“Ramiz Mehdiyev barəsində cinayət təqibinə xitam verilə bilər” - MÜSAHİBƏ

Baxış sayı:
184

Taryel Əliyev: “Ramiz Mehdiyevin anlaqsız olduğu məlum olarsa belə, bu, iş üzrə keçən digər şəxslərin də anlaqsız olduğu qənaətinə gəlməyə əsas vermir”

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev oktyabrın 14-də Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunaraq, barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçildi. Dünən isə məlum oldu ki, müstəntiq onu növbəti dəfə sorğu-suala tutub. Üstəlik, bu dəfə dindirilmə prosesi Ramiz Mehdiyevin səhhəti ilə əlaqədar olaraq onun öz evində baş tutub. İddialara görə, ona AXCP sədri Əli Kərimli və Baş nazirin sabiq birinci müavini Abbas Abbasovla əlaqələri haqda suallar verilib. Maraqlıdır, baş verən proseslər fonunda “Ramiz Mehdiyev işi” hara gedir və bu çərçivədə daha kimlər həbs oluna bilər? Bu və digər suallara bir neçə dövlət çevrilişinə cəhd cinayətlərinin istintaqını aparan, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, MTN Akademiyasının keçmiş fakültə rəisi Taryel Əliyevlə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Taryel müəllim, istintaq təcrübəsi olan bir şəxs olaraq, hazırda cəmiyyətimizdə çoxlarını düşündürən bir suala sizin cavabınızı bilmək istəyərdik: “Ramiz Mehdiyev işi” hara gedir?

- Bildiyiniz kimi, Ramiz Mehdiyev barəsindən cinayət işinin başlanılması və ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqda məlumatlar oktyabr ayının 14-də mətbuata sızmışdır. Ona elan olunmuş ittihamlar da Cinayət Məcəlləsinin 274 və 278.1-ci - dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmə, o cümlədən, səhv etmirəmsə, 193-1 - cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma maddələridir. Açığını deyim ki, bu barədə məlumat KİV-də yayıldıqdan sonra şəxsən məndə belə bir gözlənti vardı ki, Ramiz Mehdiyevin əlaqəsində olan, uzun illərdir Rusiyanın adamları kimi tanınan, ən azı Rusiyaya işlədikləri heç kimdə şübhə doğurmayan və cəmiyyətin də kifayət qədər tanıdığı müəyyən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması yaxın günlərin xəbərləri olacaq. Lakin istintaq başladılan tarixdən iki ay yarıma qədər vaxt keçməsinə baxmayaraq, bir neçə nəfəri çıxmaq şərtilə, heç bir səs-küylü həbslərin şahidi olmadıq. O həbs olunanların da bir neçəsi 2012-13-cü illərdə yaradılmış “Milyarderlər İttifaqı” və Milli Şura ilə əlaqəsi olan şəxslərdir. Mən demirəm ki, bu şəxslərin fəaliyyətləri qanuna uyğun olmuşdur. Lakin o vaxtın cinayətlərinin indi araşdırılması özlüyündə xeyli suallar doğurur. Görünür, həmin dövrdə dövlətin təhlükəsizliyi ilə məşğul olmalı olan şəxslərin başları korrupsiya və rüşvətxorluğa o qədər qarışmışdı ki, Azərbaycan əleyhinə yaradıldığı şübhə doğurmayan bir layihənin ölkəmizə vurduğu zərəri görməzdən gəlmişlər. Hətta axtarışa verildiyi qeyd edilən baş nazirin sabiq birinci müavini Abbas Abbasov da məhz o proseslərə aidiyyəti olan adam kimi məsuliyyətə cəlb edilmişdır. Hesab edirəm ki, gec də olsa 2012-13-cü illərin hadisələri tam, hərtərəfli və obyektiv araşdırılmalı və lazımi hüquqi qiymət verilməlidir.

