KREMLİN XARİCDƏKİ YENİ OYUNÇUSU: RUSİYA ORDUSU! – “Orduya xarici siyasət həyata keçirmək imkanı verilib”

Baxış sayı:
17161

Araşdırmaçı jurnalistlər Andrey Soldatov və İrina Boroqan özlərinin nəşr etdirməyi planlaşdırdıqları “The Compatriots” (“Həmvətənlər”) kitabı haqqında danışırlar. Bu kitab Rusiya xüsusi xidmət orqanlarının xaricdə yaşayan rusiyalılara qarşı apardıqları əməliyyatlardan bəhs edir.

Sovet inqilabçısı Lev Trotskinin 1940-cı ildə Meksikada sui-qəsd nəticəsində öldürülməsindən tutmuş, keçmiş casus Sergey Skripalın və onun qızının 2018-ci ildə Böyük Britaniyada zəhərlənməsinə qədər, müxtəlif səpgili əməliyyatlar həyata keçirən Rusiya kəşfiyyat orqanları həmişə xaricdəki dönüklərlə haq-hesab çəkməyə çalışıblar.

Rusiya İmperiyası və Sovet İttifaqından bu günə kimi davam etmiş yüz illik represiyanın acı nəticələri, böyüklüyünə görə dünyada üçüncü olan rus diasporasını formalaşdrıb. Rusiya xüsusi xidmət orqanları bu geniş emiqrasiyaya qarşı təqib, ələalma və hərdən isə qətl üsullarından istifadə edib.

Onların bu yaxınlardakı hədəfi çeçen müharibəsi zamanı Rusiya ordusu ilə vuruşmuş və Almaniyada sığınacaq almış separatçıların komandıri olub (Söhbət Zəlimxan Xanqoşvilidən gedir). O, avqust ayının sonunda gündüz çağı Berlin küçələrinin birində güləllənib. Bir müddət sonra yaxalanmış qatil Rusiya vətəndaşıdır.

“Foreign Policy” Rusiya kəşfiyyat orqanlarının iş prinsiplərində hansı motivlərin üstün tutulması və Vladimir Putin dövründə bu sistemin hansı istiqamətdə hərəkət etməsi ilə bağlı Andrey Soldatovla söhbət aparıb.

- Bu gün Rusiya xarici KİV-lərin diqqət mərkəzindədir. Əgər baş verənləri nəzərə alsaq, tarixi baxımdan rusların xaricdəki vəziyyətini necə izah etmək mümkündür?

– Tamamilə aydındır ki, özünün hakimiyyətdəki son mərhələsinə girən Putin, nəinki beynəlxalq məsələlərə maraq göstərir, həmçinin o, Rusiyanı dünya nəhəngi kimi görmək arzusundadır və buna nail olmaq üçün ixtiyarındakı bütün vasitələrdən istifadə etməyə çalışır. Putin rejimi dövründə rusiyalıların ölkədən axınla köç etmələrini nəzərə alıb, belə qərar gəldik ki, diasporada nələrin baş verdiyini araşdıraq.

- Kitabın böyük hissəsi xüsusi xidmət orqanlarının xaricdə yaşayan rusiyalılarla məşğul olmasından bəhs edir. Belə görünür ki, Rusiya kəşfiyyatı xaricdəki əməliyyatlarında sərt və aqressiv hərəkət edir, xüsusən də bu, rusiyalılarla bağlı olan məsələlərdə daha çox hiss olunur. Bu meylin davam etməsini və güclənməsini gözləmək olarmı?

– Burada söhbət siyasi sabitlikdən gedir, lider kimi özünə ən yaxşı sabitliyi təmin etmək üsulu populyar olmaqdır. Təəssüf ki, Putin belə hesab edir ki, ona populyarlığı Qərblə gərginlik gətirir. İkinci Çeçenistan müharibəsi münaqişə kimi dəyərləndirilir və belə hesab olunur ki, çeçen döyüşçülər guya ki, Qərbin dəstəyilə hərəkət ediblər.

2008-ci ildəki Gürcüstan müharibəsi buna bariz nümunədir. Elə Ukrayna və Suriyada da həmin şey baş verdi. Nə vaxt ki Putinin populyarlığı düşür, onda o anlayır ki, ona populyarlığı geri qaytaracaq hansısa gərginlik lazımdır. İndi biz görürük ki, bu cür taktika öz səmərəliliyini gec və ya tez itirir, lakin son 20 ildə bu prezident Putinə yaxşı xidmət göstərib.

rjkkf

- “Qırmızı tor” kitabında (“The Red Web”) və həmçinin də indiki kitabda Siz 2016-cı ildəki ABŞ prezident seçkilərinə müdaxilənin ən az risk daşıyan əməliyyat hesab edilməsindən danışırsınız, ancaq bu belə olmadı. Bunu necə izah etmək olar?

– Əgər bu əməliyyatın necə aparılmasına baxsaq, onda biz görərik ki, rus xakerləri sadəcə olaraq məlumat toplayırdılar və heç də onu dərc etmək niyyətində deyildilər. Amma 2016-cı ilin aprelində Panama səndləri üzə çıxarıldı və bu Putini bərk qəzəbləndirdi, çünki onun dostları və yaxınlarının maliyyə aktivləri ciddi zərbə atına düşmüşdü.

