv Uitkoff və Cared Kuşner arasında görüşdə davam etdiriləcək.
Qeyd edək ki, bundan öncə “Politico” nəşri Kiyevin həm Ukrayna, həm də Rusiya qoşunlarının geri çəkilməsi şərtilə Donbasa "azad iqtisadi zona" statusu verməyə razı olduğunu yazmışdı. Lakin Zelenski sonradan bəyan edib ki, həmin təkliflərə görə bu ərazini kimin idarə edəcəyi hələ də məlum deyil. O, həmçinin vurğulayıb ki, istənilən ərazi güzəşti ukraynalılar tərəfindən referendumda təsdiqlənməlidir.

Vladimir Putinin köməkçisi Yuri Uşakov isə Donbasda "silahsızlaşdırılmış zona" yaratmaq variantını şərh edərkən deyib ki, istənilən halda, bu ərazi Rusiyanın nəzarəti altında olacaq və orada ordu əvəzinə “Rosqvardiya” bölmələri yerləşdiriləcək.
Uşakov ötən gün həmçinin, Ukraynadakı ərazi məsələsinin həlli üçün "Koreya variantını", yəni cəbhə xətti boyunca qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi və heç bir tərəfin hərbi və ya mülki nəzarətə malik olmayacağı silahsızlaşdırılmış zonanın yaradılmasını ABŞ ilə müzakirə etmədiyini deyib.
Vladimir Putin özü dekabrın əvvəlində Rusiyanın "istənilən halda" Donbası işğal edəcəyini bildirmişdi. Daha əvvəlisə silahlı qarşıdurmanın yalnız Ukrayna Donbasdan tam çıxacağı halda dayana biləcəyini bəyan etmişdi.

ABŞ Dövlət katibi Marko Rubio isə əsas mübahisəli məqamın Kiyevin nəzarəti altında qalan Donetsk vilayətinin 20%-i, yəni "təxminən 30-50 kilometrlik ərazi" olduğunu bildirib. NATO-nun hesablamalarına görə, Rusiyanın Donetskin inzibati sərhədlərinə çatması üçün ən azı daha bir il döyüşməsi lazım olacaq. Putinin ordusu isə döyüş meydanında ağır itkilər verməyə davam edir - hər gün təxminən 1100 əsgər itirilir, ölən və yaralananların ümumi sayı isə hazırda 1,15 milyona yaxınlaşır.
Göründüyü kimi, “Tramp planı”nın tezliklə reallaşması ehtimalı getdikcə azalır. Əvəzində, ön cəbhədə döyüşlər, arxa cəbhədə isə mülki infrastruktura, dinc əhalinin yaşadığ şəhərlərə zərbələr daha da şiddətlənir.
C.Məmmədli








































