“Əksər müəllimlər yeni nəsillə necə dil tapacaqlarını bilmirlər” - MÜSAHİBƏ

Baxış sayı:
3603

“Əksər müəllimlər yeni nəsillə necə dil tapacaqlarını bilmirlər” - MÜSAHİBƏ
Sənubər Heydərova: “Problemin kökü araşdırılmalıdır ki, uşaq 6-cı sinfə qədər normal gəlmişdi, sonra niyə kriminal replikalarla, “oğru dünyası”nın sözləri ilə danışmağa başladı?!”
“Təhsil islahatları deyəndə söhbət ancaq yeni kitabların çap olunmasından getməməlidir. Təhsil islahatı o deməkdir ki, müəllimlər hər yeni nəsillə işləmək üçün müəyyən yeni pedaqoji-psixoloji biliklərə yiyələnməlidirlər”
Orta məktəblərdə şagirdlər arasında kriminala meyl artmaqda davam edir. Bunu təsdiqləyən bir çox faktları misal gətirə bilərik. Bütün bunlar isə onu göstərir ki, yeni nəsil arasında çox neqativ tendensiya baş alıb gedir. Bu mənfi meyllər həm də ona gətirir ki, yeniyetmələr narkotiklə tanış olur və bu bataqlığa yuvarlanır. Son günlər yeniyetmə və gənclər arasında narkomaniyanın yayılması da bunun bariz nümunəsi hesab oluna bilər. Mövzu ətrafında sosioloq Sənubər Heydərova ilə söhbətləşdik.
- Sənubər xanım, son dövrlər orta məktəblərdə şagirdlər arasında kriminala meyl artmaqda, yeni nəsil sürətlə pis vərdişlərin və kriminalın girdabına yuvarlanmaqdadır. Sizcə, bu məsələlərdə konkret olaraq məktəb rəhbərliklərinin məsuliyyəti nə qədərdir?
- Bu lokal problem deyil, yəni təkcə həmin, ya başqa məktəbin problemi deyil. Lokal olaraq hansısa direktoru qaralamaq, ya da mənfi halların baş  verdiyi məktəbdə çalışan təhsil işçilərini günahlandırmaq bu problemdən qaçmaq olar. Yaranma səbəbi məktəb rəhbərliyi deyil. Bu heç də kiçik probelm deyil və bütün ölkəni əhatə edir. Çünki belə hallar haqqında çox tez-tez eşidirik. İndi yeni nəsil “Z” nəsli adlanır və onların hamısı buna meyllidir. Azərbaycan belə bir mərhələdən keçir.
Əlbəttə, yaxşı olar ki, müəllimlərin pedaqoji bilikləri dəyişilsin. Ümumiyyətlə, belə bir problemimiz var - məktəblərdə uşaqlara müasir yanaşma yoxdur. Müəllimlər, direktorlar, təhsil işçiləri köhnə düşüncəlidir. Yeni nəsillə necə dil tapacaqlarını bilmir, onları anlamır, başa düşmürlər. Anlamağa da çalışmırlar, onları xor görürlər. Yeni nəsil haqda belə danışırlar ki, “bunlardan heç nə çıxmayacaq, bütün gün telefona baxırlar...”. Gənc nəslə belə bir münasibət olan məktəbdə ola bilməz ki, uşaqlarla yaxşı işlənilsin. Bu, ümumi bir problemdir. Bütün məktəblərin problemidir ki, uşaqlara belə münasibət var. Halbuki, uşaqlar çox potensiallıdır. Uşaqların yeniyetməlik dövründə nihilizm yaşamaları normaldır. Və bu dövrdə əlbəttə ki, bütün dövrlərdəki yeniyetmələr kimi, üsyan da edə bilirlər, cəmiyyətin istəmədiyi işlər də görərlər və s. Amma heç bir halda məktəb rəhbərliyi təhlükəsizlik əməkdaşları ilə, polislə, hədə-qorxu ilə bu məsələyə girişməli deyil.
-Bəs necə etməlidir?
