GÖRƏNLƏR ŞİKAYƏT ETSİN! - Ağackəsməyə görə cəzalar sərtləşdiriləcək - VİDEO

Baxış sayı:
4846

Hasara alınmış yaşıllıq ərazi görəndə dərhal şikayət edin!

Bu halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ağacların kəsilməsinin və ya qurudulmasının qarşısını zamanında ala bilər.

Bu gün keçirilən mətbuat konfransında bildirilib ki, yaşıllıqların mühafizəsi üçün mütəmadi monitorinq aparılır, lazımi tədbirlər görülür. Nazirliyin mətbuat katibi İradə İbrahimova qeyd edib ki, yaşıllıqlara zərərverici münasibət göstərənlər ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməlidir: “Təəssüf ki, bəzi hallarda yaşıllıqlara münasibət istədiyimiz kimi deyil. İnsanların ətraf mühitə münasibətini dəyişmək üçün media nümayəndələrinin, ictimaiyyətin dəstəyinə böyük ehtiyacımız var”.

Ağacların qanunsuz kəsilməsi, qurudulması hallarına daha çox paytaxt Bakıda rast gəlinir. Qanun pozuntularına yol verənlər əsasən fiziki şəxslərdir: “Son 2-3 ay ərzində nazirliyə Bakının Nəsimi, Xətai, Suraxanı, Binəqədi, Sabunçu və Yasamal rayonlarında ağacların qanunsuz kəsilməsi və qurudulması faktı ilə bağlı daha çox şikayət daxil olub”.

Bölgələrdən isə daha çox Kürdəmir, İmişli, Qazax, Qəbələ, İsmayıllı və Qubadan şikayətlər olub.

Nazirliyin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva isə cərimələrin artırılmasına ehtiyac olduğunu bildirib: “Fiziki şəxslər hər bir ağaca görə 2220-3000, vəzifəli şəxslər 5000-7000, hüquqi şəxslər isə 25000-45000 AZN cərimə tətbiq olunur. Əgər ziyanın məbləği 1000 AZN təşkil edirsə, sənədlər hazırlanır və prokurorluğa təqdim olunur”.

Umayra Tağıyeva bildirib ki, ETSN mövcud qanunvericilikdə dəyişikliklərin edilməsi və daha sərt sanksiyaların tətbiq olunması ilə bağlı təkliflər hazırlayır./APA TV/