Ermənistanda polis deputatlara güc tətbiq etdi, xəsarət alanlar var

Baxış sayı:
2705

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müxalif "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanı istintaqa cəlb etməsi ölkədə ciddi narazılığa səbəb olub.

Muxalifet.az xəbər verir ki, hakimiyyətin bu addımına etiraz edən kütlə MTX-nin binası qarşısında aksiya keçirib. Aksiyada Ermənistan parlamentinin deputatları da iştirak ediblər.

Polis aksiya iştirakçılarına və deputatlara güc tətbiq edib. Hadisə nəticəsində deputatlardan Karine Poqosyan və Arman Abovyan xəsarət alıb. Digər deputat Caanibek Ayrapetyan isə naməlum istiqamətdə aparılıb.

Bildirilir ki, Qaqik Tsarukyana qarşı 3 maddə üzrə cinayət işinin açılması, əslində, siyasi motivlərlə bağlıdır. Belə ki, Q.Tsarukyan baş nazir Nikol Paşinyanın istefasını tələb edib və tərəfdaşlarını da bu çağırışa qoşulmağa çağırıb.

Müxalifət etiraz aksiyasını davam etdirəcəyini bildirir./Qafqazinfo