-Problemin kökünü araşdırmalıdır - necə oldu ki, uşaq 6-cı sinfə qədər gəlmişdi, sonra nə isə oldu, o, kriminal replikalarla, “oğru dünyası”nın sözləri ilə danışmağa başladı?! Nəyə inamını itirdi, necə oldu ki, bu uşaq dəyişdi?! Bunu araşdırsan, tədqiq etsən altından nələr çıxacaq... Bu təkcə onun məsuliyyəti deyil. Yəni bu məsələ ətrafında ümumi bir araşdırma olmalıdır ki, o uşağı buna vadar edən nədir.
- Deyirsiniz ki, araşdırsan, bunun altndan nələr çıxacaq... Sizcə, problemin altında nələr var?
- Problemin altında bir çox şeylər var və bu təkcə uşaqlar deyil. Müstəqillikdən sonra bir müddət bu söhbətlər Azərbaycanda yığışdırılmışdı. Çox az idi, minimal səviyyəyə düşmüşdü. Sonra yenidən vüsət almağa başladı. Biz baxsaq ki, hansı ölkələrdə, hansı dövrlərdə bu məsələlər vüsət almağa başlayıb, görərik ki, orada sosial ədalətlə bağlı problemlər var. Sosial ədalət məsələsi birbaşa dövlətin öhdəliyidir. Dövlət öz vəzifəsinin öhdəsindən gəlməlidir. Və cəmiyyətin üzvləri olan həmin fərqli qruplardan olan insanlar sosial ədaləti fərqli yerlərdə axtarmağa başlayırlar. Bu cür cəmiyyətlərdə inkişaf edən bir neçə məsələ olur ki, onlardan biri radikal dindarlaşmadır. Diqqət etsəniz görərsiniz ki, post-sovet ölkələrində, məsələn Rusiyada bu cür tendensiyalar olur. Radikal dindarlaşma da qanunda olmayan yollarla,  alternativ yollarla ədaləti bərpa etmək cəhdləridir. Bu nə zaman baş verir? O zaman baş verir ki, hüquqi dövlətin işlədiyinə, funksional olmasına inam itir. Azərbycanda da hüquqi dövlətin olduğuna inam azalıb. Nə məhkəmə sistemi, nə polis sistemi işlərini normal görmür. Hər kəsə aydındır ki, hazırda həbsxanalarda günahsız insanların sayı heç də az deyil. Bu da, əlbəttə, cəmiyyətə - cavanına da, qocasına da təsir edir. Ona görə, istər-istəməz reaksiyanı bu cür verirlər. Onlar ədalətizliyin bariz şəkildə şahidliyini edirlər deyə, belə reaksiya verirlər. Ümumən bunu sosial-hüquqi ədalətsizliyin olması ilə bağlayıram.
Əlbəttə ki, tədqiqatlara ehtiyac var. Amma Azərbaycanda açıq tədqiqat aparmaq problemlidir. Bu da konstitusional hüquqlarımızın pozulması ilə bağlıdır. Açıq tədqiqat aparıb cəmiyyətmizi yaxşı öyrənə bilmirik. Amma bunların hamısının əlacı var. Dünyada təhsil sisteminin zirvəsinə çatmış ölkələr bunlardan keçib. Hamısında bu cür təcrübələr var, onların hamısının da xüsusi məktəbləri, sinifləri, çətin tərbiyə olunan uşaqları olub, kriminal işlərə meylli, narkotik satışında əli olan uşaqlar olub. Bunlarla necə işləyiblər, o təcrübəni Azərbaycana gətirmək lazımdır. Dünya təcrübəsinə laqeyd yanaşmaq olmaz.
- Bəs cəmiyyət olaraq bizim məsuliyyətimiz nədir? Biz nəyi yanlış edirik ki, gənclərimiz kriminala meyllənir?
- Biz uşaqlarımızla lazım olan qədər məşğul olmuruq. Biz elə bilirik ki, uşaqlarımızla məşğul olmaq onları hazırlığa qoymaqdır. Uşaqlar kütləvi şəkildə hazırlığa gedirlər. Bunun mənası nədir? Bu uşaqlarla valideynlər vaxt keçirmirlər. Valideynlər uşaqların asudə vaxtının keçirilməsi, onlara müxtəlif dəyərlərin aşılanması ilə birbaşa məşğul olmurlar.
