PARTİYA SƏDRİ GÖMRÜK KOMİTƏSİNİ HƏDƏF ALDI - "Rüşvət, korrupsiya vicdan məsələsi deyil..."

Baxış sayı:
152

Dövlət Gömrük Komitəsində son günlər aşkarlanan korrupsiya faktları və həbslər bu qurumun indiki strukturda nə dərəcədə effektiv olması mövzusunu yenidən gündəmə gətirib

Muxalifet.az bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərlinin paylaşımını təqdim edir: “Gömrük Komitəsinə ümvanladığım tənqidlərə, bu qurumun ayrıca, müstəqil xidmət kimi fəaliyyətinə ehtiyac olmadığına, Gömrük Komitəsinin ya Maliyyə, ya da İqtisadiyyat Nazirliyinin nəzdində kiçik bir departament kimi, özü də, vətəndaşla birbaşa təmas qurmadan fəaliyyət göstəməsi təkliflərinə DGK-dan cavab veriblər. Əvvala, cavabla heç razı olmasam da, faktın özünə görə, diskussiyaya daxil olmaq cəhdlərinə görə təşəkkür edirəm. 

Əsas tezisləri odur ki, rüşvət, korrupsiya vicdan məsələsidir, hər yerdə var, bu problemə qarşı mübarizə aparılır. 

Hörmətli DGK, rüşvət, korrupsiya vicdan məsələsi deyil, sistem və idarəetmə məsələsidir, vicdan mənəvi kateqoriyadır, bunun rüşvət və korrupsiya ilə heç bir əlaqəsi yoxdur və ölkəmizdə bunu sübut edən örnəklər var. 

Məsələn, cəmi 20 il öncə ölkədə xarici pasport almaq zülm idi, vətəndaş gecədən növbəyə dururdu, növbənin özü belə satılırdı, əgər pasportu tez almaq istəyirdinsə, 200-300 manat rüşvət vermək lazım idi, açıq şəkildə alver gedirdi və bu vicdansızlıq deyil də, “oyun qaydası” idi. 

ASAN xidmət yaradıldı, indi pasportu növbəsiz, zamana uyğun əsnək tariflə, rəsmi ödənişlə növbəsiz alırsan, gülərüz işçilər tərəfindən xidmət görürsən. 

Hörmətli DGK, tək elə bu misalda, sizcə vicdan yuva saldı insanlarda, ya “oyun qaydası”, sistem dəyişdi?! 

Gömrük Komitəsinin ayrıca qurum kimi işləməsi, özlərinin istintaq və cəza qurumlarının mövcud olması effektiv deyil, sistem və yanaşma dəyişməlidir. Paralel olaraq da, sıfırdan yeni Gömrük Məcəlləsi yazılıb, qəbul edilməlidir”.