Mübariz Mənsimov "çirkli pullar"ın yuyulmasında İTTİHAM OLUNUR - YENİLƏNİB

Baxış sayı:
567

Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu tərəfindən barəsində istintaq başladılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Stopnarkotik.az xəbər verir ki, o, bu barədə özünü Feysbuk hesabında paylaşım edib.

“Mediada “Ekol TV” adlı televiziya kanalı və mənim adımla bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Mənim yuxarıda adıçəkilən televiziya kanalı ilə heç bir əlaqəm yoxdur. Əvvəllər də oxşar böhtan xarakterli iddialar və xəbərlər səsləndirilib. Reputasiyama xələl gətirmək məqsədi daşıyan bu ittihamları qətiyyətlə pisləyirəm”, - iş adamı bildirib.

Qeyd edək ki, istintaqın bir müddət əvvəl fəaliyyətini dayandıran “Ekol TV”nin pul dövriyyəsi, maliyyələşmə mənbələri və səhm paylarının ötürülməsi ilə bağlı məsələlərlə dair olduğu bildirilir.

*** 09:34

Türkiyədə Küçükçekmece Baş Prokurorluğu tərəfindən "Ekol TV"nin maliyyə mənbələrinə dair başladılan istintaq çərçivəsində kanalın qanunsuz mərc və çirkli pulların yuyulması fəaliyyəti ilə əlaqəli olduğu iddiaları araşdırılır.

Türkiyə mediası xəbər verir ki, gizli saxlanılan şahidin ifadələri və daxil olan məlumatlar əsasında aparılan yoxlamalar zamanı "Ekol TV"nin bağlanma qərarından sonra şirkətin ofisinin Kağıthane rayonuna köçürüldüyü müəyyən edilib.

Ünvan dəyişikliyinə görə iş üzrə icraat dayandırılıb və dosye İstanbul Baş Prokurorluğuna göndərilib.

İstintaq materiallarında bir gizli şahid və 12 şübhəlinin yer aldığı bildirilir. Şübhəlilər arasında Veysel Şahin (əsas şübhəli), Mübariz Mənsimov ("Palmali"nin sahibi - red.), "Ekol TV"nin İdarə Heyətinin sədri Emrah Doğru, İdarə Heyətinin üzvü Arif Çətin və vəkil Ersan Şen də var.

Məlumata görə, istintaq "cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması" və "maliyyə pozuntuları" maddələri üzrə davam etdirilir. Maliyyə Cinayətlərini Araşdırma Şurasından (MASAK) tələb olunan hesabatın kanalın kapital axını və strukturunu üzə çıxaracağı gözlənilir./oxu.az