Kürdəxanı sakini narkotik istifadəçisi olan oğlu tərəfindən öz evindən çölə atılıb – ŞİKAYƏT

Baxış sayı:
10498

Kürdəxanı rayon sakini Süleymanova Səbiqə Tumas qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, adına evi olsa da, narkotik istifadəçisi olan oğlu onu evinə buraxmır:

“Mən, Süleymanova Səbiqə Tumas qızı, bildirirəm ki, oğlum Məmmədov Nəsiman Əli oğlu məni döyərək, öz adıma olan evimdən qovub. Bədənimdə döyülməyimə dair izlər, əlimdə balta kəsiyinin izi var.

Bu dediklərimi yazmaq, dilə gətirmək mənim üçün çox çətindir. Bu yaşımda oğlum tərəfindən döyüləcək, çölə salınacaq bir ana deyiləm. Amma…

Qeyd edim ki, oğlumun Binəqədi rayonunda evi var. Özüm məcburi köçkünəm.

Hazırda adıma olan 2 otaqlı evi mənə Kürdəxanı Qaçqın şəhərçiyinin Hərbi Komissarlığından (“Voenkom”) veriblər. Bu ev mənə verilməmiş oğlum evlənib Almaniyaya getdi. Yəni ev mənə veriləndə o, ölkədə olmayıb. Almaniyadan deport olunandan sonra müvəqqəti olaraq mənim evimdə yaşadılar. Mən də onunla birgə yaşaya bilmədiyimdən, qızımın yanına yerləşdim. Qızım bağ evini satdıqdan sonra məcbur qalaraq, evimə köçməli oldum.

Oğluma zəng vurub bildirdim ki, bacın bağ evini satdı, mənim qalmağa yerim yoxdur. O da dedi ki, bilirsən, mənim özümün evim var, köçəcəm, sənin evini istəmirəm, gəl qal evində. Evimə gələndə gördüm ki, hələ də evdədilər, məni aldadıb.

Daha sonra mənə dedi ki, 10 min manat pul ver, evdən çıxım. Bildirdim ki, yoxumdur, hardan alım?! Dedi ki, qızından al ver. Ona dedim ki, qızımdan aldığın 5 min manatı heç qaytarmamısan, belə olduğu halda ona heç nə deyə bilmərəm.

Oğlum narkotik üstündə tutulan zaman qızım 5 min manat verərək, canını qurtarmışdı. Mən də ona görə qızımdan pul ala bilməzdim.

Sonra özü qızıma zəng vurub, ondan 10 min manat pul istədi. O da pulunun olmadığını deyən zaman, dalaşdılar. Qızıma da, mənə də ağır söyüşlər söydü, bizi tikə-tikə edəcəyini bildirdi.

Şəkərimin və təzyiqimin qalxdığını görüb, taksi ilə qızımın yanına getdim. Qızım tibb bacısıdır, iynə-dərman edib məni özümə qaytardı.

Bir neçə saatdan sonra oğlum Nəsiman mənə zəng vurub, harda olduğumu soruşdu. “Gəl evə, söhbət edək”,- dedi. Mən də yenə inanıb, evə getdim. Gedəndə gördüm ki, evi dağıdıb, soyuducunu yıxıb. Səbəbini soruşanda isə söyüşlə cavab verdi. “Ayıb olsun ananam, özün də 3 uşaq atasısan…”, - dedikdə isə baltanı götürüb mənə xəsarət yetirdi. Başıma vururdu, əlimi qabağa verdim, balta əlimi parçaladı. Yoldaşı qışqır-bağır salaraq bildirdi ki, öldürmə, səni tutacaqlar. Liftə minənə kimi başıma da ağır xəsarətlər yetirdi. “Səni polisə verəcəm” dedim. Bu zaman polisi də, höküməti də söydü.

Gəlin də həmin gündən uşaqlarını götürüb, evdən qaçdı.

Dava gedən vaxt DİN-in 102 xidmətinə xəbər versəm də, 2 saat sonra gəlib çıxdılar. Məni 14-cü bölməyə aparıb, təcili yardım çağırdılar. Əlimin qanı dayanmırdı.

Polis rəisi mənə dedi ki, sən get o evdən çıx. “Axı ev mənimdir”, - dedikdə isə, cavab verdi ki, oğlun yalandan olsa da boşanıb, onun hazırda sənin evindən başqa qalacaq yeri yoxdur. Gəlinə 500 manat sosial yarım düşməsindən ötrü evlərini gəlinin dayısı oğlunun adına keçiriblər. Əvvəl Lalənin, yəni gəlinin adına olan ev, indi dayısı oğlunun adına göstərir. Bunu etməkdə məqsəd dövləti aldadıb, sosial müavinat almalarıdır.

Bunlar öz yerində, oğlumu nə tutdular, nə də rəis işi məhkəməyə göndərmədi. Təhqiqatçı Nizami müəllimin yanına gedib dedim ki, oğlum məni öldürmək istəyib və hələ də “öldürəcəm” deyir, niyə tədbir görmürsünüz?! Mənə dedi ki, 500 manat ver, həkimdən döyülməyinlə bağlı kağız alım, işi məhkəməyə göndərim. Mən məcburiyyət qarşısında qalıb, borc-xərc edərək 400 manat düzəltdim, aparıb verdim.

İyulun 30-da işimə 14-cü Polis bölməsində Samir Seyidovun baxacağını öyrəndim. Qəbuluna getdim, dedi ki, gözlə, özüm çağıracam. 2 saatdan artıq qapıda gözlədim. İçəridəki şəxslər mənim işimdə iştirak edən məmurlar idi. Bunların iclası bitdikdən sonra məni qəbul edib, üzləşmənin olacağını bildirdilər. Yenidən izahatım alındı, amma izahatımı özləri yazdı, mənim yazmağıma icazə vermədilər. Polis mənə dedi ki, “sənə atan əzizdir, oğlun, söyür söysün də?!”

Orada bildirdim ki, evi mənə hökümət verib, sənəd imzalamışam ki, heç nəyi dağıtmayacam, qırmayacam. Hətta dedim ki, evə baxış keçirin, özünüz evin halını görün.

Bir sözlə, niyə, hansı səbəbə bilmirəm, amma polis işimə baxmır. Mən günlərdir parklarda yatıram. Oğlum evin acarlarını da dəyişib, məni evə qoymur.

Onu da qeyd edim ki, oğlumun üstündə cinayət işi var idi deyə, Almaniyaya gedəndə saxta yolla soyadını dəyişdirib. Yəni Məmmədov əvəzinə Əliyev soyadı götürüb…

Bütün bunlara baxmayaraq, mənim işimə heç kəs baxmır. Oğlum maşın alveri ilə məşğul olduğu üçün əlində az-çox pulu olur. Pulu var deyə də, sözü keçir. Mənim isə pulum yoxdur. Mənə deyirlər ki, məhkəməyə ver, oğlunu həbs etsinlər. Məhkəmədən əvvəl polis var axı.

Sizin sayt vasitəsilə səlahiyyətli şəxslərə müraciət edirəm, məni bu çətin vəziyyətdən qutarın. Oğlumu mənə aid olan evdən çıxarıb, məndən uzaq olmasını təmin edin. Bizə deyir ki, Əhməd kimi mən də sizi tikə-tikə edəcəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.