Gürcüstan prezidenti Abxaziya və Cənubi Osetiyanı qaytarmaq istəyir

Baxış sayı:
9823

Gürcüstan Abxaziya və Cənubi Osetiya itkisi ilə barışmaq fikrində deyil. Qonşu ölkə prezidenti Salome Zurabişvili belə açıqlama ilə çıxış edib.
 
Muxalifet.az bizimyol.info-ya istinadən xəbər verir ki, Gürcüstanın dövlət başçısı prezidentliyi dövründə ölkənin ərazi bütövlüyünün tam təmin olunmasına böyük ümid bəsləyir.
 
“Gürcüstanın heç bir hakimiyyəti – nə bugünkü, nə gələcəkdəki – ərazi bütövlüyünün pozulması ilə barışmayacaq. Heç beynəlxalq ictimaiyyət də bu faktı qəbul etmir”, – prezident belə deyib.
 
Zurabişvili Abxaziya və Cənubi Osetiyanın sülh yolu ilə geri qaytarılacağına ümid edir. Prezident bunun ən böyük arzusu olduğunu bildirib.
 
Gürcüstan bu əraziləri 2008-ci ilin avqustunda itirmişdi. Rusiya Gürcüstanı aqressiyada ittiham edərək respublikaların müstəqilliyinin müdafiəsinə qalxmışdı. Kreml avqustun 26-da həm Abxaziyanın, həm də Cənubi Osetiyanın suverenliyini tanıdığını elan etmişdi.