Biz əvvəlki kitabımızda şəbəkə elementləri olan xaker və trollar üzərində dayanmışdıq. Amma indi biz bilmək istəyirik ki, Kreml əməliyyatçıları dini, mədəni və digər təşkilatlar vasitəsiylə həmvətənlərimiz adlandırılan insanlarla necə işləyir. Biz onların aktivləşdirilməməsindən təəccübləndik və bu kifayət qədər qəribə gəldi. Hansısa səbəbdənsə Kreml bunu etmək istəmədi, düzünü desəm, mən hələ də başa düşmürəm, nəyə görə? Çox yəqin ki, səbəblərdən biri onlayn-elementin çox tez faş olmasıydı. Onlar bundan apreldə istifadə etməyə başlamışdılar, lakin artıq iyunda “Crowdstrike”-ın ilk hesabatı çıxmışdı. Yəqin onlar belə qərara gəliblər ki, casus elementi daha qiymətlidir və onu hər dəfə təhlükəyə atmağa dəyməz.

Digər tərəfdən isə, əgər Rusiya və Sovet kəşfiyyat orqanlarının Qəbdəki əməliyyatlarına baxsaq, onda Qərb auditoriyasının nöqteyi-nəzərinə görə, burada dəhşətli səriştəsizliklə qarşılaşırıq. Amma iş ondadır ki, bu, Rusiya auditoriyasına və ya emiqrasiya ictimaiyyətinə inanılmaz dərəcdə səmərəli təsir göstərir.

- Keçmiş Rusiya zabiti və Böyük Britaniya ilə işləmiş ikili casus Sergey Skripalın zəhərlənməsində olduğu kimi?

– Bəli, bu yaxşı nümunədir. Qərb bunu tam uğursuzluq hesab edir, ancaq Rusiyanın nöqteyi-nəzərinə görə, uğurludur. Kitab üzərində işləmə prosesində biz xaricdə yaşayan bir çox rusiyalı ilə söhbətləşdik. Skripal hadisəsindən sonra onların hamısı çox qorxublar. Bu adamların əksəriyyətinə xəbərdarlıq edilib ki, növbə sizə də çata bilər və əgər lazım gələrsə onları yerin dibindən də tapıb çıxararlar. Beləliklə, bu taktika müəyyən dərəcədə yaxşı işləyib.

- Lakin Skripalın zəhərlənməsinin verdiyi nəticələri nəzərə aldıqdan sonra bu əməliyyatı doğrudanmı uğurlu saymaq olar?

– Kreml iki paralel reallıqda yaşayır. 2010-cu ildə Amerikada tutulmuş Rusiya “qeyri-leqalları” ilə bağlı qalmaqala baxın. Hər iki tərəf bu hadisəni qələbə kimi təqdim edir. ABŞ hesab edir ki, onlar Rusiya casus şəbəkəsini yaxalayıb və ifşa edib. Lakin Rusiya ictimaiyyətinə bunu qələbə kimi sırıyırlar. Hətta xüsusi xidmət orqanlarında bu tarixçəni nümunə çəkirlər və deyirlər ki, Rusiya dünya arenasına qayıdır. Bunu etməkdə məqsəd isə “biz bunu yenə də edərik” deməkdir.

- Bəzi Amerikan məmurlarının ehtimal etdiyi kimi, 2020-ci ildə ABŞ-da keçirilən seçkilərə daha bir müdaxilə edilməsini gözləmək nə qədər ağılabatandır?

– Təəssüf ki, bu tamamilə mümkündür, ancaq bu suala lazımı cavab vermək üçün gərək mən bir qədər detallı danışım. Bizdə indi bir neçə xüsusi xidmət strukturu var və Putin idarəetməsinin böyük bir hissəsində diqqətimizi FSB, Xarici Kəşfiyyat Xidmətinə və DTK-ya yönəltmişik. Ancaq bu partiyada oynamaq üçün yeni element peyda olub: Rusiya ordusu. Söhbət təkcə QRU-dan (Rusiya hərbi kəşfiyyatı) getmir.

Siyasi mənada ordu həm ölkə daxilində və həm də onun xaricində daha aktiv mövqe nümayiş etdirir. Məsələn, onlar bu gün Rusiya rəsmi ideologiyasında, iqtisadiyyatda və həm də pravoslav kilsəsində getdikcə daha çox rol oynayırlar. Bu məsələni daha geniş və dərin öyrənmək lazımdır. Tarixdə heç zaman ordu Rusiyada bu cür rol oynamayıb. Çünki ordu həmişə kəşfiyyat orqanlarının nəzarətində olub. Keçən il silahlı qüvvələrə olan etibar, hətta Putinə olan etibarı da ötüb keçib ki, bu tam ağılsızlıq kimi görünür. Çeçenistan müharibəsindən sonra bu etibar səviyyəsinin nə qədər aşağı olmasını yadımıza salaq. Ordu Putinin xarici siyasətinin səmərəli vasitəsinə çevrilib və Kremlin geosiyasi ambisiyasında mərkəzi mövqedə dayanır. Əvvəlki dövrlərlə müqayisədə hal-hazırda ordu daha fəal və daha müstəqildir. Suriyadan başlamış Skripal hadisəsinə kimi, xaricdəki bir çox avantüraların tərkib hissəsində ordunun mövqeyi xüsusi yer tutur. Bu gün orduya sərbəst xarici siyasət həyata keçirmək imkanı verilib.

(“Foreign Policy”-ABŞ)

Tərcümə etdi: Vaqif NƏSİBOV