Əlil, şəhid ailələrinə mənzillərin rüşvətlə verilməsi CİNAYƏT deyil? - MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
24370

11 ildir Nərimanov RİH başçısının 26.07.2013 tarixli, 358 saylı sərəncamı ilə mənzil növbəsindəyik, 10 nəfərlik , 4 ayrı ailədən ibarət ailəm kirayələrdə yaşayır. Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli, 2-1(81)-1095/16 saylı Qərarı ilə mənzillə təmin olunmağımız öhdəliyi borclu ƏƏSMN tabeliyində Dövlət Sosial Təminat Xidmətinin (hazırda Sosial Xidmətlər Agentliyi ( SXA) üzərinə qoyulub. Lakin SXA-nın rəhbərliyi ( sədr Vüqar Behbudov, müavini Zaur İbrahimov və b.) Bakı İnzibati Məhkəməsinə ( qərarı qəbul edən Şərafət Məmmədova, indiki hakim Aygün Abdullayeva) rüşvət verərək, 8 ildir dövlətin adından çıxarılan məhkəmə qərarının icrasına qadağa qoydurublar.
161- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin ( KQMBİ) “qaynar xətti”nə son 7 ildə yüzlərlə şikayət qeydə alınsa da, heç bir tədbir görülmür, adi izahat belə alınmır. Üzrlü sayın, yaddan çıxıb, 3 il qabaq – 09.09.2021-ci ildə sözügedən baş idarənin Rəşad Məmmədov adlı əməkdaşı idarədə izahatımı alıb və bildirib ki, SXA yetkililəri guya “it ilində” mənzil təklif edib, amma uzaqlığına görə imtina etmişəm. Birincisi, heç bir mənzil təklif edilməyib, ikincisi, mən dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını tələb edirəm; həmin qərarda iki əlil elmi işçisi, üç körpəsi olan ailənin iş,  qohumlarının yaşayış yerinə yaxın binalarda mənzillə təmin olunmalı olması yazılıb. Nə isə, korrupsiya əməkdaşı Rəşad Məmmədov problemi çözəcəyini deyəndən 3 il keçib, 3 ildə bəlli olan o olub ki, bu adda, bu soyadda şəxs KQMBİ-də qeydiyyata alınmayıb.(?) Bəs idarənin özü necə, o da qeydiyyatda deyil? Axı izahat idarədə alınıb! İzahat da qeydə alınmayıb? Nə isə, suallar çox, cavab verən yox...
Məhkəmə qərarının icrasının tələb edilməsi ilə baş prokurorluq, yanındakı KQMBİ də “valı dəyişdi”. Heç demə, icra işinə Ədliyyə Nazirliyi baxırmış! Bəs inzibati məhkəmə prosesində məhkəmə qərarlarının icrasını təmin etməyə borclu olan inzibati məhkəmələr necə olsun? Onlar elə borclulardan rüşvətlərini alıb, məhkəmə qərarlarının icrasına qadağa qoysun, heç icra sənədi də verməsinlər? 161- “qaynar xətt” əməkdaşlarına, bir ildən çoxdur,  inzibati məhkəmə prosesində qəbul olunan qərarların icrasını birinci instansiya məhkəməsinin təmin etməli olmasını anlada bilmirəm. İPM-in 116-120 maddələrini oxuduram, yenə anlamırlar, Ali Məhkəmənin Plenumunun 19.11.2021 tarixli, 10 N-li  “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Qərarını diqqətə çatdırıram, tövsiyə xarakterli olduğunu deyirlər. (?) Qanunvericilik, məcəllə birmənalı olaraq inzibati məhkəmə qərarlarının icrasını birinci instansiya məhkəməsinin üzərinə qoyub, özü də bunu məhkəmələrin xidməti vəzifə ( ex officio) borcu sayır!
Nə Bakı İnzibati Məhkəməsinin, nə onu rüşvətlə xidməti vəzifəsini icra etməkdən çəkindirən borclu SXA-nın özbaşınalığından yaxa qurtarmağın mümkünsüzlüyü 161-ə həftəlik, ongünlük şikayətlərə nədən olub. Son çağlar şikayətlərin qeydə alınması asanlaşıb, daha yarım saatlıq, bir saatlıq gözləmə, bu qədər də hüquqdan dərs anlatmaya ehtiyac olmur. Di gəl, qeydə alınandan sonrakı mərhələ hüquqi prosedurla yekunlaşmır, yəni heç bir hərəkət edilmir, heç izahat belə alınmır. Ən yaxşı halda, bir cümləlik cinayət faktının müəyyən edilmədiyi , ikinci cümləlik yuxarı dövlət orqanına və ya məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilir. Baş prokuror yanında KQMBİ-nin  Preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini Kazım Həmzətovun 07.06.2024-cü ildə məktubla verdiyi 08.05.2024 tarixli elektron cavab kimi. 11 ildir qanunsuz olaraq mənzillə təmin edilməmədə cinayət faktı yoxdur?! Məhkəmə qərarını görməməzliyi hələ demirik! Belə cavaba, belə korrupsiya uğrunda mübarizəyə hansı qiymət düşür, qiymətləndirən, hesablayan  gərək... Qiymətləndirən baş prokuror, hesablayan Hesablama Palatası, oxuyan məhkəmə. Qalxın, korrupsiya uğrunda hakim (hökmü) gəlir!
Məğrur BƏDƏLSOY