​Həmyerliləri qobustanlı qəssabın axtarışına çıxıb – HİLAL QAYIBOVUN ONLARA “ATARAQ” BAKIDA GİZLƏNDİYİ İDDİA OLUNUR

Baxış sayı:
10762

Abşeron rayonu, Aşağı Güzdək qəsəbə sakinləri Rzaxanov Əbülfət Ehtiqat oğlu və Əsədov Abı Əsəd oğlu tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Baş prokuror Zakir Qaralova və Daxili işlər naziri Ramil Usubova müraciət edən şikayətçi yazır:
“Əvvəlcə məlum edirik ki, biz 3 il bundan əvvəl yaşadığımız Abşeron rayonunun Aşağı güzdək qəsəbəsində qəssablıqla məşğul olan, Qobustan rayonun Qobustan şəhərində pasport qeydiyyatında olan Qayıbov Hilal Muxtar oğluna bəslədiyimiz iribuynuzlu heyvanları ətlik kimi nisyə versək də, sonralar pulumuzu ala bilməmişik. Qəssab Hilal da bizi kimi yerli vətəndaşların etimadından sui-istifadə edərək, malımızı almış, sonra isə pulunu ödəməyərək qaçıb gizlənmişdir.
O, mən Əbülfət Rzaxanovdan 3 baş iribuynuzlu heyvanı bacımgilin həyətindən çoxsaylı şahidlərin iştirakı ilə yük maşınına yığıb aparmışdır. Əvvəlcə bizi get-gələ saldı. Sonra isə iş yerini dəyişdirdi. Biz də məcbur olub Qobustan şəhərində yaşayan ailəsinə, atasına müraciət etdik ki, Hilal pulumuzu qaytarsın. Atası muxtar kişi dedi ki, Hilal onu bütün el-aləm içində rüsvay edib, hamıya borcludur, mən nə edim ki, onun borclarını qaytarım.
Mən Əsədov Abı Əsəd oğlu da qəssab Hilala bir baş iribuynuzlu heyvan verdim. Razılaşdığımız pulu tam verməsə də, birtəhər yarsını ala bildim. Qalan 240 manat pulumu isə illərdir ki, ala bilmirəm. Qaçıb gizləndiyinə görə tapa bilmirdik. Bu yaxınlarda bildirdilər ki, Hilal Yasamal rayonu ərazisində, “İnşaatçılar” metrosu yaxınlığındakı “Ağ çiçəyim”in arxasında yerləşən ət dükanında qəssablıq edir. Ona görə də biz qonşular qərara gəldik ki, əli balta-bıçaqlı təhlükəli bu adama yenə yaxınlaşıb verdiyimiz mal-qaranın pulunu istəsək, aqressivləşəcək. Qərara aldıq ki, dövlət orqanlarına müraciət edək, təhlükəli dələduz qəssab Hilalı başa salsınlar ki, biz ona vaxtilə mal-qaramızı keyfimizdən deyil, imkansızlıqdan satmışıq, dələduzluğundan əl çəkib pulumuzu qaytarsın.
İndi çıxılmaz vəziyyətdə qalmışıq. Nə pulumu ala bilirəm, nə də borcumuzu ödəyə bilirik. Sizdən çox xahiş edirəm ki, bu məsələnin yerində araşdırımasına və  pulumuzun dərhal bu təhlükəli qəssabdan alınaraq, bizə qaytarılması üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz”.
Muxalifet.az
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.