İranda polisə hücum nəticəsində daha 2 nəfər öldü - 30 NƏFƏR YARALANIB

Baxış sayı:
643

İranın cənub-qərbindəki Lurdigan və Bəxtiyariyə şəhərlərində etirazçıların təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açması nəticəsində iki nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Bu barədə "Fars News Agency" məlumat yayıb.

Qeyd edilir ki, bir neçə etirazçı odlu silahlardan istifadə edib və etirazın ən qızğın vaxtında onlar polisə atəş açmağa başlayıblar. Məlumata görə, etirazçılar bir neçə inzibati binaya da ziyan vurublar.

İran hakimiyyəti əvvəllər əhalinin etiraz hüququnu tanıdıqlarını bildirsə də, etirazları iğtişaşlardan ayırmağın vacibliyini vurğulayıb.

Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonlarında yerli valyuta olan rialın devalvasiyası səbəbindən başlayıb. Bundan sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib. Onun yerinə Əbdülnasir Hemmati təyin edilib.

İranın bir neçə şəhərində etirazlar polislə toqquşmalara çevrilib və mövcud siyasi sistemə qarşı şüarlar səsləndirilib. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər qeydə alınıb./report