NURULLAYEVLƏR DƏ RUSİYA İLƏ BAĞLI İMİŞ - Deputatın qardaşlarının Rusiya macəraları AÇILDI

Baxış sayı:
388

Beysbol ağacı ilə ölümcül döyülüb, arvadının əmisini həbs etdirib...

Nurullayevləri Jrinovskinin partiyası ilə nə bağlayır?

Araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində bu günlərdə Dubayda oğluna düzənlədiyi dəbdəbəli toy mərasimi ilə gündəmə gələn deputat Razi Nurullayevin qardaşı Hasil Nurullayevlə bağlı maraqlı paylaşım edib.

Jurnalistin qeydlərinə görə, 2010-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Usadba” restoranının parkinqində ağır cinayət hadisəsi baş verib. Rusiya vətəndaşı olan bir şəxs azərbaycanlı digər üç nəfər tərəfindən beysbol dəyənəkləri ilə vəhşicəsinə döyülüb.

Məlumata görə, təsadüf nəticəsində hadisə yerində olan milis əməkdaşlarının müdaxiləsi nəticəsində zərərçəkən ölümdən xilas edilib. Döyülən şəxsin Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı, bu günlərdə Dubayda oğluna dəbdəbəli toy edən Hasil Nurullayev olduğu bildirilir.

İstintaq materiallarında qeyd olunur ki, hadisə ilə bağlı “qrup halında, əvvəlcədən əlbir olaraq qətlə cəhd” maddəsi ilə cinayət işi açılıb. İstintaqın ilkin versiyasına əsasən, Hasil Nurullayevin qətlini sifariş edən şəxs kimi Əliyev İlhamın adı çəkilib. Bildirilir ki, Hasil Nurullayevin ona böyük məbləğdə borcu olub.

Qeydlərdə vurğulanır ki, sözügedən İlham Oruc oğlu Əliyev Hasil Nurullayevin həyat yoldaşının əmisi olub. Hadisədən sonra Hasil Nurullayevin xaricə qaçdığı, müxtəlif dövlət qurumlarına müraciət edərək “Əliyevdən qorunmasını” xahiş etdiyi iddia olunur.

Mənbənin yazdığına görə, sonradan tərəflər arasında barışıq əldə edilib və cinayət işi uzun illər bağlı qalıb. Lakin son illərdə qətlə cəhddə şübhəli bilinən icraçılardan birinin saxlanılması ilə iş yenidən gündəmə gəlib. Saxlanılan şəxs ifadəsində sifarişçi kimi Əliyev İlhamın adını çəkib.

Bundan sonra Hasil Nurullayev şahid və zərərçəkən qismində istintaqa cəlb olunub. Uzun illər davam edən istintaq və məhkəmə prosesi bu ilin avqust ayında yekunlaşıb. Məhkəmənin hökmü ilə Hasil Nurullayevin həyat yoldaşının əmisi İlham Əliyev “adam öldürməyə cəhd” maddəsi ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cavanşir Həsənlinin qeydlərində həmçinin bildirilir ki, Razi Nurullayevin qardaşları Hüseyn və Hasil Nurullayevlər, eləcə də Dubayda toy edən qardaşı oğlu Şahin Nurullayev artıq 20 ilə yaxındır Sankt-Peterburqda əmlak və tikinti biznesi ilə məşğuldurlar. Onların “Perspektiva”, “Alternativa”, “Elizaveta”, “Orion”, “Munir”, “Olimp-Finans”, “Asset”, “Yabloko”, “Avrora”, “Merkuri”, “Şans”, “RİK” və digər çoxsaylı şirkətlərə sahib olduqları qeyd olunur.

Qeydlərdə yer alan digər məlumata görə, Vladimir Jirinovskinin lideri olduğu Rusiya Liberal Demokrat Partiyasının Leninqrad vilayəti üzrə regional şöbəsi 2018-ci ilin yayında Razi Nurullayevin qardaşı Hüseyn Qulaməli oğlu Nurullayevin yerli bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.

Rasim Əliyev