General təhlükəli planla Türkiyə sərhədində – “Qarşısını ala bilməsək...”

Baxış sayı:
4713

PKK terror təşkilatının uzantısı PYD/YPG-nin Suriyanın bəzi bölgələrində iyunun 11-nə planlaşdırdığı qondarma seçkilərlə bağlı müzakirələr davam edir. ABŞ-nin dəstəklədiyi terror təşkilatı Fərat çayının şərqində “legitimlik” qazanmaq üçün səylərini sürətləndirərkən, Türkiyə bu addıma sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, türkiyəli jurnalist Abdulkadir Selvi baş verənlərlə bağlı önəmli məqamlara diqqət çəkib.
Türkiyənin Yaxın Şərqdəki problemlərin tam ortasında olduğunu deyən Selvi qarşısı alınmasa, PKK-nın gələn həftə Suriyada 133 yerdə qondarma seçkilər keçirəcəyini bildirib.
Jurnalist “seçki” ərazisinin Mənbiçdən başlayaraq Türkiyə sərhədinə qədər uzanan geniş bölgəni əhatə etdiyini söyləyərək, bu təxribatçı təşəbbüsün memarının ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi general Bred Makqurk olduğunu vurğulayıb. Selvi qeyd edib ki, Makqurk ABŞ-nin İraqdan çəkilmə qərarına etiraz etdiyi üçün keçmiş prezident Donald Tramp tərəfindən vəzifəsindən uzaqlaşdırılsa da, Co Bayden gələndə təyin olunan ilk şəxs o olub.
Onun sözlərinə görə, Suriyada “PKK dövləti”nin qurulması amerikalı general üçün vazkeçilməz hədəfdir:
 “Gördüyü ilk iş Mazlum Kobani ilə Bafel Tələbani arasında ittifaq qurmaq oldu. İndi də “PKK dövləti”nə doğru ilk addımını atır. O, həm də 11 iyun qondarma seçkinin memarıdır”.
ABŞ-nin bütün dəstəyinə baxmayaraq, Türkiyənin qondarma seçkiyə imkan verməməkdə qərarlı olduğunu bildirən Selvi Prezident Rəcəb Tayyib Ərdoğanın bu sözlərini xatırladıb:
 “Qəndildəki terror baronlarının siyasət qurmasına, Suriya və İraqda terror dəhlizinə icazə verməyəcəyik”.
Selvi Ərdoğanın qondarma seçki baş tutacağı təqdirdə Türkiyənin atacağı addımların mesajını verdiyini xatırladıb: “11 iyunun qarşısı alınmasa, iyunun 12-də ikinci addım atılacaq”.