-Yəni bu “vaxt keçirtmək” birbaşa tərbiyə prosesinin bir hissəsidir.
-Bəli, vaxt keçirmə həm də uşaqda valideynə qarşı etimadı çoxaldır və onun hansısa bir sualı olanda gedib başqalarından soruşmur, gəlib birbaşa valideynindən maraqlanır ki, bu cür ədalətisizlik olanda mən nə etməliyəm? Amma bunu öz yaşıdlarından soruşanda əlbəttə ki, yaşıdları nə deyəcəklər - vuraq, qıraq, dağıdaq, tabe olmayaq. Yəni yeniyetmənin xarakteri budur, bu normaldır, belə də olmalıdır. Yeniyetmə elə olmasa anormal olar.
Vaideynlərlə uşaqların arasında bir uçurum var. Burada dövlətin də rolu var. Dövlətin məktəblərində müəllimlər də uşaqların etimad etdiyi şəxslər deyillər. Hələ bizim vaxtımızda, bizdən əvvəlki nəsillər daha çox ürəklərini müəllimlərə açırdılar, gəlirdilər, nəsə danışırdılar. Məsələn, mənim tələbələrim hər dəfə məni dərsdən sonra saxlayırdılar ki, müəllim, sizə bir sözümüz var, biz inanırıq ki, siz bizim ailəmizi məsələyə qatmayacaqsınız, rəhbərliyə deməyəcəksiniz. Yəni bu cür etimad mühitinin yaradılması uşaqlar, yeniyetmələr üçün həddindən çox vacibdir. Etimad mühiti onlarda qırılıb. Nə ailələrində, nə də məktəbdə onu görə bilirlər. Ortada hansısa həssas qrup olanda, məsələn, deyək ki, valideyn himayəsindən məhrum olan uşaq var... Bunlar niyə həssas qrupdur, ona görə ki, onlar öz məqsədləri üçün hər cür istifadə etməyə adam axtarırlar, o adamlar da ən çox həssas qrupların içindən çıxır. Uşaqlar da bütün dünyada həssas qruplardan hesab olunur. Yəni hansı yaş qrupunda olmasından asılı olmayaraq uşaqlar deyəndə, görürsünüz birinci müharibə zonasından çıxarılan, pandemiyada ən çox müdafiə olunan uşaqlar olur - yəni uşaqların həssas qrup olduğunu unuduruq. Biz onları yükləyirik, onlardan çox şey gözləyirik. İstəyirik ki, həm işgəncələr haqqında danışaq, həm də onlar soyuqqanlılıqlarını qorusunlar, həm vətənpərvər olsunlar, həm də sərbəst olsunlar. Əsas səbəblərdən biri budur. Onlardan çox şey gözləyirik, amma bunun üçün etimad mühiti yaratmırıq. Onlar hər kəsə etibarlarını, inamlarını itirirlər.
Məktəb psixoloqlarına ürəklərini açan uşaqlar var, mənə gəlib danışırlar ki, məktəb psixoloquna danışdım, sabahsı gün məndən danışırdılar. Bu nə deməkdir?! Axı məktəb psixoloqunun funksiyası gedib xəbəri kiməsə çatdırmaq, danışmaq, müzakirə etmək deyil. Psixoloqun vəzifəsi uşağın öhdəsindən gəlmək üçün resurs yaratmaqdır. Onlar bu işləri görmürlər. Məktəblərdə bu ştatlar var, amma onlar işləmirlər, öz funksiyalarını yerinə yetirə bilmirlər. Bu funksiyaların yerinə yetirilməsinə də nəzarət yoxdur. İstərsə də inspektorlar məktəblərə gedirlər, uşaqlarla məsələlər haqda danışırlar, məsələn narkomaniya haqqında. Nədən danışırlar, onların danışıq planı nədən ibarətdir? Hədə-qorxu, maddələri sadalamaq, ölüm, sklet şəkli qoyurlar. Naromaniyadan pis hala düşmüş insan şəkli qoyurlar. Yeniyetmə izaha açıqdır. O bilmək istəyir, necə olur ki, bu proses baş verir, başlayır, qurtarır, bunun hansı əlacları var. Hansısa  yeniyetmə o dərsdən sonra inspektora yaxınlaşıb deyə bilməz ki, mənim də dostumda filan problem var, məşğul olun. O, bilir ki, inspektor məsələni ictimailəşdirəcək, söhbət gedib ailələrə çatacaq, aləm dəyəcək bir-birinə və uşaqların heç bir təhlükəsizlikləri yoxdur. Amma belə olmalı deyil. O uşaqlar rahatlıqla yaxınlaşmalıdırlar, inspektorlar məsələni elə qoymalıdırlar, elə danışmalıdırlar ki, problem öz həllini tapsın. Yəni onlar göstərməlidirlər ki, “mən sənin tərəfindəyəm”. “Mən sənin tərəfindəyəm”in izahı çox vacibdir. Həm məktəb, həm valideyn tərəfindən.
