Məktəblilər arasında yayılan "snus" saqqızı narkotik tərkiblidir? - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
112

Son günlərdə məktəblilər arasında "snus" adlanan saqqızabənzər məhsulun yayılması ilə bağlı narahatlıqlar artıb.

Stopnarkotik.az xəbər verir ki, bu məhsulun tərkibi və hüquqi statusu ilə bağlı araşdırmalar hələ də davam edir. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edirlər. Ekspertlər arasında bu məhsulun narkotik və ya psixotrop maddə kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi barədə fikir ayrılıqları var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimovun sözlərinə görə, "snus" məhsulunun tərkibi və hüquqi statusu ilə bağlı araşdırmalar davam edir. O, əlavə edib ki, hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur.

Eyni zamanda, E.İbrahimov vurğulayıb ki, tərkibində nikotin olan məhsulların və tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satılması qanunvericiliyə ziddir:

"Polis orqanları bu istiqamətdə profilaktik tədbirlər həyata keçirir və məktəblər ətrafında nəzarət fəaliyyətlərini davam etdirirlər. Zərərli vərdişlərin qarşısını almaq məqsədilə, ticarət obyektlərində də mütəmadi olaraq yoxlamalar aparılır".