HƏBSXANA DİVARLARI – Eldəniz Quliyev yazır

Baxış sayı:
2911

Zindanlarda cinayət törətmişlərlə yanaşı, min bir əziyyətə qatlaşan günahsız insanların da olduğunu kim inkar edər?..
Dindar qardaşlarımızı, şərlənən, böhtana tuş gəlib həbs olunanları, eləcə də vicdan, siyasi və qeyri-siyasi məhbusları düşünərkən ürəyimdən bir neçə kəlmə HƏBSXANA DİVARLARI haqda yazmaq keçdi...
Bəli, məhz həbsxana divarlarından! O divarlardan ki, neçə-neçə ağlasığmaz və dəhşətli hadisələrin “iştirakçısı” olub. Cansız iştirakçısı. O divarlardan ki, kövrək ümidlərlə yoğrulan, ağrı və əzablarla dolub-daşan insan duyğularının bütün çalarlarına şahidlik edib...
Adamı heyrətə salan qəribə, qəribə olduğu qədər də müthiş olaylar, əhvalatlar "görüb".
Yox, divarların gözü olmur... Onun heç hissi-həyacanı da olmur... Divarlar, sadəcə, görüb-eşitdiklərini öz daş canlarına çəkib hopdura bilirlər, vəssalam.
Amma görən, onlar zərrə qədər də günahı, cinayəti olmayan boynubükük, çarəsiz insanların ah-naləsini, harayını eşidiblərmi?.. Görən, o daşlar şərlənib tutulan məsum insanların qanlı göz yaşlarıyla yazdığı məktubların fəryadına əks-səda veriblərmi?! Görən, onlar heç bir günah işlətməmiş məhbusların sərgilədiyi əzm, qürur, cəsarət və qəhrəmanlıq nümunəsindən “heyrətə" gəliblərmi? Və görən, o cansız-ruhsuz daşlar insan satqınlığından; xainlikdən, qorxudan, hirsdən-hikkədən, dərddən-sevincdən diksinib də "həyacanlanıblarmı" heç?.. Bu daş-divarlar nə qədər daşürəkli adamlar, nə qədər çiliklənmiş ümidlər, xıncım-xıncım olmuş arzu-istəklər, nə qədər biganəlik, riyakarlıq, laqeydliklər görüblər, Allah!..
Daşın-divarın canı, ruhu, gözü, dili olmasa da... qulağı var!.. Əlbəttə var! Və bəlkə də, bu qulaqlar əli hər yerdən üzülmüş İNSAN iniltiləri, əzab içərisində qovrulan İNSAN bağırtıları eşitməkdən kar olublar... və bəlkə elə, kar olduqları üçün danışa da bilmirlər,- laldırlar!..
O divarların əks-sədası olmur. O divarlar adi divarlar deyil. Və o  divarlar, əslində, mənəviyyat işığımızın öləziməməsi, ruhumuzun halalca dincliyi, əxlaqımızın aşınmaya məruz qalmaması, nəhayət, bizlərin ləyaqətli, imanlı, şərəfli yaşaya bilməsi üçün öz canlarından keçməyə hazır olan neçə-neçə qardaş-bacımızın, balamızın yorğun kürəyini söykədiyi  divarlardır…
Bu dünyada heç nə boşuna deyil, heç nə!.. Hətta ağızdan çıxan və qeyri-maddi sayılan SÖZ də hardasa donur, sıxılıb-bərkiyir - maddiləşir... Deyirəm bəlkə, yer üzünün həbsxana divarları elə o maddiləşmiş “Ah”-larla acı göz yaşlarının qarışığından hörülür, Allah?.. Belədirsə, onda nə vaxtsa həmin o daşlar, həmin o divarları hördürənlərin başına yağacaq!.. Günahı-suçu-cinayyəti olmayan insanları zindanlarda - dörd divar arasında çürüdənlər bilməlidirlər: onlar cəzadan yayına bilməyəcəklər. Bir gün o daşlar onların başına düşəcək. Mütləq düşəcək!.. Çünki bunu İLAHI ƏDALƏT tələb edir.
Hər şeyi inkar eləmək olar… İLAHİ  ƏDALƏTDƏN savayı!
Həqiqətən, "Həyata yaxından baxanda faciə, uzaqdan baxanda komediyadır".
Çarli Çaplinin sözü də sənəti qədər dahiyanədir!
Eldəniz QULİYEV
P.S. Dərd içində qovrulmaqdan, göz yaşında boğulmaqdan, soğan kimi soyulmaqdan ölmədinmi, fağır millət?!