- Yəni “sən tək deyilsən”...
- Bəli və “mən bu məsələni sənin xeyrinə, sənin istədiyin kimi həll edəcəyəm” mesajı verilməlidir. Özüm gördüyüm kimi yox, köhnə stereotiplərlə yox, sənin danışdıqlarını sirr saxlayacağam, bunu sənin şəxsiyyətinə hörmətlə həll edəcəyəm. Yeniyetmələr bunu görmək istəyirlər və görə bilmirlər. Heç kim tərəfindən, nə evdə, nə dövlətin nümayəndələri tərəfindən. Dövlətin nümayəndələri həm müəllimdir, həm inspektordur, icra hakimiyyətindəki uşaq komissiyasıdır, uşaq psixoloqudur və s.
- SSRİ dönəmində belə bir fikir var idi ki, şagirdlər ailədən, evdən daha çox məktəbdə tərbiyə alır. Bu gün tədris sistemi məhv olduğu kimi, məktəbdə təlim-tərbiyə də tamamilə məhv edilib. Sizcə, məktəblərə əvvəlki missiyanı yenidən qazandıra bilərikmi? Bunun üçün nə etməliyik?
- Məktəbə əvvəlki missiyanı qazandırmaq üçün xeyli vaxt lazımdır. Hə, bunu etmək lazımdır. Təhsil islahatları deyəndə söhbət ancaq kitabların dəyişdirilib, yeni kitabların çap olunmasından getməməlidir. Təhsil islahatı o deməkdir ki, müəllimlər hər yeni nəsillə işləmək üçün müəyyən yeni pedaqoji-psixoloji biliklərə yiyələnməlidirlər.
- Yəni yanaşmanı dəyişməliyik.
- Bəli, yanaşma çox önəmlidir. Bundan əlavə, əlbəttə ki, məktəb, təhsil sistemi həm də valideynlərlə işləməlidir. Axı valideynlər də əvvəlki nəsildirlər, onlar daha köhnə yanaşma ilə işlərini görürlər. Onlar da fərqli davranmalıdırlar. Yəni bir çox hallarda əgər valideynin sosial bacarıqları aşağıdırsa və ya pedaqoji bacarıqları aşağıdırsa...
- Və ya uşağını tərbiyə edə bilmirsə...
- Bəli, valideyn uşağı dünyaya gətirib, onu böyüdübsə, o demək deyil ki, onun dilini bilir. Uşağın evdə hansı problemlərlə qarşılaşdığını, ətrafında kimlərin olduğunu və s. məsələlərin öhdəsindən necə gələcəyini valideynə öyrətmək lazımdır. Bu da yenə sosial institutların, dövlətin öhdəliyidir. Mən niyə deyirəm ki, dövlətin öhdəliyidir?! Bununla vətəndaş cəmiyyəti də məşğul ola bilər. Vətəndaş cəmiyyətinin belə layihələri ola bilər. Amma dövlət qapalıdır. Dövlət nə vətəndaş cəmiyyətinə icazə vermir işləməyə, nə də işləyən vətəndaş cəmiyyətini məktəbə buraxmır. Məktəb qapalı zonadır. Məktəbdə heç bir əsaslı təşkilat gedib təlimlər, yaxud da hansısa layihələr yerinə yetirə bilmir. Bax, bunlar olsaydı, mən deməzdim ki, hamısı dövlətin boynundadır. Amma bir halda ki, dövlət özü icazə vermir bu təşkilatlar işləsin, onda zəhmət çəkib bir çox öhdəlikləri özü götürməlidir üzərinə.
