KEF ELƏYƏK... - Eldəniz Quliyev yazır

Baxış sayı:
634

Bizi hər yerdə aldadırlar...
Dükanda, bazarda, xəstəxanada, bankda, iclaslarda, TV verilişlərində, saytlarda, canım sizə desin, tirajlanan rəsmi, qeyri-rəsmi informasiyalarda, hökumət, qeyri-hökumət idarələrində və sair və ilaxır... Elə bilirlər ki, hamının qulağından "əriştə" asa bilərlər!..
Aldadırlar. Soyurlar. Adam yerinə qoymurlar; utanmadan, qızarmadan, özü də vicdan əzabı çəkmədən, həyasızcasına. Hər yerdə, hər addımda aldadırlar...
Biz biçarələrin də əlindən özgə bir zad gəlmir...
Bircə şeydən başqa - biz də qayıdıb acıqca onları aldadırıq... Yəni yalan bataqlığında üzə-üzə lüt ətcəbala qalsaq da, özümüzü elə aparırıq ki, guya... yaşayırıq!..
Hörmətli oxuculara bir neçə tövsiyəm var. Ki, deyirəm, bəlkə bunlar üzləşdiyimiz bəzi mütəqəlqəl vəziyyətlərdə karımıza gələr...
- Həkimə, ya polisə gedəndə ciblərinizin hamısını möhkəm-möhkəm tikin. Çünki həkimlər sizi aldadıb cibinizdə qəpik-quruş nəyiniz varsa, çırpışdıra bilər. Polis isə, əksinə, cibinizə... nəsə ata bilər. ("s" hərfini "ş" kimi oxumayın, lütfən).
- Əzəmətli-möhtəşəm dövlət idarələrinə üz tutmalı olsanız... ələlxüsus, giriş qapısını paqonli-paqonsuz mühafizəçilər, daha dəqiqi, "mənölüm - sənöl" bilməyən, qanun-manun (üzr istəyirəm) "hərrəmiyən" nataraz ərəbzəngilərin kəsdiyi, yekə-yekə dövlət qurumlarına balaca-balaca dövlət qurumlarından şikayətə getməli olsanız... mütləq və mütləq başınıza kaska, yəni dəbilqəfason bir şey qoyun, bədəninizə isə “bronijilet” geyinin.
Çünki, ehtiyat təkcə igidin yaraşığı sayılmır və travmotologiya xəstəxanaları da hər yoldan keçən fağır-füğur bəndəni havayı qəbul etmir...
- İşdi-şayəddi, hər hansı dəbdəbəli şadlıq sarayana toya-filana gedirsinizsə... evdən özünüzlə, yeyə biləcəyiniz qədər soyuq qəlyanaltılar, eləcə də, mümkünsə, bərayi-ehtiyat, bir stəkan qatıq, (ayran da olar), götürün. Çünki zərdabdan-zaddan tapıb ilan zəhərindən qurtulmaq olar, amma bakteriya yuvasına çevrilmiş yeməklərin xəta-balasından yox!..
Hə, bir də akustikasız qlamur zallarda əks-sədalı damba-durum musiqi və səs-küydən kar olmaq istəmirsinizsə, özünüzlə qəşəng bir qulaqcıq da götürün.
- Məndən sizə əmanət: çalışın o qədər sadəlövh olmayın ki, siyasətin nəmənə bir şey olduğunu bilməyəsinz, amma eyni zamanda, o qədər səfeh də olmayın ki, o nəmənəylə məşğul olasınız. Çünki bu dünyada fil qulağından daha rahat və daha yumşaq yataq dəsti ixtira olunmayıb hələ!..
- Bunu da sırğa elәyib qulağınızdan asın: heç kimə sözünə, şirin dilinə və yağlı-yağlı vədlərinə görə inanmayın; illahda ki, qəşəng-qəşəng deyilən bəlağətli sözlərə. O cümlədən, nə müxalifətin, nə də iqtidarın sığallı-ütülü sözlərinə inanmayın. Çünki müxalifət guya mövcud şəraiti yaxşılaşdırmaq üçün... qıdıqlayır, qızışdırır, iqtidar isə, "mən elə oğlanam ki, çayda balıq yan gedər" deyib, üstündən, "get ay batannan sonra gəl"  mahnısını oxuya-oxuya... kələk gəlir, çaşdırır, saxtalaşdırır. Əslində, hər ikisi öz merkantil və komformist maraqlarını güdürlər və...gözgörəti aldadırlar...
- Nəhayət, belinizin qırılmasını, başınıza qapaz, yumşaq yerinizə təpik vurulmasını, qulaqlarınızın çəkilib "purjinə" dönməsini, ən əsası, ALIN YAZI-nızın sürtülüb silinməsini istəmirsinizsə... HAQQ, ƏDALƏT və QANUN kəlmələrini birdəfəlik, yəni bilmərrə başınızdan və leksikonunuzdan çıxarıb tullayın, unudun. Ən yaxşısı... gözlərinizi yumub, ağzınızı kilidləyin, yəni mumlayın, qulaqlarınıza isə pambığ tıxayın, - sonra, bürünmək üçün axtarıb qəşəng bir palaz tapın və sürünə-sürünə "yaşayın",- kef eləyin özünüzçün...
Eldəniz QULİYEV