O ki qaldı sırf Ramiz Mehdiyevin özü və hazırda baş verən hadisə və proseslərə, qeyd etdiyim kimi, 2 ay yarım vaxt keçməsinə baxmayaraq, biz hələ də cinayətin törədilməsində əlaqədarlığı olan şəxslərdən kiminsə adını eşitməmişik. Bu, özlüyündə bir neçə səbəblə bağlı ola bilər:

Birincisi, mümkündür ki, Ramiz Mehdiyev qeyd edilən cinayətləri törədərkən təkbaşına hərəkət etmiş olsun. Cinayətin törədilməsində iştirakını arzu etdiyi şəxsləri ətrafına tam yığa bilməsin və cinayətin qarşısı bu mərhələdə alınmış olsun. Düzdür, bu ehtimal azdır, amma mümkündür.

Digər bir səbəb o ola bilər ki, cinayət işi başlanana qədər Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat tədbirləri tam şəkildə aparılmamışdır və əməliyyat tədbirləri cinayət işi başlanıldıqdan sonra istintaqla paralel şəkildə aparılmaqdadır. Yəni özlüyündə bu, cinayət işinin tələsik başlanılmasına dəlalət edir.

- Bəs, bu tələskənlik hardan qaynaqlanır?

- Mən deyə bilmərəm ki, bu tələsiklik hardan və nədən qaynaqlanmışdır. Görünür, bizim bilmədiyimiz başqa nüanslar vardır. Mümkündür ki, istintaq orqanı məhz bu strategiyanı seçmişdir.

Vaxtilə mənim istintaqını apardığım və aparılmasında iştirak etdiyim bu kateqoriya cinayət işləri üzrə əməliyyat tədbirləri o həddə aparılırdı ki, cinayətin təşkilatçıları, təhrikçiləri və əsas iştirakçıları eyni vaxtda, hətta eyni gündə cinayət məsuliyyətinə cəlb edilirdilər. Bu, gələcəkdə onların istintaqdan qaçıb gizlənilməsinin, iş üzrə istintaq aparılmasına hər hansı bir vasitə ilə mane olmasının qaşrısını almaq üçün edilirdi.

Sizin verdiyiniz “cinayət işi hara gedir” sualının konkret cavabına gəldikdə isə, bir daha qeyd edirəm ki, bu, işin hallarından, toplanılmış sübutlardan asılı olacaqdır. Lakin məndə belə bir hissiyat var ki, böyük ehtimalla Ramiz Mehdiyev barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.10-cu maddəsinə əsasən xitam veriləcəkdir. Həmin maddədə qeyd olunur ki, şəxs cinayət qanunu ilə nəzərədə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə, o, cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz.

- Siz nəyə əsasən əminsiniz ki, Ramiz Mehdiyev bu işi anlaqsız vəziyyətdə törətmişdir?

- Mən bundan öncəki müsahibəmdə də qeyd etmişdim ki, Ramiz Mehdiyevin ağlı olsaydı, belə bir işə baş qoşmazdı. Həm istintaqın gedişatı barədə yuxarıda qeyd etdiklərim, yəni cinayət işinin istintaqının çox aşağı templə getməsi, həm öz müşahidələrim, həm də hüquqi təcrübəm bunu deməyə əsas verir. Ramiz Mehdiyevin 87 yaşı var. Məlumdur ki, bu yaşda insanlarda, kimidə az, kimidə çox olmaqla, alsqeymer xəstəliyinin əlamətləri olur. Bu zaman bəzi şəxslər güclü yaddaş pozuntusu yaşayır və öz hərəkətlərini ölçüb-biçməkdə çətinlik çəkir, bəzi hallarda isə onları ümumiyyətlə ölçüb-biçə bilmirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə görə, cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Alsqeymer xəstəliyi ilə bağlı anlaqsızlığın əsas əlaməti əqli gerilikdir. Əvvəllər buna kəmağıllılıq deyirdilər.

Bütün dediklərim əsasında, hesab edirəm ki, Ramiz Mehdiyev istinad edilən əməlləri anlaqsız vəziyyətdə törətmiş ola bilər. Lakin bu, mənim fikrimdir. Sözsüz ki, istintaqı aparan orqan onun anlaqsız olub-olmamasını müəyyən etmək üçün məhkəmə-psixatrik ekspertizası təyin edəcək, yəqin ki, artıq edib də. Ekspertlərin gəldiyi nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir. Eyni zamanda, hətta Ramiz Mehdiyevin anlaqsız olduğu məlum olarsa belə, bu, iş üzrə keçən digər şəxslərin də anlaqsız olduğu qənaətinə gəlməyə əsas vermir. Bu şəxslər barədə istintaq ümumi qaydada davam etdiriləcək və hər biri barədə Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipi rəhbər tutulacaqdır.

- Bir halda ki, ortada dövlət çevrilişindən söhbət gedir, maraqlıdır, Ramiz Mehdiyevin təşəbbüsü ilə bu işə qoşulanlar onun anlaqsız vəziyyətdə olduğunu müəyyən etməyiblər?

- Anlaqsızlıq elə bir psixi vəziyyətdir ki, onu yalnız məhkəmə psixiatrik eksperti müəyyən edə bilər. Mənim yadımdadır, tələbə olarkən məhkəmə psixiatriyası fənnini öyrənirdik və bununla əlaqədar psixiatriya dispanserində dərslər keçirdik. Bir dəfə müəlliməmiz dispanserdə müalicə olunan bir nəfəri auditoriyaya dəvət etdi. Bu şəxs şizofreniyanın boşboğazlıq formasından əziyyət çəkirdi. Lakin biz onun oturuşuna, duruşuna, elədiyi söhbətlərə qulaq asaraq, həmin şəxsin tam sağlam olduğu qənaətinə gəldik. Hətta müəllimədən soruşan oldu ki, bu sağlam, ağlı başında olan adamı niyə burda saxlayırsınız? Lakin o, psixatriya elminin bəzi incəliklərini izah etdi və şəxsin davranışının incəliklərinə diqqət yetirməyi məsləhət gördü.

Yəni demək istəyirəm ki, xüsusi hazırlığı və bilikləri olmayan şəxs kiminsə anlaqsız olub-olmadığını deyə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 140.0.2-ci maddəsinə əsasən, şəxsin cinayət törətdiyi zaman anlaqsız olub-olmaması yalnız psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən olunur.

- Qeyd etdiniz ki, xüsusi hazırlığı və bilikləri olmayan şəxs kiminsə anlaqsız olub-olmadığını müəyyən edə bilməz. Bu fikri “Ramiz Mehdiyev işi”nin istintaqını aparan həmkarlarınıza da şamil edə bilərik?

- Mən şübhə etmirəm ki, hazırda DTX-nın istintaq strukturunda kifayət qədər bacarıqlı və təcrübəli, öz işini yaxşı bilən müstəntiqlər çalışırlar. İstənilən bir iş üzrə cinayət törətmiş şəxsin psixi vəziyyətində şübhələr bu cür müstəntiqlərə ilk baxışdan məlum olur. Lakin müstəntiq, hətta əvvəllər psixiatriya üzrə ekspert işləmiş olsa belə, heç bir halda şəxsin anlaqsız olub-olmadığı barədə qərara gələ bilməz. Belə bir şübhə yarandığı halda, müvafiq ekspertiza təyin olunur və yalnız ekpsertlərin gəldiyi rəyə əsasən şəxsin anlaqsız olmağı barədə qərar qəbul olunur.

- Bəs, ekspertin rəyi olmadan kimlərisə, o cümlədən anlaqsız olduğu güman edilən Ramiz Mehdiyevi dövlət çevrilişində ittiham etmək nə dərəcədə normaldır?

- Cinayət işinin istintaqını aparan müstəntiq prosesin istənilən mərhələsində şəxsin anlaqsız olub-olmaması barədə məhkəmə psixiatrik ekspertizası təyin edə bilər. Bununla bağlı qanunvericilikdə hər hansı bir məhdudiyyət yoxdur. Şəxsin anlaqsız olub-olmaması barədə ekspertiza təyin edilməsi barədə qərarı müstəntiqin özü şəxsən və ya müdafiə tərəfin vəsatəti əsasında qəbul edir. Ekspert rəyi əldə olunana qədər barəsində ekspertiza təyin olunmuş şəxsin iştirakı tələb olunmadan aparıla bilən bütün digər istintaq hərəkətləri aparılır.

- Mövzunu bir qədər dəyişək. Son vaxtlar müxtəlif media subyektlərində müxalif düşərgənin nümayəndələri bir-birini “KQB agenti” olmaqda ittiham edir. O cümlədən, Xalq Hərəkatının önündə gedən şəxslərin barəsində də bu cür ittihamlar səslənir. Bu haqda nə deyə bilərsiniz?

- Bir-birini “KQB agenti” adı ilə suçlamaq cəmiyyətdə uzun müddətdir ki, bir trend olaraq davam edir. Əgər sizi maraqlandırısa ki, kimlər “KQB agenti” olub, yaxud olmayıb, qeyd etmək istıyirəm ki, Xalq Hərəkatı iştirakçılarından, o cümlədən hərəkatda seçkili vəzifələrdə iştirak edən rəhbər şəxslərdən hansınınsa “KQB agenti” olması barədə, bir nəfər istisna olmaqla, mən hər hansı bir rəsmi məlumata malik deyiləm və hətta malik olsam belə, onu heç vaxt açıqlamaram. İstisna etdiyimiz şəxs hazırda xaricdə yaşayan və Azərbaycan dövlətini çirkaba bulamağa cəhd göstərən Qurban Məmmədovdur. Mən 1998-ci ildə Qurban Məmmədov barəsində cinayət işinin istintaqını aparmışam. İş üzrə əməliyyat və istintaq strukturlarının yekdil mövqeyi belə idi ki, Qurban Məmmədov sovet ordusu sıralarında hərbi xidmət keçərkən “Pavlov” psevdonimi ilə xüsusi idarə tərəfindən məxfi əməkdaşlığa cəlb edilmişdir. Bu barədə mərhum Milli Təhlükəsizlik naziri Namiq Abbasov da Azərbaycan Respublikası Milli Məclisində çıxışı zamanı açıq mətnlə bildirmişdir. Düzdür, sonra Qurban Məmmədov şərəf və ləyaqətinin pozulması ilə bağlı onu məhkəməyə vermişdi. Lakin məhkəmə baxışının nəticəsi Qurban Məmmədovun xeyrinə olmamışdı.

O ki qaldı digər şəxslərin “KQB agenti” olub-olmamasına, mənə elə gəlir ki, Xalq Hərəkatının vüsət almağa başladığı vaxtdan keçən uzun müddət ərzində Azərbaycan xalqı kimin kim olduğunu kifayət qədər yaxşı öyrənmişdir. “Agent ovu”na çıxan şəxslərə onu deyə bilərəm ki, hadisələrin, şəxslərin, onların çıxışlarının və davranışlarının təhlili yolu ilə bu məsələyə tamamilə aydınlıq gətirmək mümkündür. Misal üçün KQB agentlərinin:

- Azərbaycan Xalqa Hərəkatının gözdən salınmasına yönələn davranış sərgiləyən şəxslərin;

- Yüksələn Xalq Hərəkatının ilk əsas təşkilatlanma forması olan Azərbaycan Xalq Cəbhəsi daxilində separatçılığa və parçalanmaya meylli olan və nəhayətində buna nail olan şəxslərin;

- 20 yanvar hadisələrindən sonra proseslərin içindən “qəhrəman” kimi çıxan şəxslərin;

- 1993-cü ildə Surət Hüseynov qiyamını dəstəkləyən şəxslərin;

- KQB arxivlərinin açılmasını ucadan tələb edən şəxslərin arasında axtarılması məsləhətdir.

Bununla bağlı 1988-ci ildə tələbə olarkən başladığım və bu gün də davam edən müşahidələrim və öz təhlillərim əsasında bir neçə konkrer ad da mən çəkə bilərəm. Lazım olsa bu barədə geniş söhbət edə bilərik.

- Qurban Məmmədov haqqında qeyd etdiniz. Sizcə, onun hədəfə alınması həmin dövrdəki fəallığı ilə bağlı deyildi?

- Mən bu fikrə qətiyyətlə yox deyirəm. Bu sualın cavabı cinayət işinin materiallarında var. Kimsə Qurban Məmmədovu hədəfə almamışdı. Əksinə, həmin dövrdə Qurban Məmmədovun özü dövlət orqanlarını hədəfə almaq istəyirdi. Amma öz qazdığı quyuya özü düşdü.

Hazırladı: Jalə FAMİLQIZI