- Valideyn övladının kriminala meylli yetişməsində nə dərəcədə məsuliyyət daşıyır və bu halın qarşısını nə üçün ala bilmir?
- Təəssüf ki, valideynlərin də sosial-pedaqoji bacarıqları həmişə istdiyimiz kimi formalaşmır. Azərbaycanda ailə-nigah vəziyyətinə baxanda problem çox genişdir. Burada zorakılıq məsələsi də var, ailədə zorakılıq, qadına zorakılıq, gənc ailələrlə daha böyük ailələrin - anaların, ataların müdaxilə məsələsi var. Zorla evləndirilmə məsələsi var. Yəni bunların hamısının gənc ailənin uşağı necə böyüdəcəyinə təsiri var. Bundan əlavə, o ailənin uşaq böyütmək üçün hansı resursları var? Siz hansısa bir resurs tanıyırsınızmı ki, gənc valideyn orada oturub uşaqla necə danışmaq lazım olduğunu öyrənsin? Bir-iki blogerin müstəqil şəkildə qoyduğu hansısa videolar var. Başqa heç bir resurs yoxdur. Bir valideyn desə ki, mən uşağımla necə danışmalı olduğumu öyrənmək istəyirəm, bu barədə Azərbaycan dilində heç bir resurs yoxdur.
- Bəs, birinci valideynlərdən başlamaq üçün nələr etmək lazımdır?
- Bunun üçün kitablar var. Valideynlərə çox rahat və asan dildə öyrədir ki, körpə yaşından uşaqlara hissləri, emosiyaları necə öyrətməlisiniz, onların bunu ifadə etməsinə necə kömək etməlisiniz, onlar bunu ifadə edərkən hansı reaksiyanı göstərməlisiniz, məktəbdə problem olarkən bunu necə həll etməlisniz ki, onun qüruru incinməsin, heysiyyatına toxunulmasın. Bu qəbildən çox yaxşı ədəbiyyat var. Bunları tərcümə etmək, əlçatan etmək, valideynlərə paylamaq lazımdır. Valideyn iclaslarında məsələni qaldırmaq lazımdır. Amma valideyn iclasında məsələni kim qaldıracaq? Eyni tərzdə düşünən bir müəllim? Mümkün deyil. O müəllim özü də yeni düşüncə tərzinə keçməyincə valideynə nə deməsinin heç bir fərqi yoxdur. Heç nə dəyişməyəcək. Onların iclası qarşılıqlı şikayətləşmə prosesinə çevriləcək - indiki uşaqlar, indiki uşaqların öhdəsindən gəlmək olmur, ay indiki uşaqların əllərindən telefon düşmür – bax, söhbətlər bununla yekunlaşır. Söhbətlər bununla qurtarmalı deyil. Yəni hansısa mütəxəssisə belə müraciət edəndə, o mütəxəssis də eyni cür düşünür deyə heç bir irəliləyiş olmur. Valideynin də müraciət edəcəyi bir institut yoxdur. Qoymurlar ki, QHT-lər bu məsələni əllərinə alsınlar və maarfləndirici işlər görsünlər. İndi ki, qoymurlar, özləri edirlər, heç olmasa araşdırmalıdırlar, tapmalıdırlar və bu məsələni təhsil islahatı səviyyəsində əllərinə götürməlidirlər, sistemli bir material ortaya qoymalıdırlar. İstər bu videomaterial olsun, istər oxu materialı olsun, sistemdə olmalıdır. Ortaya bu cür materiallar çıxarılmalıdır, valideynlərlə iş getməlidir, valideynlərin özlərinin müraciət edəcəyi əlçatan xidmətlər yaratmaq lazımdır, istər ailə psixoloqu, yeniyetmə psixoloqları, pedaqoq müstəqil şəkildə konsultasiyalar verməlidir, ailələrlə işləməlidrlər.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA