Budanov Ukrayna Prezident Ofisinə rəhbərlik etməyə razılaşıb - YENİLƏNİB

Baxış sayı:
181

Kirill Budanov Ukrayna Prezidenti Volodimir Zelenskinin Prezident Ofisini idarə etmək təklifini qəbul etdiyini bildirib.

Ukrayna KİV-ləri xəbər verir ki, o, vəzifəni ölkəsi qarşısında məsuliyyətin daha bir mərhələsi kimi qəbul etdiyini əlavə edib.

"Ukrayna üçün tarixi bir anda dövlətimizin strateji təhlükəsizliyinin həlledici məsələlərinə diqqət yetirmək mənim üçün şərəf və məsuliyyətdir", - deyə Budanov vurğulayıb.

15:59

Ukrayna Prezidenti Volodimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova Prezident Ofisinə başçılıq etməyi təklif edib.

"Report" xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.

"Hazırda Ukrayna təhlükəsizlik, diplomatiya və danışıqlar məsələlərinə daha çox diqqət yetirməlidir. Prezident Ofisi, ilk növbədə, dövlətimizin bu vəzifələrinin yerinə yetirilməsinə xidmət edəcək", - deyə Ukrayna lideri qeyd edib.

Zelenski bildirib ki, Budanovun bu istiqamətlərdə xüsusi təcrübəsi və nəticələrə nail olmaq üçün kifayət qədər gücü var.

Prezident həmçinin Budanova Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla birgə Ukraynanın strateji müdafiə və inkişafının əsaslarının yenilənmiş planını dövlət başçısının təsdiqinə təqdim etməyi tapşırıb.

Qeyd edək ki, Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak 2025-ci ilin noyabr ayının sonunda korrupsiya qalmaqalı fonunda istefa verib.